“Yaş artdıqca Rasim Qaraca uşaqlaşır”

Aqşin Yenisey: “Bir yazıçının öz əsəri haqqında bu qədər iddialı danışmağı, sözün açığı, yaxşı hal deyil”
Qəşəm Nəcəfzadə: “Rasim Qaracanın tərəzisi düz işləməyib, ona görə onun “On bir gecə”si ağır gəlib”


Yazıçı Rasim Qaraca sorğuda qalib gələn "Qətl günü” romanının tənqidindən sonra növbəti qıcıqlandırıcı hərəkətlə yadda qalıb. Yazıçı özünün "Facebook” səhifəsində fotoşop vasitəsilə hazırlanmış şəkil yerləşdirib. Həmin şəkildə isə birbaşa "60-cılar” nəslinə sataşıb.

Belə ki, o, tərəzinin bir gözünə özünün "On bir gecə” kitabını, digərinə isə Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Anar və Elçinin kitablarını qoyub. Ən maraqlı məqam budur ki, tərəzidə onun kitabı adıçəkilən şairlərin kitabından ağır gələrək, onları havaya qaldırır. Bu jest əslində çağdaş Azərbaycan poeziyası və nəsrinin siması olan kəslərə atılan bir həqarət kimi başa düşülür. Hətta Ramiz Rövşənin də havaya qalxdığı bu "məna tərəzisi” fotosu şəxsi ambisiyaların şişirdilməsi və qıcıqlandırılma yolu ilə gündəmə gəlməkdən başqa bir şey deyil.

Gənc yazar Aqşin Yenisey isə Rasim Qaracanın "On bir gecə” kitabının sözügedən şairlərin yaradıcılığından ağır gəlməsinin qeyri-ciddi olduğu qənaətindədir: "Hər bir yazarın yaradıcılığına qiyməti oxucu verməlidir. Bir yazıçının öz əsəri haqqında bu qədər iddialı danışmağı, sözün açığı, yaxşı hal deyil. Çox güman ki, Rasim Qaracanın bu addımı piar xarakterlidir. Heç də o fikirdə deyiləm ki, Rasim Qaraca Anar, Elçin, Ramiz Rövşən, Yusif Səmədoğlu və Vaqif Səmədoğlunun cəmi yaradıcılığından artıq ortaya nəsə bir kitab çıxarmış olsun. Şəxsən mən bir yazar, azdan-çoxdan yazı- pozu işindən başı çıxan biri olaraq belə şeylərə çox pis baxıram. Yazıçının işi ortalığa əsər çıxartmaqdır. Qiyməti isə oxucular verməlidir. Yazıçıları da tərəzinin gözündə məhz onlar çəkməlidir. Bir şeir yaza bilirəm deyə, mən hamıdan ağıllı olduğumu iddia edə bilmərəm axı? Ya da ki, bir esse yazıb, onu reklam edə bilmərəm. Yaş artdıqca, insanlar uşaqlaşır deyirlər. Ola bilsin ki, Rasim Qaracada da bu cür olub. Bir uşaqlıqdır edib də, nə deyək”.

Bu arada gənc şair Yusif Səmədoğlunun "Qətl günü” romanı ilə bağlı da fikirlərini bölüşüb və həmin əsərin bu qədər müzakirələrə səbəb olacaq bir roman olmadığını deyib: "Həmin dövrdə mistik-realizm janrı bütün dünya ədəbiyyatından bir cərəyan olaraq keçdi. Bizim də qismətimizə "qətl günü” çıxdı., "Qətl günü” müəyyən mənada Azərbaycan ədəbiyyatı üçün yenilik sayıla bilər. Lakin həmin cərəyan bizə çatana qədər əksər ölkələrdən keçmişdi. Bu mənada "Qətl günü”nün Azərbaycan ədəbiyyatında ən yaxşı roman olması ilə bağlı fikirləri də bölüşmürəm. Bu roman hamıya oxutdurulacaq qədər şedevr deyil. Sadəcə olanımız budur deyib, keçməliyik”.

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, şair Qəşəm Nəcəfzadə də Rasim Qaracanın bu addımını kəskin tənqid edib: "Mənə elə gəlir ki, heç bir normal yazar öz əsərlərini tərəzinin gözünə qoymaz. Bu heç də xoşagələn hal deyil. Boşuna demirlər ki, "elin gözü tərəzi”dir. Zənnimcə, öz yaradıcılığından əmin olan adam bu yola getməzdi. Deyəsən, Rasim Qaraca yeni Amerika kəşf etmək niyyətindədir. Qəribə- qəribə fantaziyalar uydurmaqla özünü reklam edir. Bir azdan da başını yerə qoyub, ayaqlarını göyə qaldıracaq ki, belə olanda yazıçının çəkisi artır. Şübhəsiz ki, Anarın, Elçinin, Ramiz Rövşənin, o cümlədən də digər yazıçıların əsərlərini müdafiə eləmək fikrində deyiləm. Onların hər birinin əsəri müdafiəsini özündə saxlayıb. Bilirsiniz ki, hər şey Yusif Səmədoğlunun "Qətl günü” romanının kulis. az-ın keçirdiyi sorğuda qalib gəlməsindən sonra başladı. Və bu müsabiqədən sonra bir çox şair və yazarlar həmin romanı tənqid edib, onun birinciliyə layiq roman olmadığını iddia etdilər. Ancaq onların heç biri Rasim Qaraca qədər irəli gedib, öz yaradıcılığı ilə o boyda əsərləri tərəzinin gözünə qoyub belə müqaisə etmədilər. Ay Rasim Qaraca, sözügedən yazarlardan xoşun gəlmirsə, heç olmasa, tərəzinin o biri gözünə öz əsərlərini qoyma. Ayıbdır axı! Son olaraq isə onu deyim ki, Rasim Qaracanın tərəzisi düz işləməyib, ona görə onun "On bir gecə”si ağır gəlib”.

Şəymən