Yerli istehsal və ixracatın stimullaşdırılması





Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə sosial rifaha və yüksək həyat standartlarına sürətli keçid baş verib. Qeyri-neft məhsullarının ixracı diqqət mərkəzində saxlanılıb. Ölkə Prezidenti demək olar ki, əksər müşavirə və görüşlərində bəyan edir ki, idxaldan maksimum dərəcədə asılılığımızı aradan götürmək və ixrac potensialımızı artırmaq gələcək fəaliyyətimiz üçün prioritet istiqamət olmalıdır. Bununla paralel olaraq ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində də ciddi işlər aparılmalıdır.

Çünki indi dünyada ixrac bazarları uğrunda böyük rəqabət aparılır. Böyük dövlətlər, iri firmalar o bazarları bölüblər. Məhz bu bazarlara girmək üçün ölkə başçısının göstərişi ilə Azərbaycanda ixrac yönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi barədə müvafiq qurumlara tapşırıqlar verilib. Ölkədə dərman istehsalına başlanılması, sənaye mərkəzlərinin yaradılması, ötən il Mingəçevirdə yüngül sənaye müəssisəsinin təməlinin qoyulması, hər bir rayonun sənaye mərkəzinin yaradılması istiqamətində görülən işlər də həmin göstərişlərin bariz nümunəsidir.

"Made in Azerbaijan” brendi xarici bazarlarda...

Eyni zamanda qeyd edək ki, cənab İlham Əliyevin qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq fərman və sərəncamına uyğun olaraq "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə dair qaydaların layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Bununla yanaşı, hazırda da ölkəmizdə daxili bazarın qorunması üçün qəbul olunan "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanunun icrası istiqamətində tədbirlər həyata keçirilir. Həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği istiqamətində işlər davam etdirilir. Bütün bunların nəticəsidir ki, ötən aylarda ixrac olunan məhsul çeşidləri 30 faizdən çox artıb. Hətta Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycanın növbəti Logistik Mərkəzinin yaradılmasına dair işlər aparılır.

Qeyri-neft məhsullarının ixrac potensialı gücləndirilib

Bununla yanaşı, Azərbaycanda qeyri-neft məhsullarının ixrac potensialını gücləndirmək məqsədilə aqrar sektorun inkişafına mühüm önəm verilir. Bununla bağlı hazırda pambıqçılıq, baramaçılıq, şərabçılıq, tütünçülük, üzümçülük, çayçılıq, fındıqçılıq və xurma istehsalının inkişafı istiqamətində stimullaşdırma tədbirləri aparılır. Həmin sahələrdə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır. Əkin sahələri genişləndirilir. Bu günlərdə ölkə başçısı İlham Əliyevin Saatlıda həyata keçirdiyi müşavirə zamanı pambıqçılıq və digər adıçəkilən sahələrin inkişafına toxunması cənab Prezidentin bu sahəyə olan diqqətinin aydın təzahürüdür. Onu da mütləq qeyd etməliyik ki, indiyədək respublikanın 20-yə yaxın rayonunda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatı yaradılıb. Bu məqsədlə fermerlərə 60,6 milyon manat güzəştli kredit verilib. Həmin təsərrüfatlarda müasir suvarma sistemləri qurulub. Hər hektardan məhsuldarlıq arpa və buğda üzrə 60 sentnerədək, qarğıdalıda isə 120 sentnerədək təşkil edir. Mövcud aqroparkların infrastrukturunun təkmilləşdirilməsi davam etdirilir. Bu məqsədlə aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 43 milyon manat güzəştli kredit verilib.

İxrac məhsullarımız beynəlxalq standartlara tam uyğundur

Azərbaycanda qeyri-neft məhsullarının ixracının stimullaşdırılması üçün respublikamızın xarici dövlətlərlə münasibətlərinin inkişaf etdirilməsi də mühüm əhəmiyyət daşıyır. Bu mənada əminliklə deyə bilərik ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin çoxşaxəli və şəffaf fəaliyyəti nəticəsində ixrac etdiyimiz məhsulların beynəlxalq standartlara cavab verməsinə nail olunub.

Azərbaycana sərmayə qoyuluşunda Avropa ölkələri üstünlük təşkil edir. Son 12 ildə respublikamızda əsas kapitala yönəlmiş xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36 faizi bu ölkələrin payına düşür. Sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bank işi və digər sahələrdə 1000-dən çox Avropa şirkəti Azərbaycanda qeydiyyatdan keçib. Respublikamıza investisiya qoyuluşuna marağın getdikcə artması təsadüfi deyil. Ona görə ki, Azərbaycanda makroiqtisadi sabitlik mövcuddur, Avropanın bir çox dövlətləri ilə ikiqat vergitutma aradan qaldırılıb. Şəffaf mexanizmlər tətbiq olunub. "Elektron hökumət”in tətbiqi üçün zəruri tədbirlər görülüb. İkincisi, ölkəmiz, əlverişli coğrafi-iqtisadi mövqeyə, tranzit imkanlarına malikdir və genişmiqyaslı infrastruktur layihələri uğurla reallaşdırılır. Sadalanan səbəblərə görə, Azərbaycan son illər xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib. Bugünədək ölkəmiz xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 50-yə yaxın saziş imzalayıb. Məhz bunun nəticəsidir ki, təkcə ötən il ölkə iqtisadiyyatına 10,5 milyard dollar məbləğində xarici investisiya qoyulub. Bu investisiyaların yarıdan çoxu qeyri-neft sektoruna yönəldilib.

İxracyönlü məhsulların istehsalına daha çox diqqət yetirilir

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov da qeyd edib ki, Azərbaycanda son 2-3 ildə qeyri-neft sektorunda təxminən 10-11 faiz artım olub. Qeyri-neft sektoru isə əsas bu üç sahəni - sənaye, kənd təsərrüfatı və turizmi əhatə edir: "Bu sahələrlə əlaqədar Sahibkarlığa Dəstək Milli Fondu tərəfindən çox böyük işlər görülüb. Yəni yerlərdə iri fermer təsərrüfatları və bir sıra sənaye sahələri yaradılıb. Dövlət bu sektorla bağlı 150-yə yaxın layihənin bölgələrdə yerinə yetirilməsi üçün 1,5 milyard manata yaxın vəsait ayırıb. Bu, baş tutarsa, 2017-ci ildə Azərbaycanda elə bir ciddi problem olmayacaq.

Hazırda qarşıda duran əsas vəzifələrdən birinin ixrac qabiliyyətli məhsulların istehsalı olduğunu diqqətə çatdıran parlament üzvü deyib ki, sənaye və aqrar sektorun inkişafı ilə əlaqədar olaraq ixrac yönlü məhsulların istehsalına daha çox diqqət yetirilir:

"2017-2018-ci illərdə Azərbaycanda rəqabətə davamlı sənaye məhsulu istehsalı olacaq. 6,6 faiz artım az göstərici deyil. Son illər kənd təsərrüfatına diqqət artırılıb. İri fermer təsərrüfatları yaradılıb. Əvvəllər hər hektardan 20-25 sentner taxıl götürürdülərsə, indi elə fermer təsərrüfatları var ki, 50-55 sentner taxıl götürürlər. Yəni xüsusi iqtisadi zonaların yaradılması nəzərdə tutulur ki, bunlar da aqrar sahənin inkişafına gətirib çıxaracaq. Azərbaycandan faktiki olaraq Rusiyaya ərzaq ixrac olunur”.

"Veysəloğlu” Şirkətlər Qrupu da istehsalat sahələrini yaradıb

Bundan başqa, "Veysəloğlu” Şirkətlər Qrupu da əlverişli iqtisadi mühit şəraitində daha da inkişaf edərək özünün istehsalat sahələrini yaradıb. Şirkət insan amilinə önəm verərək 2001-ci ildən etibarən şokolad və karamel istehsalına başlayıb. "Ulduz” şokolad fabrikinin fəaliyyətə başlaması respublikamızın iqtisadiyyatında qənnadı və yeyinti sahəsinin inkişafına güclü təkan verdi. Fabrikin fəaliyyətə başlaması daxili istehsala, qənnadı və yeyinti sənayesinə yeni keyfiyyət, yeni dad gətirdi. Hər zaman istehlakçılara yüksək keyfiyyətli məhsullar təklif edən fabrikdə bu gün müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb. Müəssisəmizdə yaradılan şərait, texnoloji avadanlıqların daim yenilənməsi "ULDUZ” şokolad fabrikini qida sənayesi sektorunda qabaqcıl şirkətlərdən birinə çevirib. İstehsal prosesində keyfiyyətə daim önəm verən şirkətin rəhbərliyi bunun üçün Almaniya, Belçika, İtaliya və bir sıra qabaqcıl Avropa ölkələrinin tanınmış şokolad istehsalçılarının fəaliyyət mexanizmini öyrənmiş və fabrikdə yeni müasir avadanlıqlar quraşdırılıb. Tamamilə avtomatlaşdırılıb, müasir qurğuların istismara verilməsi sayəsində məhsul istehsalı artırılıb və fabrikdə dünyanın an qabaqcıl müəssisələri ilə raqabət apara biləcək modern iş şəraiti qurulub.

Azərbaycan öz milli brendləri ilə dünyada tanınır

Digər millət vəkili Rüfət Quliyev də vurğulayıb ki, Azərbaycan artıq özünün iqtisadi siyasətini konseptual formada qeyri-neft sektorunun inkişafı üzərində qurub:

"Prezident İlham Əliyev pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıda duran vəzifələri müəyyən etdi. Əlbəttə, qeyri-neft sektorunda əsas diqqət ixracyönümlü məhsulların istehsalına yönəlməlidir ki, bu məhsullar "Made in Azerbaijan” brendi ilə xaricə çıxarılsın və ölkəmizə valyuta gəlsin. Bu gün Azərbaycan məhsulları dünyanın 60-dan çox ölkəsinə ixrac edilir. Artıq Azərbaycan öz milli brendləri ilə də dünyada tanınır, etibarlı tərəfdaşa çevrilib. Bu o deməkdir ki, Azərbaycan öz iqtisadiyyatını qeyri-neft sektoru hesabına qurub inkişaf etdirə bilər. Qeyri-neft sektorunun inkişafı iqtisadi məsələ olmaqla yanaşı, eyni zamanda sosial yönümlü məsələdir. Bu sektorun inkişafı yeni iş yerlərinin açılmasına səbəb olur, insanların məşğulluğu artır, sosial vəziyyətləri yaxşılaşır”.

Üzümçülük, toxumçuluq və pambıqçılıq sahələrinin inkişafı...

Deputat onu da söyləyib ki, vaxtilə üzümçülük, toxumçuluq, pambıqçılıq və digər bu kimi sahələr Azərbaycanda ənənəvi sahələr olub: "Azərbaycan yenidən bu sahələrin inkişafına böyük diqqət ayırır. Aydındır ki, onlar həmişə gəlirli sahələr olub. Üzümçülük, toxumçuluq, pambıqçılıq sahələrinin inkişafı digər sektorların, o cümlədən emal, toxuculuq sənayesinin inkişafına da şərait yaradır”.
R.Quliyev qeyd edib ki, qeyri-neft sektorunun, kiçik və orta sahibkarlığın inkişafı üçün ölkəmizdə lazımi şərait yaradılıb: "Sahibkarlar da fəal olmalıdır, yaradılmış imkanlardan maksimum yararlanmalı, bu sahələrin inkişafında yaxından iştirak etməlidirlər”.

Qonşu ölkələri hazır qida məhsullarıyla təmin etmək imkanımız böyükdür

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov hesab edir ki, Azərbaycanda həm ənənəvi, həm ixrac imkanları baxımından sənayenin, xüsusi ilə yüngül sənayenin ixrac imkanları genişdir: 

"Yüngül sənaye nəinki daxili bazar, hətta qonşu ölkələri emal olunmuş hazır məhsullarla təmin etmək imkanına malikdir. Qida sənayesinin də imkanları genişdir. Nəzərə alınmalıdır ki, Azərbaycanda aqroparkların yaradılması nəzərdə tutulur. Aqroparklar praktik olaraq aqrar sektorun emaledici sferasının sənayeləşməsi deməkdir. Bu o deməkdir ki, artıq istehsal olunan aqrar məhsullar xammal formasında deyil, emal edilərək qonşu ölkələrin bazarlarına çıxış imkanları əldə edə bilər. Xüsusən Rusiya bazarı yeyinti sənayesi üçün olduqca əhəmiyyətli bazarlardan biridir. Azərbaycan Rusiya bazarına yeyinti məhsulları ilə çıxmaq imkanına malikdir. Kimya sənayesinin ixrac potensialı yüksək qiymətləndirilir. Kimya sənayesinin məhsulları daha çox Rusiya və Qazaxıstan bazarlarına çıxmaq imkanlarına malikdir. Kimya sənayesi ilə bağlı apardığımız tədqiqatlar göstərir ki, ixrac imkanlarının artırılması üçün kimya sənayesində kommunal xidmətlərdə müəyyən güzəştlərin edilməsinə ehtiyac var. Bu, kimya sənayesində istehsal edilən məhsulların maya dəyərinin azalmasına gətirib çıxarar”.

İKT məhsullarımız Moldova, Ukrayna və Rumıniya bazarlarında...

Azərbaycan hökumətinin informasiya texnologiyalarını prioritet sektor kimi elan etdiyini xatırladan V.Bayramov informasiya texnologiyasının qonşu ölkələrin bazarlarına, o cümlədən Moldova, Ukrayna, hətta Rumıniya bazarlarına çıxış imkanları olduğunu vurğulayır: 

"Qeyd etdiyimiz sektorlar Azərbaycan sənayesində prioritet sektorlar kimi qiymətləndirilə bilər. Əlbəttə ki, bu sektorlar dövlət tərəfindən dəstəklənir”.

İxrac məhsullarının 70 faizi aqrar sektorun payına düşür

V.Bayramovun sözlərinə görə, kənd təsərrüfatının Azərbaycan üçün böyük özəlliyi var:

"Kənd təsərrüfatının ixrac obyekti yüksəkdir. Qeyri-neft sektorunda ixrac məhsullarının təxminən 70 faizi kənd təsərrüfatı məhsullarıdır. Bu baxımdan qeyri-neft ixracatının artırılmasında kənd təsərrüfatı sahələrinin üstünlüyü böyükdür. Qısamüddətli dövrdə kənd təsərrüfatının ixrac imkanlarının artırılması daha məqbuldur. İxrac potensialı ilə yanaşı, kənd təsərrüfatı məhsulu baxımından vacibdir. Çünki aqrar sektorla məşğul olan əhalinin 37 faizi çalışır. Bu, kifayət qədər böyük rəqəmdir”.
Aqrar sektorun ixrac strukturuna diqqət yetirsək, qeyri-neft sektorunda ixrac olunan məhsulların 70 faizi məhz aqrar sektorun payına düşür. Bu, sektorun ixrac imkanlarının 2017-ci ildə genişləndirilməsinə şərait yaradır”.

İxrac imkanlarını ildə 2-3 milyard dollara çatdırmaq olar

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli də bildirir ki, hazırda qeyri-neft sektoru və onun əsas qolu - aqrar sahənin inkişafı böyük aktuallıq kəsb edir: 

"Hələlik adambaşına ildə 581, ayda 48, gündə isə 1,6 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunur ki, bu da ölkə üçün çox mühümdür. İqtisadiyyatda çalışanların 37 faizi ölkənin ÜDM-nin cəmi 5 faizini yaradır.
Millət vəkili hesab edir ki, orta perspektivdə aqrar sahədə 2-3 dəfə və daha çox artıma nail olmaq, bu sahənin ixrac imkanlarını xeyli artırmaq və ildə 2-3 milyard dollara çatdırmaq olar: "Bunun üçün bir sıra sistemli tədbirlərin həyata keçirilməsi obyektiv zərurətə çevrilib. Məsələn, Azərbaycanda güclü Aqrar-Sənaye Komplekslərinin yaradılması üzrə uzunmüddətli strategiya və tədbirlər paketi olmalıdır. Ölkənin əkin sahələri və kənd təsərrüfatı üçün yararlı torpaqlarından istifadənin, meliorasiya və su təsərrüfatının fəaliyyətinin səmərəliliyinin artırılmasına baxılmalıdır. Aqrar sahədə torpağın münbitliyinin və məhsuldarlığının artırılması istiqamətində maliyyə dəstəyi gücləndirilməlidir. Fermerlərin sahibkarlıq fəaliyyəti və kooperasiya əlaqələri dəstəklənməlidir. Rayona dönərək kəndlərdə işləmək istəyənlərə hərtərəfli dövlət dəstəyi göstərilməlidir. Kənd təsərrüfatı məhsullarının ixrac imkanları genişləndirilməlidir.

Bütün təhlillər göstərir ki, Azərbaycanda sənayenin inkişafı üçün hələ çox böyük perspektivlər qalmaqdadır və ölkə başçısının qəbul etdiyi müvafiq proqram və qərarlarla bu perspektivlər gerçəkləşəcək, Azərbaycanın iqtisadi gücünün, beynəlxalq nüfuzunun yüksəlməsində pay sahibi olacaq.

Ayyət Əhməd

Yazı "Azərbaycan Mətbuat Şurası və "Veysəloğlu” Şirkətlər Qrupunun "İqtisadi islahatlar və
qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusundakı müsabiqəsinə təqdim olunur.