Paytaxtda nizamlanmayan piyada keçidlərində sakinlər CƏRİMƏLƏNİR

Fərhad Eyyubov: "Nəqliyyat axınının qırılmaması piyadaların və sürücülərin həyatına təhlükə yarada bilər"


"Piyada hərəkətinin təşkili müəyyən qanunauyğunluq prinsiplərinə müvafiq olmalıdır”.

Bunu Sherg.az-a 398 ədəd piyada keçidinin normalara uyğun yerləşdirilməməsinə münasibət bildirərkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib. 

O bildirib ki, Bakı şəhərində çox hissələrdə eskolatorlar və yeraltı keçidlər yoxdur və quraşdırılması da mümkün deyil:

"Elə yerlər var ki, kommunikasiya xətləri imkan vermir, ya da iqtisadi cəhətdən yeraltı keçidlər quraşdırıla bilmir. Çünki piyada axını o qədər çox olmalıdır ki, yeraltı keçidlər quraşdırılsın. Ona görə, yalnız yerüstü piyada keçidləri qurulur.

Yerüstü keçidlər quraşdırılmış hissələrdə yolayırıcılar varsa, işıqforlar vasitəsilə keçidlərdən istifadə olunur.

Nizamlanmayan piyada keçidləri də var ki, bunlar yolayırıclarında deyil, başqa hissələrində olur. Həmin yerlərdə də nəqliyyat və piyada axını çoxdursa, piyadalar üçün xüsusi işıqforlardan istifadə olunur. Yəni bu da nizamlanır. Çünki nəqliyyat axınının qırılmaması piyadaların və sürücülərin həyatına təhlükə yarada bilər.
Buna baxmayaraq, Bakı şəhərində çoxlu yaşayış məntəqələri var ki, piyadalar yolu keçməyə məcburdurlar. Buna uyğun olaraq, 300-400 metrdən bir piyada keçidləri təşkil olunmalıdır. Əgər bu edilmirsə, piyadalar psixoloji olaraq yolu piyada keçidlər olmayan yerlərdən keçməli olur. Buna görə, həmin piyada keçidləri xüsusi xəritələrə uyğun yaradılmalıdır ki, həm nəqliyyat vasitələrinin ləngiməsinin qarşısını alsın, həm də piyadaların təhlükəsiz yol keçməsinə şərait yaratsın”.

F. Eyyubovun fikrincə, bütün bunları nəzərə aldıqda Bakı şəhərində piyada keçidlərinin təşkili böyük problemə çevrilib:

"Buna elmi cəhətdən düzgün yanaşılmır. Lazım olan yerdə quraşdırılmaqla yanaşı piyada keçidləri müəyyən vasitələrlə də təchiz olunmalıdır. Piyada keçidlərinin xüsusi işarələnməsi var. Onlar müəyyən standartlara uyğun yerinə yetirilməlidir. Bundan əlavə piyada keçidləri üçün nişanlar olmalıdır. Çünki çəkilmiş xətləri nəqliyyat vasitəsinin sürücüsü uzaqdan görə bilmir. Kənarda quraşdırılan xəbərdarlıq nişanını isə görür və bilir ki, piyada keçidi var. Həmin nəqliyyat vasitəsinə göstəriş verən nişanlar da gecə vaxtı işıqlandırılmalıdır.

Bütün bu məsələlər elmi cəhətdən əsaslandırılmalı, xəritə hazırlanmalıdır. Bununla məşğul olan qurum dəqiqləşdirilməlidir. Bəzən Bakı Nəqliyyat Agentliyi öz üzərinə götürür, bəzən isə yolları tikən şirkətlər, yaxud yol polisi məşğul olur. Lakin piyada keçidlərinin hamısı planlaşdırılmış şəkildə olmalıdır”. 

Aysel Aslan