700 bal toplayan abituriyent yenə imtahana girmək istəyir?

Həmin abituriyent maksimum nəticə toplasa, bu qəbul imtahanlarının rekordu olacaq


Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yazda keçirilən qəbul imtahanında iştirak etmiş 65 min abituriyentin 53 mininin (80 faiz) yay imtahanına qatılmaq üçün yenidən qeydiyyatdan keçdiyini deyib.

Onun sözlərinə görə, ilk imtahanda aşağı nəticə göstərənlərin növbəti imtahanlarda iştirak etmək istəmədiyi müşahidə olunur. Yuxarı nəticə göstərən abituriyentlər isə yay imtahanında iştirak etmək istəyir: "Yaz imtahanlarında I qrup üzrə 680-700 bal toplamış 47 nəfərdən 28-i, II qrup üzrə 11 nəfərdən 8-i, III qrup üzrə 16 nəfərdən 12-si, IV qrup üzrə 19 nəfərdən 12-si yay imtahanında iştirak edəcək. Onlar şəxsi rekordlarını yeniləmək istəyirlərsə, bu, yaxşıdır. Ancaq məqsədləri digər abituriyentlərə, dostlarına kömək etməkdirsə, bilsinlər ki, yay imtahanında hansısa qanun pozuntusuna yol verəcək abituriyentin ilk imtahanda göstərdiyi nəticə ləğv olunacaq”.

680-690 bal toplayan abituriyentlərin yay imtahanına qatılmaq üçün yenidən qeydiyyatdan keçməsi ona görə başadüşüləndir ki, maksimum nəticəyə nail olmaq istəyirlər. Bəs, 700 bal yığan abituriyentlərin ikinci dəfə imtahanda iştirak etməkdə nə marağı var?

Məsələ ilə bağlı "Şərq”in suallarını cavablandıran təhsil eksperti Kamran Əsədov bildirib ki, yüksək bal toplayan abituriyentlərin növbəti qəbul imtahanlarında iştirak etmək istəyi yenidən öz biliklərini yoxlamaq məqsədilədir: 

"Maksimum bal toplayan abituriyentlər isə bu nəticənin təsadüfi olması ilə bağlı olan şübhələri aradan qaldırmaq üçün növbəti imtahanda iştirak edirlər. Əlbəttə ki, yenə də həmin abituriyentlər maksimum nəticə olsa, bu qəbul imtahanlarının rekordu olacaq. Lakin növbəti, ikinci imtahanda iştirak edənlərin sayı birinci mərhələdən azlıq təşkil edir. Yəni birinci mərhələdə iştirak edib, lakin ikinci mərhələdə iştirak etməyən kifayət qədər abituriyent var. Onlar birinci mərhələdə əldə etdiyi ballarla kifayətlənmiş abituriyentlərdir. Ancaq abituriyentlərin nəticələrin ləğv olunmasından narahat olub ikinci imtahanda iştirak etmək qərarını qəbul etməsi kimi iddiaların doğru olmadığını düşünür: "Nəticələr rəsmi olaraq elan olunduqdan sonra və imtahan iştirakçısının rəsmi səhifəsinə nəticələrlə bağlı məlumatlar yerləşdirilibsə, hansısa bir dəyişiklik edilə bilməz. Əgər bu baş verərsə, abituriyentlərin nəticələri ləğv olunarsa, abituriyent ilə bərabər DİM-in əməkdaşları da vəzifəsinin icrasının həyata keçirilmədiyinə görə cəzalandırılmalıdır”.

Şəymən