“Ciddi qorxum yoxdur”

Qan Turalı: “Çünki mən heç vaxt islamı təhqir edən məqalə yazmamışam”


Suriyada vuruşan azərbaycanlılara dəstək verən radikal vəhhabi təriqətinin üzvləri "Facebook”da APA-nın əməkdaşı Hafiz Heydərovu və "Kulis.az” saytının baş redaktoru Qan Turalını hədələyərək təhdid ediblər. Onlar APA İnformasiya Agentliyinin əməkdaşı H.Heydərovun ünvanına da nalayiq ifadələr işlədiblər.

Radikallar gənc yazar Qan Turalını islamın düşməni adlandıraraq, onun bir neçə il əvvəl qətlə yetirilən yazıçı-publisist Rafiq Tağının davamçısı olduğunu qeyd ediblər. Jurnalistin fotosunu paylaşan şəxslər bütün dindarlara onu tanımağı məsləhət görüblər: "Bu adam Rafiq Tağının davamçısı və islamın düşmənidir. Bakıda yaşayır. Düşmənlərimizi tanıyaq”. Təhdidlə bağlı "Şərq”ə açıqlama verən APA-nın əməkdaşı Hafiz Heydərov vəhhabilərin hədəfinə tuş gəlməsinin səbəblərini açıqlayıb: "Onlar iddia edirlər ki, guya mən "Facebook”da "Abdul Vahid” adı ilə qeydiyyatdan keçərək onlarla danışmışam və Suriyada öldürülən azərbaycanlılarla bağlı onlardan məlumat toplamışam. Qəti şəkildə bildirirəm ki, mən "Facebook”da başqa adla qeydiyyatdan keçməmişəm. "Abdul Vahid” adlı profil də mənə məxsus deyil. Suriyada öldürülən azərbaycanlılarla bağlı yazdığım bəzi xəbərlərdə dəqiqləşdirmə aparmaq üçün bu ölkədə döyüşən və onlara dəstək verən bir neçə azərbaycanlı ilə sosial şəbəkədə yazışmışam. Mənə qarşı bu təxribatı yayan adamla da bu barədə yazışmamız olub. Lakin mən onların hamısı ilə öz profilimlə danışmışam və bunu özləri də yaxşı bilir. Sadəcə olaraq APA-da mənim imzamla Suriyada azərbaycanlıların öldürülməsi ilə bağlı yazılan xəbərlər Suriyada döyüşlərə qatılan azərbaycanlılara dəstək nümayiş etdirən digər dindarlarda qıcıq doğurub. Bu da onunla bağlıdır ki, APA məsələni gündəmə gətirəndən sonra bu təhlükənin qarşısını almaq üçün Azərbaycanın dövlət qurumları daha fəal hərəkətə keçib. Ona görə də həmin şəxslər indi bizi hədəfə alıblar”.

"Kulis.az” saytının baş redaktoru, gənc yazar Qan Tural isə deyir ki, o, Rafiq Tağı ilə dost olub və mərhum yazıçını ən xoş insanlardan biri kimi xatırlayır. Amma islamla bağlı bir çox məsələlərdə R.Tağı kimi düşünməyib: "Onunla fərqli mövqelərimiz var idi. Ancaq görünür, mərhum yazıçını müdafə etdiyim üçün məni hədəf seçiblər. Ümid edirəm, hüquq-mühafizə orqanları bu məsələ ilə çox ciddi şəkildə məşğul olacaq və ola biləcək təhlükənin qarşısını alacaqlar”. Gənc yazar bildirib ki, indiyə kimi konkret bu formada hansısa təhdidlə üzləşməyib: "İlk dəfədir ki, bu cür təhdid edilirəm. Amma ciddi qorxum yoxdur. Çünki mən heç vaxt islamı təhqir edən kəskin məqalə yazmamışam”.

İsmayıl