(Əvvəli ötən sayımızda)
Bütün çətinliklərə baxmayaraq 1905-ci ilin 7 iyununda "Həyat”ın ilk sayı işıq üzü gördü. Bununla da Əli bəy Hüseynzadə ömrünün mühərrirlik dövrü başladı. Rusiya müsəlmanları içərisində azsaylı qəzetlərdən birinə rəhbərliyi, mətbuatımızın Avropa qəzetçilik sisteminə transformasiyasına göstərdiyi xidmət onun milli ideoloq obrazını tamamladı.
Millətin problemlərini ictimailəşdirməyə, müzakirəyə çıxarmağa imkan yaratdı. Əgər 1910-cu ilə qədər Əli bəy Hüseynzadə ilə bağlı hansısa bir məqaləni oxusaq, görərik ki, bu yazıların əksəriyyətində o, daha çox mühərrir kimi dəyərləndirilir. "Həyat”da Əli bəy Hüseynzadənin 115 yazısı dərc olunub. Ümumilikdə, 325 sayı işıq üzü görən "Həyat”ın hər üç sayından bir bu böyük mütəfəkkir milli maraqları qoruyan, böyük ictimai-siyasi məzmun daşıyan, etnik tariximizə işıq salan məqalələr yazıb.
Qəzetin 10 iyul tarixli 1905-ci il, üçüncü sayından başlayaraq 12 oktyabradək "Türklər kimdir və kimlərdən ibarətdir” adlı etnik tariximizi incəliklərinə, dərinliklərinə qədər varan 7 məqaləsi çap edilib. Əli bəyin Azərbaycanın, bütünlüklə türk dünyasının tarixinə, ədəbiyyatına, etno-kulturoloji sisteminə həsr olunan çoxsaylı məqalələri var ki, bu gün də o yazılar əhəmiyyətini qoruyur.
Bu inkarolunmaz tarixi faktdır ki, bütün həyatını türkçülüyün gerçəkləşməsinə, türk millətinin oyanışına həsr edən və böyük mücadilə yolu keçən, müasir Türkiyənin "ideoloji atası” olan Ziya Göyalpın düşüncələrini Əli bəyin "Həyat”ı, "Fyüzat”ı formalaşdırdı. "Yaxın tariximiz” dərgisinin 1962-ci il 26 aprel sayında Ziya Göyalpa "Türkçülüyü aşılayan adam” məqaləsində bu fakt məxsusi vurğulanır: "Ziyanı türkçülük səhnəsinə gətirən şəxs Əli bəy Hüseynzadədir. Bu oyanış Ziya ilə qarşı-qarşıya gəlib, görüşüb danışmaqla deyil, Hüseynzadə Əli bəyin daha əvvəl Bakıda nəşr etdiyi "Fyüzat” və digər dərgiləri oxumasından hasil olub”.
Müəllif Ziya Göyalpın türkçülük feyzini Əli bəyin "Fyüzat”ından "Həyat”ından aldığını söyləyir.
"Həyat”ın yayılma arealına nəzər yetirsək, deyə bilərik ki, qəzet təkcə Qafqazda deyil, Volqa boyunda, Orta Asiyada, İranda və Türkiyədə yayılırdı. Bir fakta burada diqqət yönəltmək lazım gələcək ki, məşhur tatar şairi Abdulla Türkay "Həyat”a şeir həsr edərək uzaqgörənliklə ermənilərin bu qəzetə düşmən kəsiləcəklərini söyləyirdi. Çox keçmədi ki, A.Türkayın söylədiyi reallığa çevrildi.
Müsəlman və türk həmrəyliyini özləri üçün böyük təhlükə hesab edən ermənilər "Həyat”ın qapanması üçün çalışdılar. Nəinki çalışdılar, bu yolda böyük enerji xərcləməli oldular.
Gərgin mübarizələrdən keçən Əli bəy üçün bu dövr heç də asan olmadı. Qəzet ilk sayından başlayaraq ikiqat senzuraya məruz qaldı. İslam, türk dünyasına aid olan yazılar, erməni daşnaksütyunlarına verilən tutarlı cavablar rus dilinə tərcümə olunaraq Tiflis Senzura Komitəsinə göndərildi. Erməni "başbilənləri” qəzetin redaktorları Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun "Panislamist iedyaların alovlu pərəstişkarları”, "Bütün müsəlmanların xəlifəsi Türkiyə sultanının nüfuz və qüdrətinin artması tərəfdarları” kimi qələmə verirdilər.
Göndərilən danoslarda qəzetin yazarları "qatı islam tərəfdarları” kimi suçlanırdı. Ermənilər iddia edirdilər ki, "Həyat”ın bu cürə ideoloji təbliğatı Qafqazda müsəlman fanatizminin alovlanmasına səbəb olacaq. Halbuki Qafqazda düşmənçilik abu-havasını yaradan qarşı tərəf idi. Bakıda və Qafqazın bir çox bölgələrində çox rahat şəkildə bir neçə qəzet nəşr edən ermənilər bölgəni "qan hamamına”, terror mərkəzinə çevirmək istəyirdilər.
"Həyat”ın nəşrindən ay yarım sonra erməni senzorların təhriki ilə Senzura komitəsinin sədri "Həyat”ın çapının dayandırılması üçün Qafqaz canişinliyinə müraciət etdi. Qəzetin ətrafında yaradılan bu cür təhdid-təzyiq, böhtan kampaniyalarını vaxtilə Qafqaz Senzura Komitəsində çalışmış Mirzə Şəfi Mirzəyev qələmə alıb.
Bütün çətinliklərə baxmayaraq Əli bəyin "Həyat”ı isə davam edirdi.
***
Əli bəy Hüseynzadənin "Həyat”da ilk məqaləsi "Qəzetimizin məsləyi”dir. Proqram mahiyyəti daşıyan bu yazı bu böyük dühanın mətbuat manifestidir. Mətbuatın cəmiyyətdəki rolu, azad fikir, söz daşıyıcısı olması, jurnalistikanın hələ o dövrdə formalaşmayan prinsiplərinin müəyyənləşdirilməsi tələbi bu yazının əsas qayəsidir. "Qəzetənin hələ nə olduğunu layiqi ilə bilməyən” xalqımıza mətbuatın böyük qüvvə olduğunu təqdim edən Ə.Hüseynzadə qəzetləri iki yerə bölürdü: cəmiyyətin tərəqqisinə, rifahına və cəmiyyətin "fikrən qocalmasına” xidmət edən qəzetlər. H.Zərdabi kimi mətbuatı cəmiyyətin aynası hesab edən Əli bəy xalqı qəzet oxumağa çağırırdı. Baş məqalədə göstərilirdi ki, Qərb ölkələrində, hətta əhalisi 4-5 milyon nəfər olan ölkələrdə 300-400 adda qəzet nəşr edilir. Mədəni millətlər qəzeti "bəşəriyyəti ehtiyacların ən zərurilərindən” sayırlar. Bu ölkədə insanlar çaysız-çörəksiz dolana bilmədikləri kimi, qəzetsiz də keçinə bilmirlər. Bu baş yazıda, mətbuatın cəmiyyətin inkişafında, xalqın maariflənməsi və tərəqqisindəki rolu bu cürə dəyərləndirilir: "İnsan üçün munis bir yoldaş, xeyirxah bir müəllim, nafis bir məktəbdir, həm də zillətdə qalanlara doğru yolu, hidayət yolunu göstərir”.
"Həyat”ın mübahisəli dili
Nəşrinin ilk sayından sonra "Həyat”ın dili müzakirə obyektinə çevrildi və bu, açıq-aşkar polemikalara gətirib çıxardı. Dil məsələlərində Əli bəy Hüseynzadənin özünün baxışları vardır və bu yanaşma ümumtürk ədəbi dil konsepsiyasına əsaslanırdı. İlk dəfə Azərbaycanda ümumtürk ədəbi dil konsepsiyasını ortaya qoyan, bu ideyanı praktiki baxımdan öz əsərlərində işlədən və müdafiə edən Əli bəy Hüseynzadə oldu. Təsadüfi deyildi ki, ümumtürk dil birliyinin ideoloqu olan "Tərcüman”ın baş redaktoru İsmayıl bəy Qaspıralı "Həyat” qəzetini "Tərcüman”ın varisi hesab edirdi. İ.Qaspıralı kimi Əli bəy Hüseynzadə də hesab edirdi ki, bütün türklər vahid millətdir və buna görə də vahid dilə, yazı mədəniyyətinə malik olmalıdırlar. Başqa sözlə, türk xalqlarının milli-mənəvi birliyinə nail olmaq üçün ümumtürk ədəbi dilin qaydaları işlənib hazırlanmalı və orta məktəblərdə, mətbuatda işlənməlidir. Ortaq türk dili ideyası ilə bağlı polemika "Həyat”ın ilk saylarında daha da gücləndi. Ə.Hüseynzadəyə görə, ədəbi dil millətin mövcud olması və yaşaması üçün vacib şərtlərdən biri idi. O, fikrini əsaslandıraraq yazırdı: "Ədəbi dilə malik olmayan qövm müstəqil qövm surətində çox yazmaz. Ədəbi dili olmayan qövm yaşamaq və dünya məişətini keçirmək üçün özündən mədəniyyətli, ədəbi dili olan bir qövmün dilini itxaz etməyə məcburdur”.
Əli bəy Hüseynzadə də İsmayıl bəy Qaspıralı kimi dünyada yaşayan türklərin ortaq dilini, imperiya dili məqamına yüksələn Osmanlı türkcəsinin olmasını qəbul edirdi. Məhəmməd Hadi də 1906-cı ilin 20 yanvar sayında dərc etdirdiyi məqaləsində bu mövqeyi açıq şəkildə müdafiə edirdi: "Başqalarını bilmirəm, zənnimə qalırsa, özgə işvə arayanlar yorulub peşman olacaqlar. Mübahisəsiz, münaqişəsiz Osmanlı dilini qəbul edəlim, çayi-tərəddüd deyil bu yer”.
Qeyd edək ki, "Həyat”ın səhifələrində Ə.Hüseynzadənin dil məsələsində tutduğu mövqeyi müdafiə edənlərin sırasında Krım türklərinin nümayəndələri də vardı. H.S.Ayvazovun, S.İbrahimovun, Bəkir Əməkdarın məqalələrini xatırlamaq kifayətdir ki, bu müəlliflər də Əli bəy Hüseynzadənin ortaq türk dili ideyasını qəbul edirdilər.
Ümumiyyətlə, türk dilinin yaradılması ideyası "İttihadi-Tərəqqi” Cəmiyyətinin qarşısında dayanan vacib məsələlərdən biri idi. Bu cəmiyyətin qurucularından biri kimi təbii ki, Ə.Hüseynzadə də bu ideyanın nəinki tərəfdarı, bu işi həyata keçirənlərdən hesab edilirdi. XX əsrin əvvəllərində İstanbuldan "İttihadi-Tərəqqi” Cəmiyyətinin Qafqaz bürosuna göndərilən məktubda deyilirdi: "Qafqazda hüquqi-islamiyyənin müdafiəsi yolunda Osmanlı türkcəsinin nəşriyyatlarda və məktəblərdə qəbul olunmasını hamılıqla alqışladıq”.
Təbii ki, ümumtürk ədəbi dil konsepsiyasını qəbul etməyən cinahda da dövrün tanınmış maarifçi-ziyalıları, ədibləri dayanırdılar. Firudin bəy Köçərli Əli bəy Hüseynzadənin "Həyat” qəzetinə gətirdiyi dili qəbul etmir, buna ciddi etiraz edirdi. Hətta F.Köçərli məqalələrinin birində yazırdı: "Kaş o alicənab İstanbulda oturub bizim bu şümbəxt Qafqaza gəlməyəydi”. F.Köçərli ilə yanaşı, Ə.Hüseynzadənin dil konsepsiyasına Ö.F.Nemanzadə, M.Mahmudbəyov, Q.Rəşad da tərəfdar deyildilər.
Ədəbiyyat tarixinin tədqiqatçıları tərəfindən "Azərbaycana ən çox xidmət edən pedaqoq” kimi xatırlanan Sultan Məcid Qənizadə də "Həyat”ın dilindən gileylənirdi. Maarifçi-pedaqoq bu mövzuda bir neçə məqalə yazdı və "Həyat” ın öz səhifələrində dərc etdirdi. Qəzetin 10 noyabr tarixli sayında "Hansı dil ilə yazmalı” məqaləsində S.M.Qənizadə Əli bəyin İstanbul şivəsini ortaq türkcə kimi qəbul etməyə qarşı çıxır, fikirlərini Şirvanda "Həyat”ı oxuyub başa düşməyən şikayətçinin dili ilə yazırdı: "A kişi, elə dillə yazırlar ki, oxuyanda adamın dişləri tökülür. Axı mühərrirlər qanmalıdır ki, bunu öz dilimizlə yazsınlar ki, xalq oxuyub anlasın”.
Müəllif oxucunun rəyi ilə söhbətə müdaxilə edib, məqaləni öz düşüncələriylə tamamlayır: "Axır özünüz insaf və mürvət ediniz: kasıbın birisi həzar zəhmət ilə para qazanıb özünün və ailəsinin boğazından ildə 6 rubl kəsir ki, qəzetə oxuyub dünya hadisatından məlumat cəm etsin. Dörd səhifəlik süfrəni açıb qabağına qoyur. Yemək çox, lakin heç birini həzm edə bilmir”.
"Həyat”ın səhifələrindəki polemikalara qatılan və ciddi reaksiyalar verən Ə.Hüseynzadə toxunulan problemə "Yenə dil müşkülatı” adlı məqaləsində cavab verərək qeyd edirdi ki, ədəbi dili ədəbiyyat nümayəndələri, yazıçılar, şairlər formalaşdırır və bu baxımdan ziyalı təbəqə xalqın dilini öyrənməlidir.
Bir sözlə, Ə.Hüseynzadə hamının anladığı sadə bir dillə deyil, Osmanlı türkcəsinin İstanbul şivəsində yazmağı qarşıya məqsəd qoymuşdu və "Həyat” da bu dildə nəşr olunurdu.
(Davamı var)