"Evində suvaq qopanda düzəldir, canı ağrıyanda həkimə getmir"

Sərdar Cəlaloğlu: "Azərbaycanda həkimin heç nə vecinə deyil, xəstəni öldürsə nə olacaq, öldürməsə nə olacaq"


"Qanın az olmasına görə qadının analıqdan məhrum olması tibbi cəhətdən izaholunmazdır. Ola bilər, doğuş zamanı həkimlər orqanlarına zərər veriblər və bu bəhanə ilə pərdələyiblər”.

Bunu Sherg.az-a Tovuz rayon Mərkəzi Xəstəxanasında qız övladı dünyaya gətirən 26 yaşlı Aygün Qasımovanın analıqdan məhrum olmasına münasibət bildirərkən Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu deyib. 

O xatırladıb ki, səhiyyə sistemi də dövlətin müəyyən elementdir:

"Təsəvvür edin ki, o bir saat dayanıbsa, içərisindəki hissələr də mütləq dayanmalıdır. Azərbaycan cəmiyyətində total böhran yarandığından heç bir dövlət sahəsində nailiyyət yoxdur. Bunun ən başlıca səbəbi maddi təchizat problemidir. İkinci tərəfdən texniki təchizatda da bir sıra geriləmələr var. Həmçinin insan resursları qıtlığı da müşahidə olunur.

Maliyyə resursları məlumdur ki, dövlət büdcəsində pul yoxdur və büdcə əvvəlki illərə nisbətən aşağı hesablanıb. Hazırda isə büdcəyə pul yığmaq mümkün deyil. Buna görə dövlət öz institutlarını təmin edə bilmir.

Texniki problemlərə gəldikdə isə bir neçə şəhərdə diaqnostika mərkəzləri tikilsə də, onlar rayonun tələbatlarını ödəmir. Olimpiya komplekslərini və diaqnostika mərkəzlərini şəhərlərdə görkəm üçün tikiblər.

İnsan resurslarından danışdıqda tək həkimləri deyil, xəstələrin özünü də qeyd etməliyik. Yadıma bir lətifə düşür: həkimlər söhbət edir. Biri deyir ki, əgər bir yəhudi zəng edib, ölürəm deyirsə, bilin ki, heç bir narahatlığı yoxdur. Yox, bir müsəlman zəng edib, bir az narahatam deyirsə, təcili qaçın yanına. Çünki o artıq can verir.

Əslində bu lətifənin mahiyyəti odur ki, azərbaycanlılar da həkimə, xəstəxanalara artıq iş işdən keçən vaxtda müraciət edirlər. Respublikamızdakı onkoloji xəstələri araşdırsaq, görərik ki, onlar xəstəliyin ən pik həddində müraciət ediblər. Burada iki səbəb var: Birincisi odur ki, vətəndaşların gəlirləri azdır və onlar pulsuzluq ucbatından həkimə müraciət edə bilmirlər. İnsan öz sağlamlığına o qədər laqeyddir ki. evinin bir hissəsində suvaq qopanda düzəldir, amma canı ağrıyanda həkimə müraciət etmir. Bu xəstələrin özü ilə bağlı problemlərdir”.

Səhiyyə sahəsində həkimlərdən qaynaqlanan problemlərə də toxunan S. Cəlaloğlu bu sahədəki çatışmazlığı təhsil sistemi ilə əlaqələndirib:

"Dövlət Tibb Universitetində kifayət qədər yüksək təhsil verilmir. Eləcə də həkimlərin təkmilləşdirilməsi, müasir elmi texnikaların tələblərinə uyğunlaşdırılması istiqamətində işlər aparılmır.
Azərbaycanda baş verən insan itkilərinə görə, həkimlər cəzalandırılsaydı, güman ki, onlar daha məsuliyyətli olardı. O qədər məsuliyyətsizlik var ki, hətta bəzən xəstə dünyasını dəyişir, heç kim maraqlanmır. Azərbaycanda sovet hökumətində olduğu kimi insanın heç bir qiyməti yoxdur. Məsələn, Amerikada, Avropada, Türkiyədə həkimin səhvinə görə xəstə dünyasını dəyişərsə, xəstəxananı və həkimi 100-200 min məbləğində cərimə edə bilərlər. Ölkəmizdə bir xəstə ölsə, həkim məhkəməyə verilsə, heç kim həmin işə baxmaz. Sağlamlıqdan dolayı meydana çıxan problemlərə görə effektiv müdafiə mexanizmi yoxdur. Azərbaycan qanunlarına həkimlərin səhvi ucbatından dəyən ziyana görə, dövlət, xəstəxana, həkim tərəfindən kompensasiya nəzərdə tutan maddələr daxil edilməyib. Ona görə, həkimin vecinə deyil, öldürsə nə olacaq, öldürməsə nə olacaq”.

Həkimlərin peşəsini tamamilə mənimsəmədiyini diqqətə çatdıran S. Cəlaloğlunun fikrincə, həkimlər istəsə özləri qan verib, xəstəni xilas edə bilərdi:

"O qədər heyəti olan xəstəxanada necə olub ki, xəstəyə uyğun qan tapılıb, onun həyatı xilas edilmir? Burada həm də mənəvi problemlər olduğunu görürük. Həkimlər özləri peşə psixologiyasına yiyələnməyiblər. Ona görə xəstələr asanlıqla məhv olur.

Son olaraq deyim ki, obyektiv səbəblər də ortaya çıxır. Elə xəstəliklər var ki, həmin problemə ən mükəmməl həkimi gətirsək belə nəticə dəyişməz olaraq qalır”.

Qeyd edək ki, ailə üzvlərinin sözlərinə görə Aygün doğuşadək daim həkim nəzarətində olub və səhhəti ilə bağlı heç bir narahatlıq müşahidə edilməyib.

Aysel Aslan