“Kimlərsə mənim adımı çəkməklə, gündəmə gəlmək istəyir”

Elşad Miri: “Sosial şəbəkədə ağzına gələni yazan, başqalarını tənqid edən, tanınmışlara ləkə yaxan adamların fikirlərini ictimailəşdirmək düzgün deyil”


Sosial şəbəkələrdə Azərbaycandakı şiə-müsəlmanları açıq şəkildə təhqir edən və hədələyən açıqlamaların sayı artıb. Maraqlısı budur ki, əvvəllər belə statuslar, ismarıclar, hansısa gizli adlar altında yayılırdısa, son günlər həmin şəxslər artıq öz profillərindən insanları təxribata çəkirlər.

"Facebook” vasitəsilə vəhhabilərə çağırış edənlərdən biri də Azər Hüseynovdur. O öz statusunda radikal dini qruplaşmaların, xüsusən şiə müsəlmanların təhdid olunma istiqamətlərini konkret olaraq göstərib. Bundan başqa, statusda özlərini sələfi adlandıran vəhhabilərin Azərbaycanda gördükləri və görməli olduqları əməllərə də aydınlıq gətirib. Vəhhabiləri istiqamətləndirən bu açıqlamada ən iyrənc məqam isə şiə-müsəlmanların ailələrinə qarşı verilən "fətvalardır”. Vəhhabilərin düşüncəsinə görə, rafizilərin (şiələrin) qadınlarına gördüyü yerdə təcavüz etməyən sələfi cəhənnəmlikdir. Vəhhabi onu da qeyd edir ki, efirlərə ancaq onları "təbliğ” edən alimləri çıxardırlar. Məsələn, Elşad Miri, Qamət Süleymanov və başqaları.

Statusda sələfi-vəhhabi "tərəfdarı” kimi təqdim edilən ilahiyyatçı-alim Elşad Miri məsələyə münasibət bildirərkən deyib ki, kimlərsə onun adından gündəmə gəlmək üçün istifadə edirlər. Sosial şəbəkədə ağzına gələni yazan, başqalarını tənqid edən, tanınmışlara ləkə yaxan adamların fikirlərini ictimailəşdirmək düzgün deyil: "Həmin fikirlərlə mən də tanış olmuşam. Bəzi saytlar da götürüb onu yayıblar. O cür insanları təbliğ etmək yox, əksinə, biabır etmək lazımdır ki, cəmiyyətdə tanınmış şəxslərin adlarını hallandırmasınlar. Şəxsən mən istəməzdim ki, adım o insanlarla bir yerdə çəkilsin. Çünki qətiyyən onların fikirlərinin tərəfdarı deyiləm.

Sözügedən ismarıcda yazılanlar isə konkret cinayət tərkibli məsələlərdir. Orada qeyd olunanların islam dini ilə heç bir əlaqəsi yoxdur. Buna görə də, hüquq-mühafizə orqanları, müvafiq qurumlar bununla bağlı ciddi tədbirlər görməlidir. Çünki konkret olaraq bu cür iyrənc ifadələrin işlədilməsi qanunvericilikdəki mövcud müddəalara əsasən cinayət hesab olunur”.

İsmayıl