Azərbaycanın səs yazısı

Ərdoğan, CHP-nin ölkəmizlə bağlı aparılan çirkli söhbətlərini dinlətdirmək istəyir
Azərbaycanlı siyasilər isə baş nazirin iddialarına inanmırlar


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan son günlər ölkəni biri-birinə qatan gizli səs yazıları ilə bağlı sərt fikirlər səsləndirib. Baş nazir Cümhuriyyət Xalq Partiyasına (CHP) müraciət edib və bildirib ki, əgər cəsarətləri varsa, Azərbaycanla bağlı olan səs yazılarını da dinlətsinlər. Ərdoğanın çıxışında "Azərbaycanla bağlı aparılan çirkli söhbətləri dinləsinlər” deyə səsləndirdiyi fikirlərin hansı məqsədlə CHP-yə ünvanlanması maraq doğurur.

Baş nazirin iddiasını şərh edən Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev deyir ki, CHP-nin Azərbaycanla bağlı hər hansı oyun hazırlaması iddiası o qədər də inandırıcı deyil. Çünki bu partiyanın hansısa planı həyata keçirmək imkanı yoxdur: "Türkiyədə müxalifətin mövqeyi çox zəifdir. Ümumiyyətlə, daxili siyasətlə nisbətdə xarici siyasətdə müxalifətin rolu həmişə az olur. Amma CHP və MHP-nin Türkiyənin daxili siyasətində belə nəzərə çarpacaq

təsiri yoxdur. Parlamentdə əsas çoxluq hakim partiya AKP-nin əlindədir. Bu baxımdan CHP-nin planları nə olursa-olsun, xarici siyasət baxımından heç bir önəm və mahiyyət daşımır. Axı müxalifətdə olan bir partiyanın əlində hansı təsir institutları var ki, xarici ölkələrlə gizli plan hazırlasın?”. F.Mehdiyevin sözlərinə görə, CHP ancaq xarici dairələrə Azərbaycan haqqında məlumat verə bilər. Amma məsələ burasındadır ki, amerikalılar heç vaxt tək bir mənbədən məlumat almırlar: "Onlar müxtəlif dairələrdən informasiya toplayır, aldıqları məlumatlar əsasında bir qənaət formalaşdıraraq hansı addımları atacaqlarına qərar verirlər. Əgər söhbət konkret ABŞ-dan gedirsə, nəzərə almaq lazımdır ki, ABŞ heç vaxt Azərbaycanla bağlı izləyəcəyi siyasəti CHP-dən soruşmaz. Bəlkə iqtidar partiyası olduğu üçün AKP-nin mövqeyini, fikirlərini nəzərə alar. Yəni öyrənər ki, Azərbaycan hansı siyasi xətti yeridir, nə cür islahatlar həyata keçirir və s. Amma təsirsiz bir müxalifət partiyasının yanaşmasını dinləsə belə, ciddiyə almaz”. F.Mehdiyev baş nazir tərəfindən irəli sürülən ittihamda Azərbaycanın adının çəkilməsinə də münasibət bildirib: "Bir müddət əvvəl Ərdoğan CHP-ni tənqid edəndə də Azərbaycanın adını çəkmişdi. Xatırlayırsızsa, baş nazir dedi ki, sovet Azərbaycanında mövcud olan hakimiyyətin təzyiqindən Türkiyə sərhəddinə sığınan azərbaycanlıları o zamanki CHP hökuməti SSRİ-nin təkidi ilə qəbul etmədi. Nəticədə həmin adamlar güllələndi. Yəni Ərdoğan CHP-nin tarixini misal gətirərək qeyd edir ki, bu partiyanın niyyəti dəyişməyib, elə əvvəlki ənənələrini davam etdirir. Əslində bu cür münasibət tək Azərbaycanla bağlı deyil, zaman-zaman başqa ölkələrin də adı hallandırılır. Amma azərbaycanlı olduğumuz üçün təbii ki, gözümüzə ilk növbədə Azərbaycan sözü ilişir və ciddi reaksiya verməyimizə səbəb olur. Amma burda ciddiyə alınacaq məsələ yoxdur. Türkiyədə siyasət çox aqressivdir. Siyasi liderlər biri-birinə aqressiya ilə cavab verirlər. Siyasi mübarizələrində bəzən yalan və təhqirə kimi gedib çıxırlar. Bu, hər zaman belə olub və belə də olacaq. Bu baxımdan onlar arasındakı münaqişəni məntiqlə ölçmək lazım deyil”.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu da baş nazirin çıxışının həqiqəti əks etdirmədiyi qənaətindədir. Ekspertin sözlərinə görə, Türkiyədə vəziyyət elə qarışıqdır ki, kimin hansı məzhəbə qulluq etdiyi bilinmir: "Nəzərə almaq lazımdır ki, AKP hakimiyyəti olduqca çətin durumdadır. Ərdoğan çalışır ki, rüşvət və korrupsiya əməliyyatlarının nəticələrini aradan qaldırmaq üçün müxtəlif vasitələrdən istifadə etsin. Vəziyyətdən çıxışın ən yaxşı yolunu isə ana müxalifət partiyalarını ittiham etməkdə görür. CHP-nin Azərbaycan üzərindən çirkli oyunlar aparması fikri çox da ciddi görünmür. Azərbaycan və onun rəsmiləri ilə Ərdoğan hakimiyyəti daha çox əlaqədədir. CHP-nin isə bu cür imkanları yoxdur”.

İsmayıl