Uşaq evlərində nəzarət-müşahidə kameraları mütləq olmalıdır

Yetimdi deyə, başını qapazlayıb döyürlər
Bəlkə onların arasında gələcəyin alimi, böyük mütəxəssisləri, heç də olmasa, yaxşı, nümunəvi vətəndaşları var

Şəki Qarışıq Tipli Uşaq Evində 18 yaşlı qıza işgəncə verilib. Bununla bağlı "Uşaq Evlərinə Qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov video yayımlayıb. Videogörüntüdə uşaq evinin sakini Aysel ona işgəncə verildiyindən danışır: "Çox sıxırlar, ora getmə, bura getmə, işgəncə verirlər. Döyürlər bizi. Çubuqla başımıza, taxta ilə belimizə vururlar. Bizi burada çox incidirlər. O qədər döymüşdülər ki, özümü asmaq istədim. Neyləyim, həyatdan bezmişəm. Ürəyimdə fikirləşirəm ki, kimsəsizəm, valideynim olsaydı, heç kəs mənə belə etməzdi”.Ombudsman Aparatının məsələ ilə bağlı artıq araşdırmalara başladığı da bildirilir.

Bəlkə də 18 yaşlı Ayselin kimlərinsə təzyiqi, təsiri altında bu sözləri dediyi üzə çıxarılacaq. Belə hadisələr çox olub. Hansısa uşaq evində, bağçada, yaxud internat məktəbində uşaqlara qarşı fiziki təzyiq faktı aşkarlanıb, lakin sonra məsələnin üzərindən keçilib, hətta "zərərçəkmişlər” də əvvəlki fikirlərindən imtina ediblər. Niyə, nəyin bahasına, özləri bilir.

Ancaq uşaq evlərində, internat məktəblərdə uşaqlara kobud, qaba davranıldığı, uşaqların fiziki təzyiqlərə, döyülmələrə məruz qaldığına dair zaman-zaman müxtəlif məlumatlar yayılır. "Od olmayan yerdən tüstü çıxmaz” deyirlər. Sadəcə, düşünəndə ki, kimsəsiz, ana nəvazişindən, ata şəfqətindən məhrum uşaqlara işgəncə verilir, döyülür, təzyiq edilir, insanlığın bu dərəcədə alçaldığına acımamaq olmur.

Əziz islam peyğəmbəri Muhəmməd s.ə.s-in uşaqlara, xüsusən də yetimlərə qarşı mərhəmətli, şəfqətli davrandığı hədislərdən məlumdur. Peyğəmbərin s.ə.s. yaxın səhabələrindən rəvayət olunub ki, Allahın nəbisi küçədə bir uşaq görəndə, ona yaxınlaşıb başını oxşayarmış, saçlarına sığal çəkərmiş və belə söyləyərmiş: "Yetimi yaxşı tərbiyə edib böyüdənlə Qiyamət günü birlikdə olacağam”. Bu, səhih hədis rəvayətçilərindən Buxaridə qeydə alınıb. Peyğəmbərimizdən başqa hədislər də rəvayət edilir: "Yetimə yaxın olanın, ona acıyanın, başını sığallayıb birlikdə yemək yeyənin qəlbi yumşalar və ehtiyacları qarşılanar”, "Yetimin başını oxşayana Həcc savabı verilir” və s.

Uca Rəbbimiz müqəddəs kitabımız "Qurani-Kərim”in "əl-Məun” surəsində belə buyurur: Dini yalan sayanı gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar...” "İnsan” surəsində də yenə yetimlərə yaxşı davranmağın gözəl əməl olduğu bildirilir: "Onlar (cənnətə nail olacaq müttəqilər) öz iştahaları çəkdiyi halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər (Və sonra belə deyərlər). "Biz sizi ancaq Allah rizasından ötrü yedirtdik”. Alla-təala ayələri ilə bəndələrinə hansı əməlin savab, hansının günah olduğunu bildirir. Mübarək islam dini kimsəsizlərə rəhm göstərməyi və onların ehtiyaclarını qarşılamağı üstün ibadət və saleh əməllərdən sayır.

Bəs bu gün aramızdakı müsəlman bacı-qardaşlarımıza nə olub ki, yetimə işgəncə verir, döyür, incidirlər?
Şəki Qarışıq Tipli Uşaq Evində baş vermiş olayla bağlı "Şərq”lə fikirlərini bölüşən əslən şəkili Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı sovet illərində Şəkidə fəaliyyət göstərmiş internat məktəb barədə danışdı:

- Sovet vaxtı Şəkidə zehni qüsurlu uşaqlar üçün internat məktəbi vardı. Sonra onu regional internat məktəbi etdilər, Şəki, Qax, Zaqatala rayonlarını əhatə edirdi. Gəlinimiz - qardaşımın həyat yoldaşı həmin internat məktəbində çalışırdı. İnternat məktəbin təminatı zəif idi deyə, o, uşaqlara həmişə evdən pal-paltar aparırdı. Amma indiki zamanla müqayisədə o illərdə uşaq evlərinə, internat məktəblərə müəllim seçimi çox ciddi aparılırdı. Daha güclü, bilikli müəllimləri seçirdilər. İşə qəbuldan əvvəl müəllimlərlə müsabiqələr, söhbətlər aparılırdı. Müəllimlərin psixoloji durumu yoxlanırdı. Yoxlayırdılar ki, uşaqlarla rəftarı necədir, səbirlidirmi, sakitdirmi, uşaqlarla ünsiyyət yarada bilirmi? Uşaq evlərində yoxlamalar aparılırdı, müəllim bilmədən, uşaqlarla söhbət aparılırdı ki, görsünlər, müəllimdən razıdırlarmı, onları incidən varmı, yoxmu. Hazırda uşaq evlərinə də, internat məktəblərə də nəzarət zəifdir. 

Düzdür, dövlət tərəfindən ehtiyacları qarşılanır. Amma nəzarət, xüsusilə də ictimai nəzarət zəif, hətta deyərdim ki, yox dərəcəsində olduğundan daxildə cərəyan edən hadisələr barədə məlumatsızlıq yaranır. Müxtəlif xəbərlər gəzir ki, uşaq evlərində uşaqlar döyülür, incidilir, hətta cinsi istismara məruz qalırlar. İldə bir dəfə mütləq o uşaqlar həkim nəzarətindən keçirilməlidir, sağlıq durumları barədə protokol tərtib edilməlidir. Bilirsiz, uşaq bağçalarında da, uşaq evlərində də, internat məktəblərdə də müəllimlərin zəif cəhəti odur ki, hər müəllim qarşısında evindəki uşağı görmək istəyir. Müəllim övladı ilə necə rəftar edirsə, istəyir yetimxana uşağı ilə də o cür rəftar etsin. Tələbkarlıq baxımından. Ailəsində övladına göstərdiyi nəvazişi yetimə göstərmir, amma buyurmağa gələndə, "övladı” kimi buyurur, döyür. Uşaq evlərində uşaqlar mütiləşdirilir, kodlaşdırılır.

M.Qəhrəmanlı məsələnin hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırmalı olduğunu dedi:

- Bu məsələ ilə həm Təhsil Nazirliyi, həm də hüquq-mühafizə orqanları ciddi məşğul olmalıdır. Çünki ortada cinayət faktı ehtimalı var. Uşaq evlərində nəzarət-müşahidə kameraları mütləq olmalıdır. Uşaq evləri ilə bağlı xüsusi dövlət proqramına ehtiyac var. Xüsusi proqramlar işlənib hazırlanmalıdır, uşaq evlərinə büdcədən ayırmalar olmalıdır. Vaxtaşırı monitorinq və qiymətləndirmələr aparılmalıdır. Könüllülər bu işə cəlb edilməlidir. Yaxşı olardı ki, Təhsil Nazirliyi "ASAN XİDMƏT”lə birgə layihə həyata keçirsin və uşaq evlərində birgə qiymətləndirmələr aparılsın. Ordakı uşaqlar da bu millətin övladlarıdır. Bəlkə onların arasında gələcəyin alimi, böyük mütəxəssisləri, heç də olmasa, yaxşı, nümunəvi vətəndaşları var. Yetimdi deyə, başını qapazlayıb döyürlər. O uşaqlar həyata küskün, natamam böyüyür. Belədə biz onlardan nə gözləyək? Nəsə gözləməyə haqqımız da çatmır.

Məlahət Rzayeva