Azərbaycanın milli düşüncə tarixində, jurnalistikamızın inkişafında əvəzsiz xidmətləri olan, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 150 illiyi qeyd olunan Əli bəy Hüseynzadə sonuncu dəfə 1926-cı ildə Bakıda olub. Bu böyük şəxsiyyət Bakıya Birinci Türkoloji Qurultayda iştirak etmək üçün Azərbaycan Sovet rəhbərlərinin dəvəti ilə gəlib.
Uzun illərdən sonra Vətənə gəlişini "Kommunist” qəzetinin müxbiri ilə bölüşən Ə.Hüseynzadə qurultayda məruzəçilər sırasında olsa da, çıxış etməyib. Bəzi araşdırmaçılar onun qurultayda məruzə etdiyini, çıxışının radio ilə ətrafa yayıldığını iddia etsələr də, bu doğru deyil. Bəziləri iddia edir ki, Əli bəyin 1926-cı ildə Bakıda çap etdirdiyi "Qərbin iki dastanında türk” əsəri onun qurultay məruzəsidir. Əslində elə deyil. Elmi-tarixi araşdırma olan bu əsər Bakıda yazılıb, çap edilib və məruzə mətninə heç bir aidiyyəti yoxdur. Azərbaycanda olduğu müddət doğulduğu Salyana getmək istəsə də, nədənsə Gəncəyə aparılıb. Qohum-əqrəbası ilə Bakıda və Gəncədə görüşüb və onlarla xatirə şəkli çəkdirib.
Ə.Hüseynzadənin 1926-cı ildə çəkilən, araşdırmaçılara bəlli olmayan iki şəklini də A.Aşırlı "Kommunist” qəzetinin Türkoloji qurultayla bağlı materiallarında aşkarlayıb. Şəkillərin birində Əli bəy Azərbaycan klassik ədəbiyyatının tədqiqatçısı, 1937-ci ildə repressiya olunan Salman Mümtaz və maarifpərvər ziyalı, jurnalist Fərhad Ağazadə ilə birgədir. İkinci şəkildə Əli bəy "xaricdən gələn yoldaşlar” kimi təqdim olunub, macar, alman alimi və Fuad Köprülüzadə ilə yanaşı tarixiləşib.