Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı özəl ali məktəblərin fəaliyyətini tənqid edib. Təhsillə bağlı ona ünvanlanan müraciətlərlə bağlı spikerə müraciət edən millət vəkili bildirib ki, bəzi özəl ali məktəblərdə 20 nəfərdən 17-si imtahanlarda kəsilir. Ali məktəb rəhbərliyi isə onları 4-cü kursa qədər aparır. Sonuncu kursda isə 4 il təhsil aldıqları müddətdə ödədikləri təhsil haqqından 4-5 dəfə çox rüşvət alırlar. Hətta tələbələri diplom verməməklə qorxudurlar.
Millət vəkili, "Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev isə həmkarının ittihamlarının rəhbərlik etdiyi ali məktəbə heç bir aidiyyəti olmadığını deyib: "Azərbaycanda kredit sisteminə keçid prosesi ilk dəfə özəl ali məktəblərdən başlayıb. Hansı ki, Azərbaycanda kredit sisteminin tətbiqi ilə bağlı Nazirlər Kabineti tərəfindən sərəncam imzalandıqdan sonra artıq dövlət universitetləri də bu prosesə qoşulub. Ona görə də birinci kursdan kəsri olan tələbənin dördüncü kursa qədər getməsi normaldır. Bu, kredit sisteminin başlıca tələbidir ki, neçə kəsri və neçənci sinifdə kəsri olmasından asılı olmayaraq tələbələr universitetdən xaric olunmamalıdır. Bu, hökumətin təsdiq etdiyi əsasnamədə öz əksini tapıb. Yəni hər hansı bir fənndən kəsiri olan tələbə yenidən həmin dərslərə girir və proqram başa çatandan sonra təkrar imtahan verir. Görünür, Qüdrət Həsənquliyev ölkədə təhsil sahəsində gedən proseslərdən xəbərsizdir. Hər bir ali məktəb qanun qarşısında aciz olduğu üçün əsasnamədən kənara çıxa bilmərik. Əgər Azərbaycanda tələbələrin auditoriyadakı tələbələr sırasından xaric olunması qanunla qadağadırsa, neçə kəsri olmasından asılı olmayaraq hər biri sonuncu kursa qədər təhsilini davam etdirməlidir. Sadəcə olaraq, fənlərin ardıcıllığı gözlənilməklə neçə il istəsə, ali məktəbdə oxuya bilər”.
Q.Həsənquliyevin qrupda olan 20 nəfər tələbədən 17-sinin kəsrə qalması ilə bağlı iddiasına gəldikdə isə "Odlar Yurdu”nun rektoru rəhbərlik etdiyi ali məktəbdə belə bir faktın qeydə alınmadığını vurğulayıb: "Ola bilər ki, hansısa ali məktəbə dair Qüdrət müəllimin əlində faktlar var, onu deyə bilmərəm. Şəxsən öz universitetim adından deyə bilərəm ki, bizdə belə bir şey heç vaxt olmayıb. Həm də ki, burada qeyri-adi heç nə yoxdur. Biz özümüz də tələbə olmuşuq. Qrup imtahana zəif hazırlaşanda qrupda olan 20 tələbədən 20-si də kəsilə bilər. Burda nə var ki? Əsas odur ki, tələbənin haqqına girib, onu imtahandan qanunsuz kəsməsinlər. Bizdə belə bir fakt olsa da, dərhal tələbə apelyasiya məhkəməsinə verir. Yekunda da tələbənin, yoxsa ali məktəbin haqlı olduğu üzə çıxır. Ola bilsin ki, Qüdrət Həsənquliyev danışmaq naminə bu cür ittiham irəli sürüb. Yenə deyirəm, bizdə elə bir fakt qeydə alınmayıb. 5-10 nəfər kəsilən olub. Təbii ki, imtahana hazırlaşmayan tələbə kəsilər. Qüdrət müəllimin ağlı sovet dövrünə getməsin. Biz öyrəşmişik ki, tələbə oxudu-oxumadı 2-dən 3-dən bir qiymət yazıb, yola verək. İndi o dövr deyil axı? Bu günləri Azərbaycanda təhsil sahəsinə çox ciddi diqqət var. Tələbələrin imtahan prosesinə birbaşa təhsil naziri səviyyəsində nəzarət olunur. Biz heç kəsi diplom verməməklə qorxudub, rüşvət almırıq. Nazirliyin göstərişi var ki, zəif oxuyan tələbələrə diplom verilməsin. Bizim məqsədimiz keyfiyyətli kadr hazırlığına nail olmaqdır. Tələbə bir dəfə tarix fənnindən kəsilməklə savadsız sayılmır. Onsuz da ki, o, ikinci dəfə daha yaxşı oxuyub, həmin imtahandan keçəcək. Ən pis halda üçüncü dəfə də imtahana girəcək. Əsas odur ki, hazırlıqlı olmayan tələbəyə qiymət yazmır, imtahandan kəsməklə onu oxumağa vadar edirik”.
Şəymən