Həmsədrlər razılığa gəliblər

Qarabağ münaqişəsi ilə bağlı yüksək səviyyəli danışıqlar keçiriləcək



ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yüksək səviyyədə danışıqların keçirilməsinə dair razılığa gəliblər. ATƏT-in saytında yerləşdirilmiş press-relizdə bu əksini tapıb.
Məlumatda qeyd olunur ki, Minsk qrupunun həmsədrləri səfir İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ) fevralın 22-dən martın 11-dək Parisdə və Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla bir sıra görüşlər keçiriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik həmçinin iclaslarda iştirak edib.
Həmçinin qeyd olunub ki, həmsədrlər Vyanada 2013-cü ilin noyabrında Ermənistan və Azərbaycan prezidentlərinin görüşü zamanı qaldırılmış məsələlərin həlli üçün nazirlərlə işlərini davam etdirirlər.
Nazirlər yenidən həll olunmamış məsələləri həll etmək və prosesi irəli çəkmək arzusu olduğunu bildiriblər.
ATƏT-in MQ həmsədrləri əməkdaşlığın davamının əhəmiyyətini vurğulayıblar. Həmsədrlər növbəti ayda regiona səfər etməyi planlaşdırırlar.