İqtisadçı təkzib etdi: Ölkəmizin gələcək iqtisadi inkişafı sabit və stabil formada davam edəcək

Yaxın 2-3 ildə ölkə iqtisadiyyatında ciddi böhranlı dalğalar olacaq, manat dəyərdən düşəcək, inflyasiya yüksələcək, ölkəyə valyuta daxilolmaları kəskin azalacaq, sosial problemlər artacaq. 
 Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli bildirib.
 "Paralel olaraq ölkənin xərcləri də kəskin artır, yəni, gəlirlərin azalması ilə paralel məcburi xərclərin də artması, əlavə yük yaradacaq. Və bu problemlərin sadə və tez həlli yolları yoxdur, təəssüf ki, hökumət ciddi zaman itirdi, 2015-ci il böhranından nəticə çıxartmadı. Nəticə olaraq iqtisadi-sosial problemlərin sancılı həllidən başqa yol qalmayıb, əsas məsələ də idarəetmə sisteminin islahıdır ki, buna hökumət getmək istəmir. Hökumətin köhnə sistemlə davam etmək israrı böhran dalğalarını daha dərin, qaçılmaz olacaq sancılı islahat sürəcini daha uzun edəcək", - o qeyd edib.


İqtisadçı- ekspert Eyyub Kərimli “Sherg.az”a bildirib ki, bu cür proqnozlar müxtəlif dövrlərdə, fərqli iqtisadçılar tərəfindən səsləndirilib:

“Bu cür qəti fikir bildirmək reallığı əks etdirmir. Çünki bu günkü mənzərəni müşahidə etsək ölkə iqtisadiyyatının makroiqtisadi göstəriciləri sabit olduğunu görərik. Ölkədə 70 milyard manata yaxın valyuta ehtiyyatlarımız mövcuddur. Bu isə ölkədə əmək haqqının vaxtı-vaxtında ödənilməsinə, orta əmək haqqında müəyyən artımların olmasın əsas verir. Bir neçə ildən sonra dünyada iqtisadi konyukturanın hansı cür formalaşması haqqında indidən proqnoz vermək çətindir. Hazırda Ukrayna-Rusiya müharibəsi davam edir, neftin qiymətində balans müşahidə olunmur. Digər tərəftən ölkəmiz qaz və enerji ixracatında yeni həcmlərlə inkişaf edir və ölkənin nəqliyyat logistika imkanları artırılır. Natiq Cəfərli qeyd edib ki, neft hasilatı azalır. Neft hasilatının azalmasına baxmayaraq ölkənin nəqliyyat infrastrukturu inkişaf edir, logistika imkanları genişlənir. Hesab edirəm ki, bu imkanlar əlavə vəsaitin, xarici valyutanın ölkəyə daxil olmasına böyük imkanlar yaradır və tranzit imkanlarımızı böyüdür. Digər tərəfdən də bu gün əgər biz Ümumi Daxilin Məhsulun tərkibinə baxsaq qeyri-neft sektorunun payının artmaqda olduğunu müşahidə edərik. Həmçinin gələcəkdə ölkəmizin alternativ və  bərpa olunan enerji potensialına geniş imkanlar yaranır, böyük investisiyalar yatırılır. Bu baxımdan da hesab edirəm ki, belə pessimist proqnozlar verməyin əsası yoxdur. Ölkəmizin gələcək iqtisadi inkişafı sabit və stabil formada davam edəcək”.