Hər kəs QMİ-nin orucluq təqviminə uymalıdır

“Mənim ağam belə deyir”, “onun şeyxi o cür deyir” yanaşmaları yolverilməzdir
Ötən gün mətbuatda yayılan xəbərə görə, Ağdaş rayonu Qobuüstü kənd məscidinin dini ayinlər icraçısı Nurməhəmməd Rəsul oğlu Məmmədov tutduğu vəzifədən azad edilib. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, din xadimi QMİ Qazılar Şurasının müqəddəs Ramazan ayı ilə bağlı fətvasının tələblərini kobud şəkildə pozduğu üçün işindən kənarlaşdırılıb. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib ki, dini xadim Məmmədov Nurməhəmməd iftardan əvvəl ehsanda iştirak edib.
Bu isə Qazılar Şurasının Ramazan ayının başlanması ilə əlaqədar verdiyi fətvada qadağan olunmuş məsələdir. Sözügedən təlimatı pozmaq isə kobud məsələ hesab olunur. QMİ-nin Ramazan ayı ilə bağlı fətvasında qeyd olunur ki, digər mənbələrdən daxil olmuş, təxribat və təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi yolverilməzdir. Məlumat üçün deyək ki, Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etmək şəriətə görə günah sayılır. 
Bu xəbərdarlığı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görülür. Sözügedən din xadimi Məmmədov Nurməhəmməd isə işinə yenidən bərpa olunduğunu bildirib. O, haqqında şeyxə yalan məlumat verildiyini, heç zaman QMİ-nin təlimatlarından kənara çıxmadığını dilə gətirib: "Şükürlər olsun ki, hər şey qaydasındadır və heç bir problem yoxdur. Bu problem xoşluqla, gözəlliklə həll edildi. Şeyx məni yenidən öz işimə bərpa etdi. Bir Ramazan hörmətinə xahiş edirəm ki, artıq hansısa sözə ehtiyac yoxdur”. 
Məsələ ilə bağlı "Şərq”ə danışan şərqşünas-alim, dini məzmunlu "İnam” verilişinin aparıcısı Seyid Camal Əzimbəyli hər gün efirə gedən proqramda bu mövzuya toxunduğunu deyib. Ekspert bildirib ki, QMİ-nin hazırladığı Ramazan təqvimi elmi-nəzəri və dini-praktik baxımdan düzgündür və Şamaxı Rəsədxanası ilə birgə hazırlanıb: 
"Təqvim elmi cəhətdən təsdiqini tapıb. Ona görə də Azərbaycanda yaşayan hər kəs QMİ-nin orucluq təqviminə uymalıdır. Təəssüflər olsun ki, bu məsələnin üstündən çox zaman səthi keçirik. Əslində Azərbaycanda yaşayan bir vətəndaşın hansısa yad ölkənin təsir dairəsinə düşməsi çox təhlükəlidir. "Mənim ağam belə deyir”, "onun şeyxi o cür deyir” yanaşmaları yolverilməzdir. Onlar anlamırlar ki, Azərbaycan Respublikasında yaşayırıqsa, bu dövlətin qayda-qanunlarına riayət etməliyik. Müəyyən şəxslər Ramazan ayında müsəlmanların birlik və bərabərliyini pozmağa cəhd göstərirlər. Əlbəttə, onların qarşısı dərhal alınır və alınacaq. Bu istiqamətdə Dini Komitənin atdığı addımlar da təqdirəlayiqdir”. 
Şərqşünas vurğulayıb ki, Ramazan mərhəmət, şəfqət, barış və bərabərlik ayıdır. Ona görə də özünü imanlı şəxs adlandıranlar ayrıseçkiliyə getməməlidir: 
"Vətəndə yaşayan, buranın çörəyini yeyən şəxs dövlətimizin bütün qanunlarına, göstərişlərinə sözsüz əməl etməlidir. Bir qrup insan Azərbaycanda "təhsil və yardım” adı ilə insanların dini duyğularına qarşı təcavüz edir. Elm adamı kimi çağırışım ondan ibarətdir ki, vətəndaşlarımız onlara uymasınlar və QMİ-nin Ramazan təqvimi ilə iftar etsinlər. Belə olan halda biz şəriət baxımından da məsuliyyətdən azad olmuş olarıq. Eşitdiyimə görə, Ramazan ərəfəsində müəyyən şəxslər Azərbaycanda dini baxımdan təsirlərini artırmaq üçün oruclarını həqiqi vaxtdan 15-20 dəqiqə əvvəl açırlar. Balaca hesab etdiyimiz detallar gələcəkdə ölkəmizi Suriyaya, İraqa çevirər, məzhəblərarası ixtilaf yaradar. Həmin qrupları zərərsiz etmək üçün dövlətimizin yanında olmalıyıq. İdeoloji baxımdan o şəxsləri ifşa etməliyik. Yəni prosesə ictimai nəzarət olmalıdır. Mən onların tutduqları oruc haqqında söz demək istəmirəm. Doğrusunu Allah bilər”.
İsmayıl