Fakta göz yummaq fəsadlar yaradar

Azərbaycanda fəaliyyət göstərən erməni təşkilat rəhbərinin adı açıqlanacaq


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov maraqlı fakt açıqlayıb. Deputat bildirib ki, Azərbaycanda adını və soyadını dəyişdirmiş erməni təşkilat rəhbəri var. Lakin millət vəkili həmin şəxsin adını açıqlamayıb:

"Bu yaxınlarda sosial şəbəkələrdə Azərbaycan dili haqqında əks təbliğat aparılırdı, dilimiz təhqir olunurdu. Biz araşdırdıq ki, bunu yayan Azərbaycanda yaşayan adını dəyişdirmiş bir ermənidir. Hətta təşkilat rəhbəridir. Özü əsaslandırmağa çalışdı ki, guya tatar mənşəlidir, amma bəlli oldu ki, ermənidir”. S.Novruzovun sözlərinə görə, hazırda aidiyyəti qurumlar bu işlə məşğuldur: "Lazım gəlsə, adını açıqlayarlar. Bu cür hallar var. Biz erməni mənşəli şəxsləri ərazimizə buraxa bilmərik. Çünki onlar tamam başqa məqsədlə Azərbaycana gəlirlər”. 

Məsələ ilə bağlı "Şərq”ə danışan Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib ki, Azərbaycanda mövcud olan tolerant mühit istənilən millətin nümayəndəsinin ölkəmizdə sərbəst yaşamasına, işləməsinə, hətta təşkilat sədri olmasına imkan verir. Ekspertin fikrincə, buna qadağa və ya məhdudiyyət yoxdur: 

"Əgər kimsə milli mənsubiyyətini gizlədirsə, başqa millətin adından sui-istifadə edirsə, eyni zamanda məqsədyönlü şəkildə vətəndaş cəmiyyətinin imkanlarından yararlanaraq dövlətimizə və cəmiyyətimizə qarşı fəaliyyət göstərirsə, bunun qarşısı alınmalıdır. Düşünürəm ki, müvafiq qurumlar hörmətli Siyavuş müəllimin dediklərini diqqətə alacaqlar. Deputat özü də vurğulayıb ki, məsələ araşdırılır və yaxın günlərdə müvafiq tədbirlər görüləcək.

Belə həssas bir dövrdə heç bir elementi və faktı diqqətdən kənarda saxlamaq olmaz. Bütün məsələlərə ciddi yanaşmalıyıq və qanunlar çərçivəsində araşdırmalıyıq”. 

R.Zeyninin sözlərinə görə, faktlara göz yummaq, digər fəsadlara gətirib çıxara bilər:

"Ayıq-sayıq və diqqətli olmalıyıq. İmkan verməməliyik ki, müxtəlif qüvvələr, erməni və ya başqa ad altında bizim imkanlarımızdan bizə qarşı istifadə etsinlər. Vətəndaş cəmiyyətinin nümayəndəsi kimi düşünürəm ki, məsələ tam araşdırılmalıdır. Çox güman ki, Siyavuş müəllim elə-belə danışmır və faktı bilir. Həmin fakt ifşa olunmalıdır. Cəmiyyət də bilməlidir ki, o cür məsələlər dövlətçiliyimizə və millətçiliyimizə qarşı bir addımdır”.

İsmayıl