İmkan daxilində yardım əli uzatmağa çalışacağıq

Səhhəti ağır olan jurnalistin məsələsi müzakirə olunacaq



Dünən Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun iştirakı ilə Avropa.info-nun əməkdaşı Sahib İslamovun müalicə aldığı Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında tibbi konsilium keçirilib. Jurnalistin təmsil olunduğu media quruluşunun direktoru Ruslan Bəşirlinin verdiyi məlumata görə, həkimlər qeyd ediblər ki, S.İslamovun beyin qabığında vegetativ vəziyyət yaranıb, onun beyin hüceyrələri ölüb.

Xatırladaq ki, S.İslamovu noyabrın 1-də maşın vurub. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb . Dərhal da qəza törədən avtomobil sürücüsü jurnalisti Musa Nağıyev adına xəstəxanaya çatdırıb. Həmkarımız ağır müştərək qapalı beyin travması, baş beyinin əzilməsi, sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, sol bud sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, çanaq sümüklərinin sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, Mətbuat Şurasının idarə heyətinin üzvü Umud Rəhimoğlu "Şərq”ə açıqlamasında həmkarlığımızla bağlı mümkün addımların atılacağını deyib: "Bir müddət idi ki, MŞ sədri Əflatun Amaşov Azərbaycanda deyildi. Hazırda isə ölkədədir. Məsələ ətrafında fikir mübadiləsi və müzakirələr aparılacaq. MŞ ümumiyyətlə belə proseslərdə çalışıb ki, zamanında dəstək versin. İmkan daxilində yardım əli uzatmağa çalışacağıq”.

Sahib İslamovun bu dəqiqələrdə Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasından Şamaxı rayon xəstəxanasına köçürülməsi prosesi başlayıb.

Bu haqda Avropa.info-nun direktoru Ruslan Bəşirli məlumat verib.

Onun dediyinə görə bu gün səhər saatlarında Səhiyyə Nazirliyində Sahib İslamovla bağlı kollegiya iclası keçirilib. "Kollegiya iclsından dərhal sonra Səhiyyə Nazirliyinin qərarı ilə Azərbaycanda olan tanınmış, ABŞ və Türkiyədə təhsil almış həkim nevrocərrah Fərid Qaralov Sahib İslamovu müayinə etdi. Lakin təəssüf ki, Fərid Qaralovun rəyi də dünən Səhiyyə Nazirliyinin həkimlərinin rəyindən fərqlənmədi. Sahib İslamovun beyin qabığında vegetativ vəziyyət yaranıb ki, onu da dünyanın heç bir yerində müalicə etmək mümkün deyil. Onun beyin qabığının bütün hüceyrələri demək olar ki məhv olub. Hər halda həkimlər belə deyirlər.

Qeyd edim ki, jurnalistlərin Sahiblə bağlı prezidentə müraciətindən sonra Səhiyyə Nazirliyi onun sağalması üçün əlindən gələni edir. Lakin təəssüf ki, vəziyyət bu cürdür. Həkim Fərid Qaralov mənimlə və Sahibin qardaşı Aqil İslamovla söhbətində açıq-aydın dedi ki, həkimik bəlli bir yerə qədərdir. Hər şey Allahın istəyinə bağlıdır.”

R Bəşirli bildirib ki, Sahib İslamovun bundan sonrakı bütün müalicəsini dovlət öz üzərinə götürüb.

"Sahib İslamov əslən Şamaxı rayonundan olduğuna görə yaxınlarının razılığı əsasında o Şamaxı rayon xəstəxanasına köçürülür. Artıq Şamaxı rayon xəstəxanasına Səhiyyə Nazirliyindən bu barədə ciddi tapşırıq verilib və Sahib İslamov orada ayrıca palatada saxlanılacaq. Bizim dostumuz dünyanın heç bir yerində müalicəsi olmayan xəstəliklə üz-üzədir. Biz ancaq Allaha tavəkkül etməli və dualarımızı Sahib üçün əsirgəməməliyik.”

Ayyət Əhməd