Akademiyanın buraxdığı “Orfoqrafiya lüğəti” yarıtmazdır

Dil inkişaf edib, orfoqrafiya dilin inkişafı ilə ayaqlaşmalıdır. Son 20-30 ildə yaranmış fərqlərin üzərində işləmək lazımdır


"Peşəkar olmayan qurumun orfoqrafiya lüğəti hazırlaması düzgün deyil”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, Dilçilik İnstitutunda yeni "Orfoqrafiya lüğəti” üçün müəyyən olunmuş işçi qrupu yeni konsepsiya və prinsipləri hazırlayır:

"Mətbuatdan oxuyuram ki, başqa qurumlar da "Orfoqrafiya lüğəti” hazırlamaq istiqamətində iş aparırlar. Tərcümə Mərkəzinin bu istiqamətdə iş apardığı haqqında da məlumatlar oxuyuram. Ədalət naminə deyim ki, bu işin məsuliyyəti də, elmi-tədqiqat baxımından borcu da Azərbaycan Milli Elmlər Akademiyasına aiddir. Akademiya digər qurumlarda hazırlanan "Orfoqrafiya lüğət”lərinin məsuliyyətini üzərinə götürmür”. 

Akademikin sözlərinə görə, orfoqrafiya qaydaları kimi məsuliyyətli işdə tələskənliyə yol vermək olmaz. Çünki bu lüğəti hazırlamaq üçün kifayət qədər sanballı, ixtisaslı mütəxəssislər olmalıdır: "Akademiyada belə bir baza var və bu işlərlə indiyə qədər məşğul olub. Digər qurumların hazırlayacağı lüğətin yüksək səviyyədə olacağına əvvəlcədən tam inana bilmirəm. 

"Orfoqrafiya lüğəti”ni 1938-ci ildən bu günə qədər Milli Elmlər Akademiyası hazırlayıb. Bu qədər mütəxəssislərin iş aparmasına baxmayaraq, lüğətdə nələrinsə çatmadığı, uyğun olmadığı barədə fikirlər səslənir. Mətbuatda oxumuşam ki, onlar tam sistemli orfoqrafiya lüğəti yox, işlək "Orfoqrafiya lüğəti” hazırlayırlar. Yəni mətbuat üçün işlək olan sözlərin məqbul olan ortaq variantını hazırlayıb mətbuatın işinə kömək etmək istəyirlər. Bu, mənim düşündüyüm və normativ qaydada olan lüğət deyil”. 

Məsələ ilə bağlı sherg.az-a açıqlama verən filologiya elmləri doktoru, dilçi-alim Firudin Cəlilov deyib ki, AMEA-nın Dilçilik İnstitutunun tərkibində dil məsələlərinə baxan Toponimlər şöbəsi fəaliyyət göstərir. Onların icazəsi olmadan bir sözün yazılışını heç kim müəyyən edə bilməz: 

"Bu, dövlət məsələsidir. Dil bu səviyyədə qorunmalıdır. 

Lakin Akademiyanın buraxdığı "Orfoqrafiya lüğəti” yarıtmazdır. Dil inkişaf edib, orfoqrafiya dilin inkişafı ilə ayaqlaşmalıdır. Son 20-30 ildə yaranmış fərqlərin üzərində işləmək lazımdır. Hər zaman təklif edirəm ki, alimlər yığışıb müzakirə etməli, müəyyən islahat aparmalıdır. Məsələn, dildə işlənən bəzi sözlərdə qoşa "y” hərfi olan sözlər bir "y” ilə yazıla bilər. Bunlar həll edildikdən sonra orfoqrafiya lüğəti yenidən hazırlanmalıdır”. Xarici dillərdən alınma sözlərin dilə uyğunlaşdırılmasına gəldikdə isə professor qeyd edib ki, AMEA-nın Dilçilik İnstitutu bu sahədə çalışmalıdır: "Dil dövlət atributudur, onunla zarafat etmək olmaz. Bütün məsələlər Terminologiya şöbəsində həll olunur. Bu həmişə belə olub. Lakin son 20-30 ildə məsələ ilə ciddi məşğul olan yoxdur”.

Filologiya üzrə fəlsəfə doktoru Yadigar Cəfərov isə bildirib ki, "Orfoqrafiya lüğəti” Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalar əsasında hazırlanan normativ mənbədir: 
"Bu lüğətin, bu sahədə tarixi təcrübəyə, ənənələrə malik vahid mərkəz tərəfindən hazırlanması daha düzgündür. "Orfoqrafiya lüğəti” elmi prinsiplər əsasında tərtib olunmalıdır. Fərdi təşəbbüslər əsasında digər lüğətlər hazırlana bilər. Amma fərdi təşəbbüslər əsasında orfoqrafiya lüğətlərinin hazırlanması nizamsızlığa gətirər. Ona görə də "Orfoqrafiya lüğəti”nin Nəsimi adına Dilçilik İnstitutunda hazırlanması daha doğrudur”.

İsmayıl