İsveçrənin paytaxtı Berndə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müzakirələr aparılıb. ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Jak For (Fransa) İsveçrənin xarici işlər naziri Didye Burkhalter ilə görüşüblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi müzakirə olunub. C.Uorlik İsveçrə modelinin Cənubi Qafqazdakı münaqişənin həllinə kömək edə biləcəyini qeyd edib.
Həmsədrin sözlərinə görə, İsveçrə konfliktli situasiyalar, o cümlədən türk-yunan, türk-erməni münasibətlərinin qaydaya salınmasında mühüm təşəbbüslərin müəllifi kimi tanınır. İsveçrə təcrübəsinin izahını verən politoloq Qabil Hüseynli hesab edir ki, bu təcrübəni Dağlıq Qarabağda tətbiq etmək mümkündür: "İsveçrə modeli bir ölkədə yaşayan müxtəlif millətlərin öz müqəddəratının təyin edilməsinin spesifik bir formasıdır. Bu formada mərkəzi dövlət aparatı qalır, amma ayrı-ayrı xalqların yaşadığı ərazilər vilayətlərə bölünür. Vilayətlərin özünün parlamenti, nazirlər kabineti və digər strukturları olur. Ancaq ölkənin milli bankı, vahid pul əskinazı, xarici və müdafiə məsələləri mərkəzi hakimiyyətin sərəncamında qalır. Yəni İsveçrə modeli çoxmillətli ölkələrdə fərqli xalqlara verilən yüksək idarəetmə statusudur. Muxtariyyətin ən yüksək ali forması deməkdir. Bu model uğurla sınaqdan çıxıb”. Politoloqun sözlərinə görə, həmin modeldən Dağlıq Qarabağda da yararlanmaq olar. Çünki bu zaman ölkənin ərazi bütövlüyü pozulmur: "Azərbaycan dəfələrlə qeyd edib ki, Dağlıq Qarabağa dünyada misli olmayan özünüidarə hüququ verməyə hazırdır. Yəni bizim təklifimiz İsveçrə modelinə xeyli yaxındır. Hətta ondan daha yaxşıdır. Amma məsələ burasındadır ki, burda tərəflərin razılığı mütləqdir. Əlbəttə, Azərbaycan tərəfi buna razılıq verəcək. Ancaq Ermənistanı razı salmaq o qədər də asan olmayacaq”.
İsmayıl