"ABŞ-ın məqsədi separatçı rejimi Qarabağ danışıqlarına cəlb etməkdir”. Bunu rusiyalı politoloq Stanislav Tarasov Dağlıq Qarabağ münaqişəsində Türkiyənin və ABŞ-ın iştirakını şərh edərkən deyib.
Ekspertin fikirlərində daha çox ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Türkiyəyə səfərinə diqqət çəkilib. Azərbaycanın bu səfərə son dərəcə ehtiyatla yanaşdığını deyən Tarasov qeyd edib ki, buna əsas səbəb Uorlikin Dağlıq Qarabağ münaqişəsinin həllini Kipr problemi ilə müqayisə etməsidir. Qeyd edək ki, ABŞ-dan olan həmsədr Dağlıq Qarabağ konfliktini Kipr problemi ilə müqayisə edərək problemin həllində Kipr variantının mümkün ola biləcəyini bildirib. Rus politoloqun fikirlərini dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, C.Uorlikin belə bir niyyəti varsa, indiki situasiyada bu, qəbuledilməzdir. Əgər həmsədr Dağlıq Qarabağın danışıqlarda iştirakına nail olmaq istəyirsə, ilk növbədə Ermənistanı konkret olaraq işğaldan çəkindirməlidir: "Əks
halda qondarma rejimin danışıq masasına oturması o deməkdir ki, biz Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını danırıq. Təbii ki, bu mümkün deyil. Hansısa mərhələdə Qarabağ separatçılarını masa arxasına dəvət etmək olar. Ancaq yenə deyirəm, bunun üçün birinci növbədə ermənilərin zəbt etdiyi torpaqlarımızı boşaltması, ikincisi isə masa arxasında Qarabağın Azərbaycan təmsilçilərinin də oturmasıdır. Yalnız bu şərtlər əsasında güzəşt etmək mümkündür. Biz Dağlıq Qarabağda yaşayanları öz vətəndaşımız sayırıq”. E.Şahinoğlunun fikrincə, amerikalı həmsədrin Türkiyəyə səfəri müəyyən şübhələr doğurur. Çünki rəsmi Ankara ilə Qarabağ münaqişəsi ətrafında danışıqlar aparmaq Uorlikin fəaliyyət mandatına və səlahiyyətinə aid deyil. O, ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz missiyasını yerinə yetirməlidir: "Fikrimcə, səfərin əsas məqsədi ABŞ-ın əli ilə Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasıdır. Çünki bu məsələ Vaşinqton üçün Dağlıq Qarabağ münaqişəsindən daha önəmlidir. Amma rus politoloq bu fikirləri deyərkən heç də Azərbaycanın qayğısına qalmır. Tarasovun və Rusiyanın öz məqsədləri var. Kreml hər zaman Azərbaycanla qərbin arasının dəyməsində maraqlı olub. ABŞ-dan fərqli olaraq Rusiya birbaşa işğalçı Ermənistanı müdafiə edib, erməni ordusunu silahlandırıb. Problemin arxasında rəsmi Moskvanın durduğunu hamımız yaxşı bilirik. Yaxşı olar ki, Tarasov ötən gün Azərbaycanı təhdid etmiş polkovnik Baranetsin fikirlərinə də münasibət bildirərdi”.
İsmayıl