"Regionlardakı universitetlər kifayət qədər inkişaf edib”.
Bunu Sherg.az-a Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev deyib. O bildirib ki, məsələn, elə Gəncə Dövlət Aqrar Universitet müasir standartlara cavab verir:
"Bu universitet yüksək səviyyədə texnoloji imkanlı və xarici təhsil təcrübəsinə inteqrasiyalı qurulmuş universitetdir. Mən bunu özüm müşahidə etdim. Həmin universitetə heyran qaldım. Əvvəllər universitet haqqında təsəvvürlər başqa cür idi. Tələbələr universitetə getmirdi. Hətta o vəziyyətdə idi ki, hər ixtisasda 4-5 tələbə oxuyurdu. İndi isə universitet müasir standartlara uyğun qurulub. Qızlar üçün ayrı, oğlanlar üçün ayrı yataqxanalar tikilib. Hər otaqda iki nəfər olmaqla bütün təminatı, təmizliyi ilə seçilən, qalmaq haqqı cəmi 20 manat olan müasir yataqxanalar hər cür şəraitlə təmin olunub.Universitetin əksər ixtisasları təcrübə ilə bağlı olduğuna görə, hər cür texniki imkanla təmin olunub və təcrübələr də yerli yerində keçirilir. Universitetin bütün nailiyyətlərini, onun müasir səviyyəsini və şəffaflığını təbliğ etməliyik. Əvvəllər hər kəsə məlumdur ki, həmin universitetdə də "gör məni, görüm səni” prinsipi var idi. İndi isə oxuyan qiymətini alır, oxumayan isə hazırlaşdırılır, dürüst şəkildə imtahanlarını verir”.
Ə.Ağayev təklif edir ki, paytaxt universitetlərini seçənlər şəhərdə əziyyət çəkməkdənsə, Gəncəyə qəbul olub, 20 manat yataqxana xərci çəkməklə yüksək təhsil ala bilər:"Beləliklə, dövlətin qeyri-neft sektorunun inkişafında xidmət göstərə biləcək mütəxəssislər də yetişəcək. Hazırda dövlətin qeyri-neft sektorunu canlandırmağa çalışması da onu göstərir ki, həmin universitetləri bitirən tələbələr asanlıqla iş tapacaq. Onlara bu gün əmək bazarında böyük ehtiyac var. Regionlarda sahibkarlar da həmin kadrların peşəkarlığından istifadə edib, məhsuldarlığı artıra bilər. Bütün bunları meydana qoymalıyıq ki, abituriyentlər xəbərdar olsun. Gəncədə, Naxçıvanda, Sumqayıtda, Qazaxda və digər bölgələrdə də universitetlərin yüksək səviyyədə təhsil standartları var. Sadəcə bu universitetlərin yaxşı təbliği olarsa, abituriyentlərimiz oxuya bilər.
Hazırlıq qruplarının mövcud olması yalnız Bakı şəhəri ilə məhdudlaşmamalıdır. Yaxşı universitetlərin olduğu regionların abituriyentləri paytaxta gəlməməlidir. Həmin universitetlərdə hazırlaşıb, yüksək təhsil ala bilərlər. Bu zaman regionların inkişafı da ön plana çəkilər”.
Aysel Aslan