Dünən Bakı Dövlət Universitetində Nazirlər Kabinetinin təsdiq etdiyi "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında qərarının və təhsil nazirinin əmrlərinin icrası ilə bağlı tələbələrlə görüş keçirilib.
Görüşdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Yaqub Piriyev, təhsil nazirinin müşaviri İlham Pirməmmədov və digərləri iştirak edib. Universitetin rektoru Abel Məhərrəmov yeni qaydalarla bağlı izahat verib. Daha sonra Təhsil Nazirliyinin şöbə müdirinin müavini Yaqub Piriyev vurğulayıb ki, tələbələr tədrislə bağlı bütün problemləri fakültə dekanları ilə müzakirə etməlidir. Onun sözlərinə görə, Təhsil Nazirliyi hər zaman tələbələrlə dialoqa getməyə hazırdır və bu dialoq sivil səviyyədə olmalıdır.
"Bu tələbəni qeydə alın və bu gün onu məhkəməyə verin”
Görüş zamanı Bakı Dövlət Universitetinin IV kurs tələbəsi Ramilə Kiçiyeva bu ilin yanvar ayında "Slavyan ölkələrinin tarixi” fənnindən imtahan verdiyi, lakin kəsildiyini, bunun əvəzində ondan 70 manat məbləğində rüşvət istənildiyini söyləyib: "Mən dərslərimi oxuyuram və hazırda 4-cü kursdayam. Tarix müəllimi məni imtahandan kəsib və bildirib ki, pul verməsən, qiymət yazmayacağam. Gecəni səhərə kimi yatmayıb, imtahana hazırlaşmışam. Niyə mən kiməsə pul verməliyəm? Bu özbaşınalığa kim cavab verəcək?”.
Onun sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə Təhsil Nazirliyinin müvafiq şöbələrində qəbulda olsa da, ona hər hansı cavab verilməyib.
Rektor Abel Məhərrəmov isə həmin tələbəni yaxşı tanıdığını deyib: "Bu tələbəni qeydə alın və bu gün onu məhkəməyə verin. Universitetə və müəllimə şər atmağına görə, məhkəmədə cəzalandırsın və hamıya dərs olsun. Universiteti hər dəli, ağılsız tələbə qarışdıra bilməz”.
Rektorun sözlərinə görə, həmin tələbə 4 illik tələbəlik dövründə 3 dəfə universitetdən xaric olunaraq yenidən bərpa olunub. Hər bir vasitə ilə ona köməklik edilib. Lakin həmin tələbənin bu qədər insan qarşısında belə fikirlər səsləndirməsi düzgün deyil.
Yaxşı tələbə 3 dəfə xaric olunmaz
Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova da görüşlə bağlı açıqlama yayıb: "Görüş oldu, Abel müəllim təfsilatı ilə danışdı, qərarı izah elədi. Bizim tədrisi təşkil edən təlim texnologiyaları üzrə prorektor İradə Əliyeva məlumat verdi. Təhsil Nazirliyinin müşaviri İlham Pirməmmədov, şöbə müdiri Yaqub Piriyev də məsələyə aydınlıq gətirdilər. Tələbələrə izah elədilər ki, kredit nədir, hansı müsbət tərəfi var. Tələbələr də sual verdilər, suallar cavablandırıldı, görüş başa çatdı”. P.İbrahimova görüşdə ondan pul alındığını iddia edən tələbəylə bağlı da danışıb: "Rektorun o tələbəyə cavabı olub. O, universitetdən 3 dəfə xaric olunub. Sonra bərpa olunub. Yaxşı tələbə 3 dəfə xaric olunmaz. O dərsə gəlmir, davamiyyəti zəifdir. O tələbənin işini yoxlamaya veriblər, 17 balla kəsilib. Təkrar yoxlamaya verəndə tələbə 18 bal alıb, yenə kəsilib. İmtahandan keçmək üçün 25 bal toplamalıdır. Və buna görə tələbənin kəsiri olub. O, kəsildiyinə görə indi şərə və böhtana, universitetin zərərinə xələl gətirən addımlara əl atır. Deyir ki, məndən pul istəyiblər. Həmin o tələbənin təhsil aldığı qrupun bütün uşaqlarının müvafiq izahatları alınıb. Hamı deyib ki, heç bir müəllim onlardan pul tələb etməyib. Tələbəyə həmin dərsi deyən Eldar müəllim isə universitetin ən ideal müəllimlərindən biri hesab olunur. Obyektiv bir müəllimdir. Tələbə kəsilməsi səbəbilə universitetin nüfuzuna xələl gətirdiyinə görə, rektor orada bəyan elədi ki, bu tələbə universitetə şər atdığına görə həmin məsələ araşdırılsın və tələbə məhkəməyə verilsin, məhkəmə müvafiq qərar versin. Məhkəmə indi qərar verəcək, bu tələbə düz deyir, ya səhv deyir. Onda nəticəsini görərik. Tələbə məhkəməyə veriləcək. Biz deyirik ki, sən bizə şər atırsan. İndi get məhkəmədə cavab ver”.
Aksiya iştirakçıları BDU-nun tələbələri deyildi
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov jurnalistlərə açıqlamasında deyib ki, son günlər ali məktəblərdə təhsil kreditləri ilə bağlı yaranan vəziyyətdən sui-istifadə edənlər, vəziyyəti başqa istiqamətə dramatikləşdirmək istəyənlər var. Narazı tələbələrin iştirakı ilə keçirilən etiraz aksiyasını 8-10 dəqiqəlik ajiotaj adlandıran rektorun sözlərinə görə, sonradan ajiotaj yaradanların heç universitetdə təhsil almadığı məlum olub: "Müəyyən qurumlar, xüsusi olaraq dövlətçiliyin uğuruna sevinməyən adamlar belə işlərə cəhd edirlər. Azərbaycan dinamik inkişaf edir. Əfsuslar olsun ki, bunu gözü götürməyən bədxahlar da var. Belə düşüncədə olanlar da Bakı Dövlət Universiteti qarşısındakı aksiyanı təşkil etmişdilər. Həmin aksiyanın iştirakçıları Bakı Dövlət Universitetinin tələbələri deyildilər. Növbə dəyişmə vaxtına görə universitetdən 300 tələbə çıxır və içəri daxil olurdu. 50-60 insan isə universitetə kənardan gəlirdi. Orada həmin vaxt müəyyən ajiotaj yarandı, sonra isə onlar başa düşdülər ki, səhv ediblər və çıxıb getdilər. Tələbələrin tələblərinin nə olduğunu soruşanda biri də təhsildən danışmadı, özünə aid məsələlərdən danışırdılar”. A.Məhərrəmov qeyd edib ki, narazı olduğu məsələ barədə universitet qarşısında çıxış etmək Azərbaycan gəncliyinə yaraşmır: "Onlar Azərbaycan təəssübkeşliyi, vətəndaşlıq mövqeyi olmayan gənclərdir. Mən bütün gəncləri belə qüsurlu fikirlərdən yayınmağa dəvət edirəm”.
BDU-nun 3200-ə yaxın tələbəsinin akademik borcu var
Hazırda Bakı Dövlət Universitetində təhsil alan 3200-ə yaxın tələbənin akademik borcu olduğunu vurğulayan Abel Məhərrəmov bildirib ki, əgər onların bəzilərindən ödəniş haqqı istənsə, bu hardasa 180 tələbəni əhatə edir. "Bunun əvəzində təqribən 20-40 manat çərçivəsində pul ödənilməsi universitetin büdcəsi üçün elə də böyük pul deyil. Onun üçün belə bir ajiotajın yaranmasına gərək yoxdur. Dünyada olan qaydalara əsasən tələbənin akademik borcu qalanda onların 95 faizi üçün yay məktəbləri təşkil edilir. Tələbələrin yay tətilinin 1 ayını əlavə vaxt götürərək kredit ödədiklərini ödəyir”. Məhərrəmov həmçinin vurğulayıb ki, Azərbaycan mühitində əsgərlik məsələsi, ailə qurma və digər səbəblər olduğundan tələbələr ali məktəbi tez qurtarmağa cəhd edirlər. "Hökumətimiz də onlara kömək olmaq üçün yay məktəbindən başqa imkan yaradır ki, arada bu kreditini ödəyə bilsin. Dövlətin müvafiq qanunu var və biz də bununla işləməliyik. Tələbələr də bunu icra etməlidir. Biz elə etməliyik ki, tələbə təkcə təhsil yox, eyni zamanda müasir düşüncəli təlim alsın”. İstənilən ali məktəbin qanunlarla fəaliyyət göstərdiyini deyən rektor vurğulayıb ki, qanunu heç kim poza bilməz: "Bakı Dövlət Universiteti dövlətin ali təhsil müəssisəsidir. Burada nə tələbələrdən artıq ödəniş haqqı tələb etmək olar, nə də qanun varsa, ondan kənara çıxmaq. Əgər ödənişi həyata keçirməsə, dövlətin müvafiq strukturları yoxlayarkən deyəcək ki, dövlətin qərarını niyə vaxtında icra etmirsiniz? Əgər Nazirlər Kabinetinin qərarını pozarıqsa, buna qarşı biz məsuliyyət daşıyırıq. Hər bir anda düşünürük ki, prosesi tələbənin xeyrinə yönəldək”.
Şəymən