“Azərbaycanın indiki mövqeyi düzgündür”

Zahid Oruc: “Əminliklə deyirəm ki, Avropa Birliyi ilə assosiativ sazişin imzalanması Qarabağın itirilməsi deməkdir”


"Azərbaycan Avropa Birliyi ilə münasibətləri hansı yöndə inkişaf etdirmək barədə qərar verməlidir”. Bunu Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, hər iki tərəf siyasi və iqtisadi assosiasiyanın dərinləşdirilməsində maraqlı olsa da, danışıqlar intensiv getmir.

Xatırladaq ki, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanın yaxın vaxtlarda AB ilə assosiasiya sazişi imzalamaq fikrində olmadığını söyləyib. Nümayəndə rəhbərinin "xəbərdarlığına” münasibət bildirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc deyir ki, Azərbaycanın xarici siyasəti regional və beynəlxalq siyasi düzəndən asılı olaraq dəyişir: "Qərblə münasibətlərdə Ukrayna ətrafında gedən prosesləri nəzərə almalıyıq. Çünki Ukrayna hadisəsi öz-özlüyündə XXI əsrin əvvəllərində tamamilə yeni bir şərait formalaşdırdı. Hətta bir çoxları bunu daha böyük müharibə öncəsi vəziyyət kimi xarakterizə edirlər. Hətta siyasi xəritəyə yeni dövlətin daxil olacağını, ən yaxşı halda isə hansısa ərazilərin itiriləcəyini deyənlər də var. Rusiyanın Ukraynanın bir hissəsini ələ keçirməsi, qərbin inqilab layihəsinə daha fərqli bir demarşla qarşı çıxması prosesləri başqa məcraya aparır. Sanki bu üsulla Kreml yoxlamaq istəyir ki, kim Rusiyanın yanında, kim qarşısındadır. Bu mövqenin Cənubi Qafqazdakı duruma da təsir göstərəcəyini inkar etmək olmaz”.

Z.Orucun sözlərinə görə, faktiki olaraq Azərbaycan Avropa Birliyi ilə bu illər ərzində bir neçə istiqamətdə yaxından əməkdaşlıq edir: "Əsas transmilli layihələr bizim məkanda işlənir. Azərbaycan siyasi Avropanın bir hissəsi olmağa çalışır. Hüquqi cəhətdən də bu istiqamətdə işlər aparılır. Amma Azərbaycan birtərəfli, birqütblü siyasət yeritmir və regiondakı əsas aparıcı dövlətlərlə də normal əlaqələr qurur. Çünki rəsmi Bakı yaxşı anlayır ki, Avropa Birliyinin "yaxın qonşuluq” siyasəti hansısa dövləti öz tərəfinə çəkmə yönündə bir geo-strateji plandır. Ukrayna artıq ikinci ölkədir ki, ərazi itkisi ilə üz-üzə qalır. Bu o deməkdir ki, Avropanın "Marşal” planına bənzər siyasəti artıq iflasa uğrayır. Əlbəttə, mən "yaxın qonşuluq” siyasətindən birdəfəlik imtina etməyin tərəfdarı deyiləm. Bu əlaqələrin ən gözəl nümunəsini Vilnüsdə ölkə rəhbəri nümayiş etdirdi. Prezident sadəcə sadələşdirilmiş viza rejimini imzalamaqla bundan artıq Azərbaycanın Avropa ilə təmaslarına hələlik ehtiyac olmadığını əyani şəkildə göstərdi. İndiyə qədər aparılan siyasət Azərbaycanın bir çox bəlalardan itkisiz çıxmasına səbəb oldu. Əgər biz daha patriot çıxışlar edərək, qərbpərəst mövqe nümayiş etdirsəydik, arzuolunmaz aqibətlə üzləşərdik. Əminliklə deyirəm ki, Avropa Birliyi ilə assosiativ sazişin imzalanması Qarabağın itirilməsi deməkdir. Bunu hər kəs bilməlidir. Bu baxımdan Azərbaycanın hazırkı mövqeyini düzgün və aydın hesab edirəm”.