Hər kvadrat metrə görə 3 min manat verilməlidir

“Sovetski”nin sökülməsi doğru addımdır, ancaq sakinlər razı salınmalıdır


Qış bulvarı”nın növbəti dalğası özünü "Sovetski” kimi tanınan qədim məhəllədə göstərdi. İlk dəfə "Sovetski”nin plana düşdüyünü və yaxın günlərdə buldozerlərin qabağına qatılacağını eşidəndə sevinən məhəllə sakinlərinin xoşbəxtliyi uzun sürmədi. Evləri plana düşən sakinlər hökumətlə kompensasiya məsələsində dil tapa bilmir. Aidiyyəti qurumların hər kvadrat metrə görə 1500 manat təklif etməsi sakinləri narazı salıb. İndi "Sovetski” məhəlləsinin sakinlərindən kimi danışdırsan, evlərinin söküləcəyindən, onlara verilən kompensasiyanın azlığından gileylənir. Hamısı da təklif olunan qiymətə ev ala bilməyəcəyindən rahatsızdır. Onlar küçədə qalma ehtimallarının böyük olduğu qənaətindədir.

Məhz bu qorxu da ötən şənbə evləri söküləcək sakinlərin kütləvi aksiyası ilə nəticələndi. 173 saylı məktəbin qarşısına yığılmış 500-ə yaxın adam şəhər və rayon rəsmiləri ilə görüş tələb ediblər. Həmçinin onlar dinc etirazlarının parlamentdə müzakirə edilməsi təşəbbüsünü də qaldırıblar.

Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova da "Sovetski”nin sökülməsi ilə bağlı yaşanan qalmaqallarla bağlı "Şərq”ə münasibət bildirib. İstənilən halda, "Sovetski” sakinlərinin haqlı olduğunu deyən xanım memarın sözlərinə görə, onlara ya ev verilməli, ya da qoyduqları qiymət artırılmalıdır: "Normalda, torpaq alqı-satqısı qanunvericiliklə tənzimlənir. Amma çox təəssüf ki, bizdə bu qanunlar "yerimir”. "Sovetski” məhəlləsinin sakinlərinin əksəriyyəti ulu babalarına məxsus evlərdə məskunlaşan insanlar, yəni "korinnoy” bakılılardır. Bu mənada onların etirazını qəbul edirəm”. Qədim məhəllənin sökülməsinin təqdirəlayiq olduğunu vurğulayan Z.Budaqova deyib ki, hökumət sakinlərə güzəştə getməlidir. Əslində, bu güzəşt də sayılmır, onların haqqıdır. İllərdir şəhərin mərkəzində yaşamış insanların əlinə 3-5 manat verib, get Hövsanda yaşa demək nə dərəcədə ədalətlidir. Heç olmasa, onlara verdikləri pul şəhərin mərkəzindəki torpaq sahələrinə uyğun olmalıdır. Mərkəzi yerlərdə qiymətlər ən azı 5-7 min arası dəyişir, lap siz də hər kvadrat metrə görə, 3-4 min verin: "Digər tərəfdən də həmin məhəllədə bir neçə qədimi ev var. Hansı ki, həmin evlər vaxtı ilə imkanlı şəxslərə malik olub. Onların da həyətində binadan əlavə qulluqçular, atlar üçün yardımçı tikililər olub. İndi həmin tikililəri də özlərinə yuva edən insanlar var. Hansı ki, ərazisi heç 10 kvadrat metr deyil. Bu o demək deyil ki, həmin ailəyə 10 kvadrat metrin pulu verilməlidir? Bu cür xırda sahədə məskunlaşan ailələr üçün əksinə, daha əlverişli şərait olmalıdır. Evinin sahəsi az olan ailələrə ev verilməlidir. Bəs, hökumət də çəkməyəndən sonra bizim dərdimizi kim çəksin? İki il bundan qabaq prezident göstəriş vermişdi ki, evi balaca, şəraiti pis olan insanlar mənzillə təmin olunsun. Demədi ki, ucdantutma hər ailəyə mənzilinin kvadrat metrinin pulunu verin. Onu da deyim ki, evlərin sahəsini düzgün ölçmürlər. Yalnız mənzillərin içini hesaba alırlar. Halbuki "Sovetski”də bina var ki, divarın qalınlığı 1 metr 30 santimetrdir. Hər bir evin sahəsi çöldən-çölə hesablanmalıdır. Həmçinin bildiyim qədər hamam-tualetə görə cəmi hər ailəyə 200 manat pul verirlər. Niyə? Məgər biz ev satıb-alanda hamam-tualeti ayrıca 200 manata alırıq? Bütün kvadrat metrin içində hamam da, dəhliz də gedir. Bunlar niyə özlərindən yeni icad çıxarıblar? Bir həyətdəki ümumi hamam-tualetin qiymətini bir neçə ailə arasında bölür. Belə də şey olar? Əksinə, həmin tualetin ümumi dəyəri qədərində hər bir ailəyə pul verməlisən. Təbii ki, bu qədər haqsızlıq qarşısında camaat narazılıq edəcək. Bu qədər ədalətsizlik olmaz axı. Başa düşürəm, şəhərdə yenidənqurma işləri gedir. Qədimi binalar saxlanmaq şərti ilə paytaxtın landşaftını korlayan məhəllələr mütləq sökülməlidir. Həm də ki, oradakı evlər artıq yaşanmaz hala gəlmişdi. "Sovetski”yə baxanda bilirdin ki, burada ancaq şəhərin kasıb camaatı məskunlaşa bilər. Çünki bir az imkanı olan heç bir ailə orada qalmağı özünə rəva bilmir, köçüb gedirdi. "Sovetski”nin sökülməsi infrastruktur baxımdan Bakıya gözəllik verəcək, ona görə ki, orada bir dənə olsun baxımlı bina qalmayıb. Ancaq şəhərin gözəlliyi üçün insanları əzib-keçmək də olmaz. Hər kəsin mülkiyyət hüququ var, qanunlarımıza əməl etmək lazımdır. "Sovetski” sakinləri etiraz aksiyası keçirməklə səslərini ölkə başçısına çatdırmaq istəyirlər. Çünki başqa yolları qalmayıb. Aidiyyəti orqanlar onların tələbini yerinə yetirmək bir yana qalsın, özlərini heç sakinlərin şikayətlərini dinləmək əziyyətinə belə salmırlar. 1500 manat nə puldur ki? 10-15 kvadrat metrdə yaşamağa məhkum olan çoxüzvlü

ailələr var. Uşağın biri dəhlizdə, digəri mətbəxdə yatır. Oğlu ilə gəlinin harda yatacağını belə bilmir. Bu cür yaşayan ailələr çoxdur. Onların 10 kvadrat metrlik evini söküb, əvəzində də 1500 manat vermək nə qədər düzgündür” .

Şəymən