Yeni inşa olunan çoxmərtəbəli binalar Bakının simasını dəyişməklə, əhalinin mənzilə olan tələbatını ödəməklə yanaşı, bir sıra problemlər də yaradır. Şirkətlər inşaat işlərinin gedişi zamanı sakinlərin bütün kommunal xidmətlərlə təmin olunacaqlarını bildirsələr də, sonradan vədlərinə əməl etmirlər. Faktdır ki, yeni tikilən binaların əksəriyyətində yaşayış olsa da, qaz verilmir. Aidiyyəti qurumlar isə bunu həmin binaların tikintisinin tam şəkildə başa çatmaması ilə əlaqələndirir. Demə, bu cür binalar dövlət komissiyasına təhvil verilməyib. Yəni yeni tikilən binalar aidiyyəti rayon icra hakimiyyətinin xüsusi komissiyası tərəfindən istismara qəbul edildikdən sonra akt tərtib olunur. Yalnız bundan sonra bina "Azəriqaz”ın balansına keçir və təbii qazla təmin olunur. Təbii ki, problemin məsuliyyətini birbaşa "Azəriqaz”ın boynuna qoymaq da ədalətli deyil. Yəni bu məsələdə tikinti şirkətləri də az aşın duzu deyil. Şirkət rəhbərliyi mənzilləri əvvəlcədən satdıqlarından bu mənzillərin qazla təmin olunub-olunmamasında maraqlı olmurlar. Bunda maraqlı olan vətəndaşlardır ki, onlar da şikayətlə tikinti şirkətinə deyil, müvafiq dövlət qurumlarına müraciət edirlər. Dövlət orqanı isə bu halda problemin həllində aciz duruma düşür.
Hazırda Bakıda elə binalar var ki, onlarda 3 ildir məskunlaşma gedib, amma qazın nə vaxt veriləcəyi hələ də sual altındadır. Sakinlər ya binanı inşa etmiş şirkətin sahiblərini tapa bilmirlər, ya da MTK rəhbərləri binaya, mənzilə qaz xəttinin çəkilməsi üçün sakinlərdən əlavə pul tələb edirlər. Qısası, son illərdə paytaxt sakinlərinin aktual problemlərindən olan "novostroyka”larda qaz təminatı məsələsi yenidən gündəmə gəlib. Həm də parlament səviyyəsində.
Belə ki, Milli Məclisin ötən cümə keçirilən plenar iclasında millət vəkili Qənirə Paşayeva yeni tikilən binalara qaz verilməməsi məsələsini qaldırıb. Təbii qazla təmin edilməyən binaların sakinlərinin parlamentə müraciətlərinin gündən-günə artdığını vurğulayan xanım millət vəkili yaranmış vəziyyətin vətəndaşları ciddi narahat etdiyini vurğulayıb, problemin həllinin vacibliyini vurğulayıb.
Spiker Oqtay Əsədov da mövcud problemlə maraqlandığını qeyd edərək həmin binaların 70 faizində tüstü-baca sisteminin olmadığını deyib: "Qaz verilməsi üçün binanın 70 faizinə əhali köçməlidir. Deyirlər ki, binaların yarısı boşdur. Binaları tikənlər orada yaşayanların qarşısında məsuliyyət daşıyırlar. Qazı verdilər, sabah da partladı. Buna görə kim məsuliyyət daşıyacaq? Tüstü-baca sistemi yoxdur. Bu, ciddi problemdir”.
Əmək Hüquqları Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə hesab edir ki, problem kompleks şəkildə öz həllini tapmalıdır: "Çoxmərtəbəli binalara qaz ona görə verilmir ki, onlar müvafiq dövlət komissiyası tərəfindən qəbul edilməyib. Bir bəhanələri də binalarda tüstü-baca sisteminin olmamasıdır. Bəs, bu bina tikiləndə Fövqəladə Hallar Nazirliyi hara baxırdı? Hər tikilən binaya FHN nəzarət etməlidir. Faktiki olaraq, bu cür binalar parametrlərə uyğun gəlmir və sakinlər aldadılmış sayılır. Şirkət rəhbərləri başdansovdu binaları tikib satır, pulunu da yeyir. Əziyyətini isə sadə vətəndaşlar çəkir. Onlar heç cür aidiyyəti orqanlarla dil tapa bilmir və məsələ də uzanıb gedib. Hesab edirəm ki, problem köklü həll olunmalıdır. Biz dəfələrlə məsələ qaldırmışıq ki, tikinti mərhələ-mərhələ tikilməklə pul verilməlidir. Və bütün texniki parametrlərə cavab verməyən tikintilərə icazə verilməməlidir. Dövlət isə buna göz yumur. Bina hazır olub, sakinlər köçəndən sonra "Azəriqaz” gəlib baxır ki, binaya qaz çəkmək standartlara cavab vermir. Ona görə də həmin bina qazsız qalır”.
Dövlət Komissiyası tərəfindən qəbul olunmayan bina sakinlərinin işıq, supulu ödəməsinin nə dərəcədə qanuna uyğun olduğuna gəldikdə isə S.Məmmədov deyib ki, çoxmərtəbəli binalar işıq və su idarəsinin standartlarına cavab verdikdə binada elekrtik və su təchizatı quraşdırılır: "Həmin qurumlar öz əmtəəsini satır, pulunu alır. Təbii olaraq, "Azəriqaz” da malını satıb, pul qazanmaq istəyir. Sadəcə bina texniki tələblərə cavab vermədikdə risk etmir. İşıqla qaz bir deyil axı? Onun üçün fərqi yoxdur, binanın texniki göstəriciləri dövlət komissiyası tərəfindən qəbul olunub, ya yox. Bina qurumun öz şərtlərinə cavab verdiyi təqdirdə öz enerjisini satır. Qaz çox təhlükəli olduğu üçün "Azəriqaz” ehtiyatlı davranır”.
Tikintiyə cavabdeh olan dövlət orqanlarının hündürmərtəbəli binaların standartlara uyğun tikilib, vətəndaşlara təklif olunmasına nəzarət etməli olduğunu vurğulayan hüquq müdafiəçisinin
sözlərinə görə, bütün binalar müəyyən olunmuş standartlar əsasında tikilməlidir. "Çox təəssüf ki, indiki binaların heç birində istilik sistemi yoxdur. Hər sakin öz mənzilini kombi ilə qızdırır ki, onlar da professional deyil. Qaz təhlükəsizliyi ilə bağlı da havaçəkənlər qoyulmur. Nəticədə də vətəndaşlar çox böyük problemlər qarşısında qalırlar”.
Liqa rəhbəri onu da qeyd edib ki, ciddi tikinti ilə məşğul olan şirkətlər vətəndaşların hüquqlarını pozmur: "Azinko”, "Akkord”, "Gilan” və s. kimi böyük, ciddi holdinqlər artıq minimal standartlara əməl edir və onların inşa etdiyi binalarda ciddi problemlər yaşanmır. Problem vaxtı ilə göbələk kimi yayılan, hazırda isə bir qisminin fəaliyyət göstərdiyi MMC-lərlə bağlıdır. Onların yeganə məqsədi pul qazanmaqdır. Bina ala-yarımçıq olan kimi sakinlərin üstünə atıb, qaçırlar. Həm də heç bir məsuliyyət götürmədən. Hesab edirəm ki, müvafiq qurumlar bu cür şirkətlər haqqında cinayət işi başlatmalı və onların vəsaiti hesabına binalarda çatışmayan avadanlıqlar quraşdırılmalıdır”.
Şəymən