Harınlamış övladlar...

Niyə zəmanənin övladı olsun ki, hər kəs öz atasının övladıdır


Zənginlikləri ilə öyünən bəzi məmur övladlarının fotolar paylaşması dəb halını alıb. Sanki bir-birilə bəhsə girişiblər. Bahalı avtomobillərini, yaxtalarını, istirahət etdikləri məkanları, toy-nişan mərasimlərini və ora dəvət etdikləri Hollivud ulduzları, Türkiyə məşhurları ilə birgə şəkillərini, hətta qol saatlarını da cəmi ölkəyə nümayiş etdirənləri də var.

Getdikcə təqdimat formaları dəyişir. Dünənədək aşkar fironluq edənlər, indi sosial şəbəkələrə "yerləşib”. Sosial şəbəkəni yalanlamaq asandır, ona görə. "Mənimki deyil. Dostumundu. Mən deyiləm, montajdı” və s. bəhanələrlə özlərini təmizə çıxarmağa çalışırlar.

Amma faydasızdı. Azərbaycan cəmiyyətində "məmur harınlığı” fikri tam oturuşub artıq. İlk "qaranquş” da nəqliyyat naziri Ziya Məmmədovun oğlu olub. Nazir oğlunun, təbii, sonradan təkzib olunan ayı əti qonaqlığı, dəb-dəbəli toy mərasimi, Türkiyənin məşhur pop-müğənnisi Hadisəyə "kişiyana” təklifləri barədə mətbuatda da xeyli yazıldı, bəzi videolar isə sosial şəbəkələrdə yayıldı.

Məmur balaları ilə bağlı növbəti sərgüzəşt özünü çox da gözlətmədi. Məlum İsmayıllı olaylarının birbaşa Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu sayəsində "körükləndiyi” bəlli oldu. Hadisələrin sonrakı gedişi məmurlardan əxlaqi-tərbiyəvi məsələlərə yenidən baxmağı tələb etsə də, oğullar adətlərini pozmadı.

Sıralanma yenə davam etdi. Xəzər Dəniz Gəmiçiliyinin sabiq şefi Aydın Bəşirovun oğlu ov görüntülərini, Bakı Şəhər Prokurorluğunun istintaqa nəzarət şöbəsinin sabiq rəisi Ramiz Nəbiyevin oğlu Elvin Nəbizadə "avtoşluq” fotolarını yaydı. Məlum oldu ki, istintaqa nəzarət etməli şəxs heç oğluna nəzarət edə bilmirmiş və rəisi özbəöz oğlu "bitirdi”. "Bəlkə, bəsdi. Dayanın, durun”, demək istəyirdik ki, bu dəfə sürpriz millət vəkili Elton Məmmədovun oğlundan gəldi. Həmkarları, Milli Məclis aparatının əməkdaşları elliklə müdafiəyə qalxdılar, amma, faydasız!.. Niyə belə bir dəb yaranıb, məsələ bundadır. Bizcə, bunun səbəbini ən dəqiq formada Prezident İlham Əliyev göstərib, "harınlamış məmurlar” ifadəsini işlətməklə.

Maraqlıdır ki, məmur övladlarının müdafiəsinə qalxanlar bir qayda olaraq bu uşaqların mərifətli, qanacaqlı, səmimi (?!), savadlı, sözə baxan uşaqlar olduğunu deyir və kimlərinsə onlara qara yaxmağa, gözdən salmaq istədiklərini hər vəchlə inandırmağa çalışırlar. Axı, kimsə sizin evlərinizə gizlicə daxil olub, gizli çəkiliş aparmır. Zənginliyinizi övladlarınız, ya da özünüz reklam edirsiniz. Zənginlik ayıb deyil, ayıb olan zənginliyin başqalarına nümayiş etdirilməsi və insanın bununla öyünməsi, özünü başqalarından üstün, yüksək tutmasıdır. Məmurların özlərinə də, övladlarına da təmtəraqlı ad günləri, digər mərasimlər düzənlədiyi haqda indiyədək saysız-

hesabsız informasiyalar verilib, bu mərasimlərdən çəkilən fotolar yayılıb. Yenə də Prezidentdən bir örnək gətirmək zərurəti yaranır. Prezident məlum müşavirəsində ad gününü köçkün ailələri ilə birgə keçirdiyini dedi. Ötən ilin dekabrında keçirdiyi ad günü ilə bağlı da fotolar yayıldı. Və cənab Prezidentin ad gününü ailə üzvləri ilə, kiçik bir tortla qeyd etdiyi görüntüləndi. Ölkənin başçısı bu qədər təvazökar şəkildə ad günü keçirdiyi halda, bəzi məmurların öz mərasimlərinə ağlasığmaz məbləğə xarici ölkələrdən müğənnilər dəvət etməsi əbəttə ki, yalnız harınlamağın əlamətidir. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun bir neçə il əvvəl "narkoman məmur övladları” ilə bağlı açıqlaması yəqin ki, yaddan çıxmayıb: "Mən milli təhlükəsizlik nazirindən xahiş edəcəyəm ki, çox ciddi bir arayışın hazırlanması barədə tapşırıq versin. Bir gün o uşaqların da siyahısını çıxaracağam. Narkotik istifadəçilərinin kimlərin uşaqları olduğunu açıqlayacağam. Əmin olun ki, çalışıb çıxaracağam. Valideynlər də öz uşaqları ilə məşğul olmalıdırlar. İmkansızlar narkotik ala bilməz. Çünki narkotiklər ucuz deyil, çox bahadır” deməklə komitə sədri narkotikə qurşanmağın əsas səbəblərindən birinin məhz varlı olmaq, pulun həddən artıq çoxluğunu nişan vermişdi. Sirr deyil ki, məşhurların çoxu narkoman olur. Çünki həyatda onlar üçün əlçatmaz heç nə qalmır, istədikləri hər bir şeyə sahib olurlar, toxluq sindromu artıq onları narkotiklərə doğru aparır.

Çoxlarının söykənməyi sevdiyi "hər bir insan zəmanəsinin övladıdır” deyimi, bizcə, məsuliyyəti özündən kənarlaşdırmağa, suç yükünü yüngülləşdirməyə xidmət edir. Niyə zəmanənin övladı olsun ki? Hər kəs öz atasının övladıdır.

Aşıq gördüyünü çalan kimi, uşaq da ailədə gördüyünü götürür. Cəmiyyət, ətrafdakılar, dostlar ailə tərbiyəsinə əlavə təsirlərdir ki, bu da sonradan formalaşır. Məmur övladlarından danışılanda əksəriyyət "atalar və oğullar” probleminə "cumur”, o dəqiqə də Turgenevin məşhur əsərini misal çəkirlər. Guya ki, oğullar daha ataları dinləmir. Fərqli qütblərdə dayananların mübarizəsi gedir, filan. Cəfəngiyyatdır. Bizim oğullar tam da atalarının eynidir. Xüsusən də, məmurların övladları. Necə ola bilər ki, fikirdə, düşüncədə atalarından fərqlənməyən oğullar birdən-birə kimlərinsə təsiri altına düşüb atalarının əksinə olaraq zənginlikləri ilə öyünməyə başlayırlar? Bu, mümkün deyil. Oğul atanın öz zənginliyindən məmnun qaldığını, var-dövlətini mənasız törənlərə sərf etdiyini, pul hesabına məşhur müğənniləri qarşısında oynatdığını görüb ki, nümunə götürüb. Təsəvvür edin ki, bir iş adamı təkəbbürünü boğa bilməyib "şəxsi təyyarəyə minmirəmsə, bu, o demək deyil ki, ekonom-klassda getməliyəm. Biznes-klassla gəlməliyəm də...” deyir. Bu cür məmurların, iş adamlarının övladları, qohumları tərəfindən sabah hansısa var-dövlətlərini reklam edəcəkləri təəccüb doğurmamalıdır. Özündən müştəbehlik o həddə çatıb ki, sözün hərfi mənasında materialist olan məmurların övladları artıq nihilistlərə çevriliblər. Bəli, qazana nə atırsansa, boşqabda qarşına o çıxacaq.

P.S.

"Bəyin oğurlanması” filmi yadıma düşdü. Miriş o qədər o tərəf bu tərəfə qaçır ki, atası bəlkə də illərlə onu görmür. Toyda üz-üzə gələndə atasının təəccübünü görən oğul özünü tanıdır: "Mənəm də, ay dədə, Miriş!” Atası da "Hə, sənsən, nə böyümüsən!” deyir. Oğul-uşaqla həmişə maraqlanmaq lazımdı.

Məlahət Rzayeva