Kartof getdikcə bahalaşır

Eyyub Hüseynov: “Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bahalı geyimlərlə gəzərək təşkil olunmuş yarmarkalardakı qiymətlərə nəzarət etdiklərini zənn edirlər”
Vüqar Bayramov: “Ötən il kartof çox əkilmişdi, ancaq qiyməti aşağı idi. Bu il isə kartof azdır, qiyməti bahadır”


Benzinin bahalaşması ərzaq və istehlak mallarının qiymət artımına səbəb oldu. Bahalaşma kənd təsərrüfatı məhsullarına, o cümlədən də kartofun qiymətinə xüsusi təsir edib. Kartof bazarlarda kifayət qədər baha qiymətə satılır və bahalaşmanın səbəbləri müxtəlif cür izah olunur.

Bəziləri hesab edir ki, bu il kartof az əkilib, digərlərinin fikrincə isə fermerlərin kartofu Bakıya gətirib satmasında süni əngəllərin yaradıldığını söyləyir. Yerli məhsulun əvəzində xaricdən gətirilən kartofların satıldığını deyənlər də var.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə açıqlamasında kartofun bu gün müstəqil Azərbaycan tarixi bazarında görünməmiş qiymətə satıldığını deyib: "Hökumət elə siyasət aparmalıdır ki, yerli istehsal stimullaşsın. Kənd təsərrüfatı məhsullarının, o cümlədən də kartofun qiymətinin artması Kənd Təsərrüfatı Nazirliyinin normal kənd təsərrüfatı siyasətinin olmamasından xəbər verir. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bahalı geyimlərlə gəzərək təşkil olunmuş yarmarkalardakı qiymətlərə nəzarət etdiklərini zənn edirlər.

Əslində KTN qiymətləri tənzimləyə bilməz. Bazar qiyməti tənzimləyir. Nazirliyin əməkdaşları ayaqlarına rezin çəkmələr geyinərək rayonlardan məhsul satmağa gələn insanların yanında olub, onlara dəstək verərək məhsul bolluğunu təmin etməlidirlər. Kartof bol olanda normal qiymətlərlə də satıla bilər”.

E.Hüseynovun fikrincə, alıcılar da yerli, ekoloji təmiz kartoflara üstünlük verməlidirlər: "Azərbaycana kartof əsasən İrandan, Pakistandan, bəzi hallarda isə Türkiyədən gəlir. İrandan gələn kənd təsərrüfatı məhsulları həmçinin, kartofda genetik modifikasiya olunub. Onlar Allahın iradəsinin əksinə olaraq ABŞ-dakı "Mansata” Şirkətinin gördüyü işləri yamsılayaraq əksər hallarda geni dəyişdirilmiş kənd təsərrüfatı məhsulları istehsal edir.

İrandan gələn kartofların böyüklüyünə baxdıqda bunları asanlıqla görmək olur. Belə kartofların içərisi sarı olur. Yerli kartofların içərisi isə ağdır.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov "Azadlıq” radiosuna açıqlamasında qeyd edib ki, indi Azərbaycan kartofa tələbatını ödəyə bilmir: "Adambaşına 124 kq norma sayıldığı üçün 1 milyon 178 min ton kartofa tələbat yarandığı halda bu tələbatın yalnız 968 min tonu ödənilir. Əvvəllər İran, Rusiya və Türkiyədən, hətta ərəb ölkələrindən kartof gətirilirdi. Bunun nəticəsində bazarda kartof çatışmazlığı gözə çarpmırdı”.

V.Məhərrəmovun sözlərinə görə, son zamanlar Rusiyadan Azərbaycana kartof gətirmək problemə çevrilib: "İran da kartof ixracına məhdudiyyət qoyub. Bu da bazarda özünü göstərir. Amma bütün hallarda bahalığın başlıca səbəbi benzinin qiymətinin qalxmasıdır”.

İqtisadçı Vüqar Bayramov "Şərq”ə söyləyib ki, fermerlər məhsul istehsal edən zaman daha çox qiyməti yüksək olan kənd təsərrüfatı məhsulları istehsal etməyə üstünlük verirlər: "Məsələn, əvvəlki illərdə soğanın qiyməti digər kənd təsərrüfatı məhsulları baxımından daha yüksək olub. İndi isə kartofun qiymətində bahalaşma hiss olunur. Ötən il kartof çox əkilmişdi, ancaq qiyməti aşağı idi. Bu il isə kartof azdır, qiyməti bahadır. Bu baxımdan kənd təsərrüfatı məhsullarının qiyməti tənzimlənmir”.

V.Bayramov bildirib ki, qiymətləri tənzimləmək üçün birmənalı şəkildə istehsalla bağlı təhlillər aparılmalıdır. Nazirlik fermerlərə tövsiyə xarakterli məsləhətlər verməlidir. Adıçəkilən qurum istər xaricdə, istərsə də daxildə mövcud kənd təsərrüfatı məhsullarının qiyməti ilə bağlı məlumat verərək, hansı məhsulun çox əkilib-əkilməməsini söyləməlidir. Xaricdən gətirilən kartofun qiyməti yerli bazardakı kartofun qiyməti kimi də yüksəkdir. Çünki xaricdən kartof gətirənlər yerli kartofun bazarda baha olmasından istifadə edərək gətirdikləri kartofu yüksək qiymətə satırlar.

Statistik rəqəmlərdə kartof istehsalının yerli bazardakı tələbatdan artıq olduğu göstərilir. Çünki Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən hər il Azərbaycanda 980000 ton kartof istehsal olunur. 66 min hektar ərazidə kartof əkini həyata keçirilir. Göstərilən rəqəmlərə əsasən istehsal ümumdaxili tələbatdan çoxdur.

Bizim apardığımız araşdırmalar zamanı isə istehsal olunan kartofun ölkə əhalisinin 75 faizini ödədiyi məlum olur. Yerdə qalan 25 faiz tələbat İran və Pakistandan gətirilən kartofla ödənilir. Bu zaman statistik rəqəmlərlə aparılan araşdırmaların nəticələri arasında müəyyən ziddiyyətlər yaranır. Gərək müvafiq tədbirlər həyata keçirilsin”.

Vüqar Şahinoğlu