Hamının evində var: Ağcaqanad qaşınmasına qarşı təsirlidir

Ağcaqanadların insan əsəblərini tarıma çəkən vızıltısı bir yana, sancdıqdan sonra qaşınması daha dəhşətlidir. Elə dəri var, çox həssasdır və ağcaqanadın sancdığı hissə köpəciyir və uzun müddət qaşınır. İsti havalarda bir də ağcaqanadlarla mübarizə insanları lap hövsələdən çıxarır. Lakin  mütəxəssislər ağcaqanad sancmasının yaşatdığı qaşıntıya qarşı təbii vasitələr məsləhət görür. Həm də bunlar hər evdə, hər kəsin əlinin altında olan vasitələrdir. Sadəcə, bunlardan çoxumuz xəbərsizik. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, ağcaqanad sancması sizə əziyyət verirsə, qaşınma sizi bezdiribsə, mətbəxə keçin və soyuducunu açın. Soyuducuda qatıq varsa, bir çay qaşığı qatığa bir çimdik duz qatıb qarışdırın və qaşınan yerə sürtün. Yaşıl çay paketini də isladıb qaşınan hissənin üzərinə qoysanız, soyuq hiss qaşınmanın azalmasına səbəb olacaq. Çayın tərkibindəki faydalı maddələrsə iltihabın qarşısını alacaq. Bal da qaşınmanı azaldan effketiv vasitədir. Antiseptik xüsusiyyətə malik bal antibakterial təsir göstərərək qaşınmanı dayandırır, onun yayılmasının, əhatəsinin genişlənməsinin qarşısını alır. Baldakı şirinlik ağcaqanadın dəriyə ötürdüyü zəhəri özünə çəkir, bunun sayəsində qaşınma dayanır.  Aloe Vera da iltihab əleyhinə təsirli vasitədir. Qaşınmanın aradan qalxmasına kömək edir. Soyuducuda AloeVeranı daim saxlamağa çalışın. Ağ reyhan da qaşınmaya qarşı təsirli vasitə hesab edilir. Ağ reyhan ağcaqanadları uzaqlaşdıran bitkidir. Mənzildə ağ reyhan dəstəsi qoysanız, ağcaqanadlar otağa daxil olmayacaq. Ağ reyhan şişkinliyi də azaldır, iltihab əleyhinə təsir göstərir. “Aspirin” preparatının tərkibindəki asit turşusu da qaşınmaya qarşı effektivdir. Aspirin həbini əzib bir miqdar suyla qarışdırıb qaşınan yerə sürtməklə qaşınmanı dayandırmaq mümkündür. Ağcaqanad sancmalarına qarşı tərkibində limon otu və esansiel yağı olan kremlərdən istifadə etmək də olar. Belə tərkibli kremlər də iltihab əleyhinədir və qaşınmanı azaldır. Hamilə qadınlarsa bu vasitələrdən yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etməlidirlər.