Ukrayna Avropanın “xəstəsidir”

Mürəkkəb situasiyada həm Rusiyanın, həm də Qərbin günahı var


Ukraynadakı qeyri-müəyyən siyasi vəziyyət davam etməkdədir. Rəsmi Kiyev dəfələrlə Krım Parlamentinin legitim olmaması ilə bağlı açıqlama versə də, Krım Muxtar Respublikasının Parlamenti öz müstəqillik aktını qəbul etdi. Gözlənildiyi kimi də Rusiya vaxt itirmədən Krım və Sevastopol şəhərlərinin müstəqillik Bəyannaməsini tanıdı.

Bundan hiddətlənən Ukrayna Xarici İşlər Nazirliyi dərhal Rusiyaya etiraz bəyanatı göndərərək bunun BMT qərarlarına və Ukrayna ərazi bütövlüyünə yönələn işğal faktı olduğunu bildirdi. Son ümidini qərbə bağlayan Ukraynanın yeni hökuməti Rusiyanın artan təzyiqləri qarşısında dura bilməyəcəyini anlayaraq qərb ölkələrindən sadəcə maliyyə yardımı deyil, eyni zamanda hərbi dəstək də tələb edir. Amma ABŞ və NATO hələlik Rusiyanı iqtisadi sanksiyalarla təhdid etməklə kifayətlənir. Yaranmış çıxılmaz vəziyyəti şərh edən Dövlət İdarəçilik Akdemiyasının Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elman Nəsirli Ukraynanı

Avropanın xəstəsi adlandırıb. Amma politoloqun fikrincə, Ukraynadakı mürəkkəb situasiyada hər iki tərəfin üzərinə böyük məsuliyyət düşür: "Həm Rusiyanın, həm də qərbin bu məsələdə günahı var. Əslində Ukrayna tarixi və coğrafi baxımdan lap əvvəldən iki hissəyə bölünüb. Ölkənin qərbi Avropaya, şərqi isə Rusiyaya meyl göstərirdi. Belə bir parçalanma faktiki var idi. Burda qəribəlik ondadır ki, dünyada fəaliyyət göstərən 6 minə qədər beyin mərkəzinin 3 mini ABŞ-dadır. Doğrudanmı bu mərkəzlər hesablaya bilmədilər ki, parçalanmış vəziyyətdə olan bir ölkədən seçim tələb etmək, hansısa bir tərəfin mövqeyini müdafiə etməyi istəmək kökündən səhv yanaşmadır. Ukrayna hökuməti haqlı olaraq hesab edir ki, qərb daha ciddi şəkildə Rusiyanın təzyiqlərinə cavab verməlidir. Düzdür, ABŞ Konqresinin Nümayəndələr Palatası, Kanada hökuməti və digər qərb ölkələrinin rəsmiləri bununla bağlı öz kəskin mövqelərini bildiriblər. Amma bu mövqelər sadəcə bəyanat və müzakirə xarakteri daşıyır. Rusiya isə durmadan öz işini görür. Çalışır ki, referendum yolu ilə Krım Parlamentinin Rusiyaya birləşmə və müstəqillik barədə qəbul etdiyi qərarları legitim etsin. Bu baxımdan bir çoxları haqlı olaraq hadisələrin 2008-ci ildəki Gürcüstan olayları üzrə irəlilədiyini deyirlər. Çünki o zaman da ABŞ Qara dənizə hərbi donanma gətirdi. Avropa Birliyi Rusiya ilə bütün diplomatik əlaqələrini dondurdu. Ancaq üstündən bir müddət keçəndən sonra buzlar əridi və əlaqələr yenidən bərpa olundu. Abxaziya və Cənubi Osetiya isə faktiki olaraq Gürcüstanın əlindən çıxdı. Eyni vəziyyətin Krımın başına gəlməsi ehtimalı da yüksəkdir. Yox əgər hadisələrin bu şəkildə cərəyan edəcəyi əvvəldən bəlli idisə, deməli, hansısa qüvvələr Ukraynanı bilərəkdən indiki vəziyyətə gətiriblər”.

E.Nəsirlinin sözlərinə görə, istənilən halda sözügedən qarşıdurmada daha güclü tərəf qərb hesab olunur. Rusiya isə zəif cinahdır: "Çox güman ki, qərb Ukraynanı Krımsız Avropa Birliyinə qəbul etməyəcək. Rusiya isə öz növbəsində Krımdan əl götürməyəcək. Vəziyyətin bu cür davam etməsi Ukrayna dövləti və xalqı üçün müsibətlər gətirəcək. Məsələ burasındadır ki, Ukraynanın parçalanmış və zəifləmiş duruma düşməsi təkcə Rusiyanı deyil, eyni zamanda ABŞ və bütün qərb ölkələrinin simasını mənfi tərzdə dəyişəcək. Əgər qərb öz demokratik prinsiplərinə sadiq olduğunu və hüququn keşiyində dayandığını göstərmək istəyirsə, Ukrayna məsələsində qəti və sərt addım atmalıdır”.

Politoloq qeyd edir ki, Rusiya Konstitusiyasının 73-cü maddəsinə görə, hansısa bölgənin Federasiya daxilinə girməsi həmin bölgə əhalisinin razılığı əsasında mümkündür: "Əks halda, Krımın Rusiyaya birləşdirilməsi qeyri-qanuni olacaq. Deməli, burda beynəlxalq hüquq deyil, geo-strateji region maraqları işləyir. Yəni kim güclüdürsə, haqlı olan tərəf də odur prinsipi ön plana çəkilir. Amma hələlik Ukraynaya qoşun yeritmək üçün hüquqi prosedur yoxdur. Ukrayna NATO ölkəsi də deyil ki, ruslar bura hücum etdikdə, təşkilat öz hərbi qüvvələrindən istifadə edərək müdaxilənin qarşısını alsın. Məsələ yalnız beynəlxalq hüquq normaları çərçivəsində, yəni BMT müstəvisində öz həllini tapmalıdır”.

İsmayıl