ABŞ-a atqınlıq...

Xədicə İsmayılova xarici xidmət orqanlarının kəşfiyyat alətinə çevrilir


Jurnalist Eynulla Fətullayevin özünün rəhbərlik etdiyi haqqın.az saytında yazdığı "Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı...” adlı məqaləsi ölkə gündəminin bir neçə gündür ki, müzakirə olunan mövzusudur. Çünki, məqalədəki iddialar kifayət qədər ciddi şəkil alır. Orada göstərilir ki, jurnalist Xədicə İsmayılova ABŞ kəşfiyyatçılarına "hakimiyyətlə əlaqəsi olan müxalifətçilərin, ictimai xadimlərin siyahısı”nı ötürüb. Həmin siyahıdakı adlar isə Azərbaycan müxalifətinin, mediasının, ictimaiyyətinin tanınan simalarıdır.

Konkret olaraq Xədicə İsmayılovanın Bakıda səfərdə olan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin tədqiqatçıları - Con Zadrozni və Daniel Vajdiçlə görüşdüyü bildirilir. Yazıda qeyd

edilir ki, X.İsmayılova həmin şəxslərə bir siyahı təqdim edib. Siyahıda isə radikal düşərgənin bir sıra şəxslərinin hakimiyyətlə işbirliyində olması iddia edilir.

Maraqlıdır ki, Zadrozni və Vajdiç rəsmən Senatın əməkdaşlarıdır. Amma Rusiya qaynaqlarının iddiasına görə, onların ikisinin də ABŞ kəşfiyyat orqanlarına, daha doğrusu, qeyri-leqal kəşfiyyata birbaşa bağlılıqları var: "Axı xüsusi çətir və himayə altında işləyən kəşfiyyatçılar da olur. Onların Bakıya səfərinin bircə və çox açıq-aydın məqsədi vardı - kəşfiyyat məlumatları toplamaq”.

Yazıda göstərilir ki, Bakıya gələn Con Zadrozni də "dərin himayə” altındakı kəşfiyyatçı kimi tanınır. C.Zadrozni Nyu-York merinin ofisində siyasi təhlilçi, ABŞ Dövlət Departamentində, ABŞ Ədliyyə Nazirliyinin Narkotiklərə Qarşı Mübarizə İdarəsində, Konqresin müxtəlif komitələrində, Ağ Evdə işləyib. 2013-cü ilin martında isə D.Vajdiç kimi o da Senatın Xarici Əlaqələr Komitəsinə tədqiqatçı kimi işə cəlb olunub: "C.Zadrozni D.Vajdiçdən fərqli olaraq daha qapalı adamdır və üzdə olmağı xoşlamayan fiqurdur. Bu da onun fəaliyyətinin xüsusi xarakteri ilə bağlıdır. O, Ağ Evdə işləyəndə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Ağ Evin əks-kəşfiyyat xidməti rəisinin müavini vəzifəsini tutub”.

Görünən odur ki, özünü araşdırmaçı-jurnalist kimi cəmiyyətə sırıyan Xədicə İsmayılova Amerika kəşfiyyatına "casus”lar haqqında məlumatlar ötürüb. Həmin "casuslar” isə illərdir ki, hakimiyyətə qarşı ən radikal mövqedə dayanırlar. Ümumiyyətlə isə ölkə haqqında xarici dövlətlərin kəşfiyyatçılarına məlumatlar ötürmək yumşaq desək, əxlaqsızlıq sayılır. Bunun satqınlıqdan başqa adı yoxdur.

Elə Xədicə İsmayılovanın ABŞ kəşfiyyatçılarına ötürdüyü siyahıda adı keçən insanların əksəriyyəti də "araşdırmaçı” jurnalisti qınayırlar. Məsələn, Azərbaycan Demokrat Partiyasının sədri, xanım İsmayılovanın "casus” kimi kəşfiyyatçılara təqdim etdiyi Sərdar Cəlaloğlu açıqlamasında bildirib ki, jurnalistin xarici ölkə kəşfiyyatçılarına məlumat ötürməsi, satqınlıq kimi qiymətləndirilməlidir. Casusun elə Xədicə İsmayılovanın özü olduğunu dolayısı ilə deyən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da yalançı "casus” siyahısının amerikanlara ötürülməsini əxlaqa zidd hesab etdiyini söyləyib.

Düzdü, məsələ ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyi açıqlama yayıb, Xədicə İsmayılovanın görüşdüyü şəxslərin casus olmadığını bildiriblər. Eyni zamanda onlarda belə bir siyahının olmadığını qeyd edib. Amma hansısa ölkənin səfirliyinin çıxıb, "bəli, filankəslər bizim casusumuzdur” deməsini gözləmək də sadəlövhlük olardı. Digər yandan Xədicə İsmayılovanın özü belə bir siyahını amerikanlara ötürdüyünü təsdiq etməsə də, təkzib də etməyib. Sadəcə, vəziyyətdən çıxmaq üçün müxtəlif təhqir vasitələrinə keçib. Digər yandan adıçəkilən kəşfiyyatçılarla görüşünü də inkar etməyib.

Ən əsası isə bu araşdırmanı aparan jurnalist Eynulla Fətullayev bildirir ki, siyahı ilə bağlı əlində tutarlı sübutlar var. Hətta Fətullayev Xədicə İsmayılovanın təkcə "casus” siyahısı deyil, digər materialları da kəşfiyyatçılara ötürdüyünü söyləyir. Bu isə onu deməyə əsas verir ki, Xədicə İsmayılova amerikalı kəşfiyyatçılara lazım olan xəbərləri ötürüb.

Ekspertlər, müşahidəçilər isə bildirirlər ki, X.İsmayılovanın bu fəaliyyəti satqınlıq əlamətidir.

Məsələyə münasibət bildirən millət vəkili Zahid Oruc belə siyahını təqdim etməsini Xədicə İsmayılovadan gözlədiyini bildirib. Deputatın sözlərinə görə, jurnalist xanım, elə bir daxili, mənəvi keyfiyyətlərə malik insandır ki, istənilən şəxsin əleyhinə çevrilib müxtəlif cür qara-yaxmalar ata bilər: "Onun, olmayan hadisələrə görə ittiham etməsi məni təəccübləndirmir. Təəssüf ki, Xədicə İsmayılova jurnalistika prinsiplərindən çox-çox kənar olan hərəkətlər edir. Üstəlik də, bəlli xarici xidmət orqanlarının kəşfiyyat alətinə çevrilir. Bu mənada, əminliklə deyirəm ki, o, özünənəzarəti tamamilə itirib. Konfliktinin təkcə hakimiyyət nümayəndələri ilə olmadığı da hər kəsə aydın oldu. Onu da deyim ki, onsuz da dövlətin yürütdüyü siyasətə, ölkədəki reallığa, onun gələcəyinə təsir edə biləcək adam deyil”. Millət vəkili özünü müxalifətçi adlandıran, siyahıda adı keçən şəxsləri Amerika Konqresinin təmsilçilərinə könüllü şəkildə xidmət göstərən, müxalifətçiləri satmaqla üstünlük qazanan şəxsə qarşı sərt mövqe nümayiş etdirməyə çağırıb: "Azərbaycanın əleyhinə qərarların qəbuluna çalışan, müxtəlif məmurların Avropaya getməsinə sanksiya tətbiq olunmasını istəyən bir adamın xarici təmsilçilərdən nə

umduğu aydınlaşdı və bir daha milli-mənəvi kimliklərini sübuta yetirdilər. Buna görə də elə insanları "əqidə erməniləri” sayıram. Ola bilər ki, kimlərsə qanı ilə, keçmişi ilə türkdür, azərbaycanlıdır. Amma əqidələri, daxili dünyaları, mənəviyyatları fərqlidir. Artıq bu hadisə hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. Yəqin ki, aidiyyəti orqanlar öz işlərini görəcəklər. Onu da deyim ki, dövlətdən, məmurlardan cavabdehlik istəyən bu adam hələ də əleyhinə olan sözügedən ciddi kompramatı cavablandırmayıb. Özünü elə aparır ki, guya daha böyük casusluq işlərinə qadirdir. Cibutidə və ya hansısa Okeaniya ölkəsində inqilaba nail ola bilər. Qeyd edim ki, mətbuata açıqlanan məlumatlar ayrı-ayrı kəşfiyyat orqanlarının saxtakarlıqla dövriyyəyə çıxardığı məsələlərdir və seçki dönəmində Xədicənin əli ilə ictimailəşmişdi. Ona dəstək verən isə AXCP sədri idi. Bu adamları Azərbaycan cəmiyyəti tanımalıdır. Millətimiz bilməlidir ki, bunlar ən ucuz şəkildə ölkənin mənafeyini satmağa hazırdırlar”.

Anar Bayramoğlu