Şeyxin səlahiyyətlərinin bir qismi dini komitəyə verilsin!

Mehman Əliyev: “Çatışmazlığı Şeyxdə və ya Dini Komitədə axtarmaq faydasızdır”
Arif Əliyev: “Ya Şeyxi dəyişdirməli, ya da strukturda hansısa dəyişiklik etməlidirlər”


Son aylarda Suriyaya döyüşə gedən azərbaycanlılarla bağlı dini zəmində yaranmış gərginlik Qafqaz Müsəlmanları İdarəsinin, xüsusən də Şeyx Allahşükür Paşazadənin fəaliyyətinin ciddi şəkildə tənqid olunmasına səbəb olub.

Bir sıra mətbu orqanlarda yayılan iddialara görə, ölkədəki dini proseslərə nəzarət edə bilməməkdə günahlandırılan Ş.A.Paşazadənin bəzi səlahiyyətləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə veriləcək. Deyilənlərə görə, Dini Komitənin sədri tələb edir ki, QMİ cəmiyyətdəki nüfuzunu itirdiyi üçün onun bir çox səlahiyyətləri DQİDK-ya həvalə edilsin. Komitə sədri əsasən məscidlərin və axundların bu quruma verilməsinin tərəfdarıdır. Məsələyə münasibət bildirənlər QMİ-nin və onun rəhbərinin zəif və qüsurlu fəaliyyətini vurğulasalar da, səlahiyyətlərin idarədən alınıb Dini Komitəyə verilməsinin heç bir problemi həll etməyəcəyini düşünürlər.

Məsələnin çox ciddi olduğunu deyən "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev qeyd edir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə xarici dini dairələrin maraqları artdı. M.Əliyevin fikrincə, fərqli dini qruplaşmaların cəmiyyətə sızması çətin olmadı. Çünki uzun illərin mənəvi boşluğu insanlarda dinə olan marağı da artırmışdı: "İndi vəziyyət o yerə çatıb ki, ölkədə dini məzhəblər arasında kəskin ziddiyyətlər yaranıb. Hətta bəzi radikallar dövləti belə təhdid edirlər. Belə bir məqamda QMİ-dən hansısa səlahiyyətlərin alınıb Dini Komitəyə verilməsi yaranmış problemi həll etməyəcək. Məsələ artıq birbaşa dövlətin problemidir. Dünya təcrübəsi göstərir ki, sosial problemləri çox olan cəmiyyətlərdə dini gərginliklərin artması halları tez-tez müşahidə olunur. Bu baxımdan hesab edirəm ki, problemin kökünə enmək lazımdır. Çatışmazlığı Şeyxdə və ya Dini Komitədə axtarmaq faydasızdır. Bunların arxasında gizlənmək, pərdələnmək də lazım deyil”. M.Əliyevin sözlərinə görə, biz bu gün ATV-də "Səni axtarıram” verilişinə yox, yüksək səviyyədə hazırlanmış dini proqramlara baxmalıyıq. Ancaq buna da dövlətin özü şərait yaratmalıdır: "Axı nə vaxt Şeyxə sərbəst hərəkət etmək imkanı yaratdıq ki, indi də ondan səmərəli nəticə tələb edirik? Dini icmaları məscidlərə qoymuruq, toplaşanları qovuruq, ibadət yerlərini bəhanələrlə bağlayırıq, sonra da deyirik ki, hansısa dini qruplaşmalar radikallaşdı, aqressivləşdi və s. Belə vəziyyətdə dindarların Şeyxə xoş münasibətdə olmasını gözləmək olarmı? Əlbəttə, olmaz. Düzdür, din dövlətdən ayrıdır. Amma bütün informasiya kanalları dövlətin əlindədir. Dövlət maraqlı olmalıdır və şərait yaratmalıdır ki, dini qurumlar öz səlahiyyətlərini sərbəst şəkildə icra edə bilsinlər”.

"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə qeyd edir ki, Azərbaycanda məsələlərə çox qəribə yanaşma var. Onun sözlərinə görə, biz ciddi problemləri asan yolla həll etməyə çalışırıq: "Fikirləşirik ki, əgər bunda yaxşı alınmayıbsa, alıb başqasına verməklə iş öz həllini tapacaq. Dini Komitənin öz səlahiyyət dairəsi, QMİ-nin isə öz vəzifələri var. Dövlət və din biri-birindən ayrıdır. Dövlət qurumları ilə dini strukturlar arasında müəyyən olunmuş çərçivə, sərhəd var. Əgər QMİ-nin fəaliyyətində mənfi cəhətlər varsa və bunlar ictimaiyyətin narahatlığına səbəb olursa, bizim din əhli, müsəlman qövmünü əhatə edən insanlar mövcud qurum çərçivəsində məsələni həll etməlidirlər. Yəni ya Şeyxi dəyişdirməli, ya da strukturda hansısa dəyişiklik etməlidirlər. Yoxsa "əlinin papağını vəlinin başına, vəlinin papağını əlinin başına” qoymaqla nəyisə həll etmək mümkün olmayacaq. Çünki bu cür dəyişiklik, nə dövlətçilik ənənələrinə, nə də ki, siyasi məntiqə uyğun gəlir”.

İsmayıl