Ərəstun Oruclu: “İttihamlar budəfəki kimi pik həddə çatmayıb”
Müsavat Partiyasının Milli Şuranı tərk etməsindən sonra müxalifət daxilində ciddi qarşıdurma yaşanır. Düşərgədəki siyasi təlatümlər, tərəflərin bir-birini kəskin şəkildə ittiham etməsi partiyalararası ziddiyyətləri daha da artırır. Müxalifətin indiki vəziyyətini şərh edən siyasi analitiklər cərəyan edən prosesləri Milli Şuranın süqutu kimi dəyərləndirirlər. Politoloq Azər Rəşidoğlu qeyd edib ki, 1995-ci ildən bu yana analoji qurumların hamısının aqibəti eyni sonluqla bitib: "Nə qədər ki, müxalifətin modelləri və seçdiyi nümunələri dəyişilməyib, eyni problemlər hər dəfə yaşanacaq. Ortaya çıxan önəmli məsələ isə odur ki, artıq AXCP və Müsavat faktiki olaraq, eyni blokda yer ala bilməyəcəklər. Türkiyə nümunəsinə istinad etsək, Doğru Yol və Ana Vətən partiyalarını misal göstərmək olar. Uzun müddət bu partiyalar öz aralarında ciddi mübarizə aparırdılar. Son nəticədə onlar Türkiyənin siyasi səhnəsindən tamamilə silindi. Azərbaycanda da bu cür savaşlar artıq vüsət almağa başlayıb. Əgər proses bu cür davam edərsə, onlar da siyasi müstəvidən silinər. Hətta bunların yerini marjinal qüvvələr də tuta bilər”. A.Rəşidoğlunun fikrincə, mövcud siyasətlə nəyisə dəyişmək mümkün deyil: "Hər seçki öncəsi analoji müxalifət birlikləri yaradılıb və qısa müddətdən sonra dağılıb. Deməli, bu tip modellər effekt vermir. Ona görə də paradiqma (problemin qoyuluşu) dəyişikliyi qaçılmazdır”.
"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun sözlərinə görə, müxalifətdəki ittihamlar Müsavatın Milli Şuranı tərk etməsilə başlamayıb. Müsavat şuranı tərk etməsindən təxminən bir ay əvvəl də belə ittihamlar var idi: "Əlbəttə, müttəfiqlər bir-birilə bu cür davranmamalıdır. Əgər müttəfiqi xəyanətdə ittiham edirsənsə, onda niyə onunla müttəfiqlik edirsən? Əslində burda yeni bir şey yoxdur. İllər boyu belə yanaşmalar olub və indi də davam edir. Ancaq hesab edirəm, baş verənlərdən bütövlükdə müxalifət itirir. Çünki insanların inamı qırılır, etimadı azalır”. Ə.Oruclu yaranan ziddiyyətdə məsuliyyəti liderlərin üzərində görür: "Partiya fəalları əksər hallarda öz liderlərinin tapşırıqları əsasında bu cür ittihamlar səsləndirirlər. Onların bu tipli ittihamları kampaniya xarakteri daşıyır. Əvvəllər də qarşılıqlı ittihamlar olub, amma budəfəki kimi vəziyyət pik həddə çatmayıb”.
İsmayıl