Həm işləmək, həm də oxumaq təhsilin keyfiyyətinə təsir göstərəcək

Ekspert iddia edir ki, əyani şəkildə təhsil alan tələbələrin işləməsi onların dərslərinə müəyyən maneələr yarada bilər


Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev Azərbaycanda aztəminatlı ailələrdən olan tələbələrin həm çalışıb, həm də təhsillərini davam etdirə biləcəklərini deyib.

Şöbə müdiri bildirib ki, bu gün təhsildə yeni anlayışlar meydana gəlib və bunlar tədrisə qismən və ya tam cəlb olunmalıdır:

 "Tədrisə tam cəlb olunma yalnız dövlət sifarişli ixtisaslarda təhsil alan tələbələrə şamil ediləcək. Tədrisə cəlb olunan tələbələr semestrdə 30 kredit dərs ala bilər, bundan əlavə 10 kredit dərs götürə bilər. Bu halda tələbələr ən azı 2 fənni dinləyərək tədris almalıdırlar. 20 kreditdən çox olmamaq şərtilə müəyyən bir müddətdə ali məktəbdə tədrisi bitirə bilərlər. Bu da imkan yaradacaq ki, aztəminatlı tələbələr həm çalışıb, həm də təhsili davam etdirsin. Əgər tələbənin il ərzində təhsil haqqını ödəmək imkanı yoxdursa, onda tələbə 2 fənni seçə bilər və fənlərə-kreditlərə müvafiq təhsil haqqını ödəyib universitetdə təhsil ala bilər”.

Y.Piriyev qeyd edib ki, təhsilə qismən cəlb olunma qiyabi təhsil forması deyil. Onun sözlərinə görə, qiyabi təhsil formasında təhsil alanlar ildə 1 dəfə bir ay müddətində sessiyada iştirak edirlər. Nazirlik rəsmisi deyib ki, onlar imtahanda iştirak etdikləri halda növbəti sessiyaya cəlb olunurlar: "Biz qiyabi təhsil formasını tələbə qəbulunda azaltmışıq. Elə ixtisaslar var ki, orada qiyabi təhsilin aparılması məqsədəmüvafiq deyil. Qismən tədrisə cəlb olunmada belə bir imkan yaranıb ki, tələbə özü 2 fənn üzrə müəllim seçsin və özü-özünün tədris planının hərəkət trayektoriyasına uyğun olaraq müəyyənləşdirsin”.

Tələbələrin təhsil almaqla yanaşı işləyə biləcəkləri ilə bağlı fikirlərini "Şərq”lə bölüşən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu deyib ki, əyani şəkildə təhsil alan tələbələrin işləməsi onların dərslərinə müəyyən maneələr yarada bilər: 
"Çünki çalışmaqla oxumaq bir araya sığmır. Vaxtilə və indinin özündə də əyani oxuyanlar eyni zamanda həm çalışırdılar. Məsələn, gecələr mühafizəçi kimi işləyirlər və nəticədə yuxusuz qalırlar. Bu isə onların təhsillərini yüksək formada davam etdirməsinə mənfi təsir göstərir. Onların işləməyi və yorğun olmaqları təhsilə əngəl törədir. Oxuyan adam üçün mütləqdir ki, o, təhsilini davam elsin. Yüksək təhsil üçün isə kifayət qədər vaxt tələb olur, yoxsa işləmək təhsilin keyfiyyətinə mane olacaq”.

Yeganə Bayramova