Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 2024-cü ilin yanvar-iyun aylarında 848,6 milyon sərnişin daşınıb.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsidən məlumat verilib.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə sərnişin daşımasında 8,6 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,3 faizi (808.7 milyon) avtobus, 4,7 faizi (39.8 milyon) isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 10,0 faiz artıb.
2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda nəqliyyatçılar 967,4 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,7 faizi avtomobil nəqliyyatı, 11,7 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az”a bildirib ki, sərnişin daşımanın ictimai nəqıiyyatdakı əsas faizi Bakı-Sumqayıt və Gəncə şəhərləri üzərinə düşür:
“Şəhərlərarası sərnişindaşınma da artımlar var. Bu ölkədə həm əhali sayının, həm də turistlətin artımına görə baş verir. Sərnişindaşımanın taksi seqmentində də artım olması normaldır. Çünki qeyd etdiyim səbəblər öz rolunu oynayır. Hazırda məqsəd taksinin daha təhlükəsiz və keyfiyyətli xidmət göstərməsini təşkil etməkdir. Bununla bağlı qanun, qaydalar artıq qəbul edilib və konkret reqlamentlər mövcuddur. Düşünürəm ki, sentyabrın 15-dən sonra taksi sahəsində tam qaydaların həyata keçirilməsinə nail olunacaq. Payızda ölkəyə taksidə istismar olunan yeni avtomobillər gətiriləcək. O cümlədən də ictimai nəqliyyatda çalışmaq üçün həm ekoloji cəhətdən təhlükəsiz, həm də təmiz avtobuslar idxal ediləcək. Deyə bilmərəm ki, biz bu gün taksi sahəsində 100 faizlik yüksək keyfiyyətə və təhlükəsizliyə nail olmuşuq. Ancaq tədricən buna doğru gedilir. Ötən il ilə müqayisədə bu il taksidə xeyli qayda-qanun və nizam-intizam yaradılıb”.