Maşın bazarında qiymətlər aşağı düşür

Ramil Osmanlı: “Köhnə maşınların bəzilərində 500-1000 dollara qədər qiymətlər enib”


Mərkəzi Bankın avtomobil kreditlərinin verilməsini dayandırması və "Avro-4” standartlarının aprelin 1-dən tətbiqinin planlaşdırılması avtomobil bazarına da öz mənfi təsirlərini göstərməkdədir.

Maşın bazarındakı son vəziyyətlə bağlı "Əmlak Bazarı İştirakçıları” İB-nin sədri Ramil Osmanlı "Şərq”ə bildirib ki, faktiki olaraq bazarda satış tempi kəskin aşağı düşüb: "Xırda və orta sahibkarların bazardakı fəaliyyəti belə getsə, yox səviyyəsinə enəcək. İstehsal ili köhnə olan maşınların bəzilərində 500-1000 dollara qədər qiymətlər enib. Proseslər belə davam edəcəyi təqdirdə qarşıdakı aylarda qiymətlərin sürətlə azalması prosesi baş verə bilər. Düşünürük ki, Mərkəzi Bank öz qərarına yenidən baxmalıdır. Kreditlər məsələsində müəyyən qədər güzəştlər edilməlidir. Əks təqdirdə, bazarda vəziyyətin daha da pisləşməsinə və idxalın cari ilin sonuna qədər təxminən iki dəfə azalmasına səbəb ola bilər. Hazırda ölkəyə əsasən köhnə avtomobillər üzrə az sayda "Mercedes-Benz” və "BMW” markalı maşınlar idxal olunur.

Adını çəkdiyimiz markalar üzrə təkrar bazarda təxmini olaraq 15-16 faiz idxalın həcmi azalıb və proses aprelin 1-nə qədər davam edəcək. Əgər kredit məsələsi öz həllini tapmazsa, bu rübün sonundan başlayaraq belə hal təkrar bazarlarla yanaşı, ilkin bazara da öz təsirini göstərəcək. Yəni ilkin bazarda fəaliyyət göstərən rəsmi nümayəndəliklər, dilerlər başqa satış vasitələri üzərində düşünməyə məcbur olacaqlar”.

Vüqar Şahinoğlu