Artıq şagirdlər bitməsini istəmədikləri yay tətilinə çıxıblar. Onlar bütün dərs ili boyunca bu müddəti səbirsizliklə gözləyirlər. Çünki ağır dərs proqramı ilə yüklənən məktəblilər üçün bu, əsl bayramdır.
Bəs, şagirdlər yay tətilini faydalı keçirmək üçün nə etməlidirlər?
Mövzu ilə bağlı danışan psixoloq Gülnar Orucova “Sherg.az”a söyləyib ki, yay tətili uşaqların ən asudə zamanıdır:
''Amma vaxtın düzgün qiymətləndirilməsi valideynlərdən asılıdır. Çünki bəzi valideynlər uşaqlarını rayona, hovuza, dənizə yalnız əyləncə məqsədli yerlərə aparır. Ancaq dövlət məktəblərində, özəl litseylərdə yay tətili tapşırıqları olur. Bu isə uşaqlar üçün çox faydalıdır. Çünki sözügedən üsul onların oxuma qabiliyyətini sürətləndirir, yaddaşlarını daha da gücləndirir. Ona görə də müəllimlər yay tətili zamanı uşaqlara tapşırıq verməsə belə, valideynlər uşaqlarının diqqətini, qavramasını inkişaf etdirən kitablar alsınlar. Bu çox vacib nüansdır. Əgər uşaqlar yay tətilində bütün gün telefonla oynasa və yaxud vaxtını əyləncə ilə dəyərləndirsə, məktəblər açıldıqda mühitə adaptasiya ola bilməyəcəklər. Bir sözlə, diqqət yayınıqlığı baş verəcək, oxu vərdişi yox olacaq. Digər tərəfdən lagerlər də mövcuddur. Valideynlər övladlarını düşərgələrə də qoya bilərlər. Sadacə olaraq bunu psixoloq olaraq valideynlərə tövsiyə etdikdə narazılıq bildirirlər. Söyləyirlər ki, yay düşərgələrinin qiyməti çox bahadır. Ancaq nəzərə almaq lazımdır ki, düşərgədə xüsusi proqramlar təşkil olunur. Dərnəklər, müəllimlər fəaliyyətdədirlər. Ona görə də burada uşaqların sosiallaşması yüksək səviyyədədir. Bu səbəbdən çalışmalıyıq ki, uşaqlarımızı düşərgələrə yönləndirək. Maddi imkan zəif olduğu təqdirdə isə valideyn olaraq övladlarımızı inkişaf etdirməyin bir sıra yollarını tapaq".