Psixoloq: Danışmaqda çətinlik çəkmək uşaqların özünə olan inamını və dəyər hissini azaldır

Kəkələmə nitqin tempo-ritmik tərəfinin pozulmasına aid olub, nitq aparatının əzələlərinin qıcolma spazmlarının nəticəsində nitqdə fasilələrin, təkrar olunmaların, uzadılmaların müşahidəsidir.
“Sherg.az” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin aparıcı loqopedi Aygün Ələkbərova açıqlayıb. Onun sözlərinə görə, uşaqlarda kəkələmənin əsas səbəbi beynin müəyyən mərkəzlərində həddindən artıq yüksək aktivlikdir. “Bu aktivliyin yaranmasının dəqiq səbəbləri bu gün də məlum deyil. Həkimlər kəkələmənin inkişafı üçün yalnız risk qruplarını müəyyən edirlər. Bura qıcolmalara meyillilik, sinir sisteminin həssaslığı və s. aid edilir”. A.Ələkbərova qeyd edib ki, genetika sahəsində aparılan son araşdırmalara görə, irsi kəkələmə bir ailənin bir neçə nəslin nümayəndələrində özünü göstərə bilər:                                                                                 
“Uşağın mərkəzi sinir sistemi, nitq aparatının inkişafının zəifliyi olduğu hallarda irsi kəkələmə müşahidə edilir. Kəkələmə oğlanlarda qızlara nisbətən 4 dəfə artıq müşahidə olunur”.
Maraqlıdır, bəs kəkələmənin psixoloji tərəfləri hansılardır? Ümumiyyətlə, kəkələmə nədən yaranır?Bu zaman uşaqlara psixoloji olara necə kömək edə bilərik?

Mövzuya münasibət bildirən psixoloq-konsultant Zeynəb Əyyubova “Sherg.az”a deyib ki, kəkələmə  danışığın axıcılığında və ritmində fasilələr və təkrarlanmalarla xarakterizə olunan bir danışıq pozuntusudur:

''Kəkələmənin psixoloji tərəfləri müxtəlifdir. Beləki, kəkələyən uşaqlar çox zaman danışmaqdan çəkinir. Hətta danışan zamanı anksiyete yaşaya bilərlər. Bu isə onların özünə inamını azalda və sosial izolyasiya hissi yaradır. Həmçinin, kəkələmə sosial vəziyyətlərdə də çətinlik yaşadır. Uşaqlar özlərini başqalarından fərqli və qəbul edilməz hiss edir. Bu isə onların sosial bacarıqlarına və münasibətlərinə təsir göstərir. Davamlı olaraq danışmaqda çətinlik çəkmək uşaqların özünə olan inamını və dəyər hissini azaldır. Onlar özlərini qüsurlu və sanki səhv bir şey etmiş kimi hiss edirlər. Kəkələmə isə bir çox səbəblərdən baş verə bilər. Bura genetik faktorlar da daxildir. Məsələn, ailədə kəkələmə tarixi olan uşaqların kəkələmə riski daha yüksəkdir. Bu, genetik meyillilikdən qaynaqlanır. Beyindəki bəzi struktural və funksional fərqliliklər də kəkələməyə səbəb ola bilər. Bu fərqliliklər danışma prosesi zamanı beyindəki əlaqələrin koordinasiyasını çətinləşdirir''.                                                                                                                             
Ekspert vurğulayıb ki, stresli hadisələr, travmalar və ya ailə dinamikasındakı dəyişikliklər kəkələməni yarada və ya şiddətləndirə bilər:                                                                                                   
''Uşağa onun kəkələməsinin bir problem olmadığını və onu olduğu kimi qəbul etdiyinizi hiss etdirmək çox önəmlidir. Onu başa düşmək və dəstəkləmək özünə inamını artırmağa kömək edəcək. Danışıq terapistləri (loqopedlər) uşağın danışıq bacarıqlarını inkişaf etdirmək üçün xüsusi məşqlər və metodlar təklif edir. Bu, uşağın danışıq axıcılığını və özünə inamını artırır. Uşaqların emosional və psixoloji vəziyyətlərini yaxşılaşdırmaq üçün bir psixoterapevtlə işləmək də faydalı ola bilər. Bu, onların anksiyetesini azaltmağa və sosial bacarıqlarını inkişaf etdirməyə kömək edəcək. Ailə üzvlərinin dəstəyi və vəziyyətə uyğun yanaşması uşağın inkişafında mühüm rol oynayır. Ailə üzvlərinə kəkələmə ilə necə başa çıxmaq və uşağa necə kömək etmək barədə məsləhətlər verilməsi də vacibdir''.