Elçibəyin yaxın dostu Mustafa Krımoğlu

Krım tatarlarının liderini Azərbaycanda çox yaxşı tanıyırlar
Mirmahmud Mirəlioğlu: “Onunla çox şirin söhbətlərimiz olub”



Ukrayna ətrafında cərəyan edən hadisələr ukraynalılarla yanaşı, Krım tatarlarının da gələcəyini təhdid edir. Təbiidir ki, Azərbaycan da daxil olmaqla türk dünyasını Krımın taleyi narahat edir. Krım tatarları adanın təkrar Rusiyanın tabeliyinə keçməsinə etiraz edir və separatçılığa qarşıdırlar. Baxmayaraq ki, Krım parlamentinin Rusiya Dumasına müraciəti qəbul olunmadı və ali qanunverici orqan da müstəqillik Bəyannaməsi qəbul etdi, adada vəziyyət hər gün gərginləşməkdədir.

Vəziyyəti gərginləşdirənsə, martın 16-na ümumxalq referendumunun təyin edilməsidir. Məhz referendumda Krım xalqı Rusiyaya birləşib-birləşməmək haqda mövqeyini bildirməlidir. Buna qədərsə Rusiya Silahlı Qüvvələri hər gün bir az daha artıq adanın içərilərinə nüfuz edir. Krımın Rusiyaya ilhaq olunmasına etiraz edən Krım tatarları isə yenə də doğma torpaqlarından didərgin düşür. Artıq 260-dan çox tatar ailəsi Krımı tərk edib.

Krımın ağsaqqalı

Diqqət mərkəzində olan Krım tatarlarının lideri, Ukrayna Ali Radasının üzvü, Krım Tatar Məclisinin sabiq sədri Mustafa Abdulcəmil Krımoğludur (Mustafa Cəmiloğlu). Mustafa Krımoğlunun Rusiya prezidenti Vladimir Putinin görüşmək dəvətini qəbul etmədiyi də bəllidir. Krım tarixinin araşdırıcıları da, siyasi ekspertlər, tarixçilər də, Mustafa Krımoğlunu prinsipial insan kimi xarakterizə edirlər. Onun Krım tatarlarının yurda dönüşü, müstəqilliyi uğrunda Rusiya imperiyası ilə üz-üzə gəldiyi də məlumdur.

Kimdir Mustafa Krımoğlu? Krımın və Krım tatarlarının taleyində xüsusi rol oynamış bu fədakar insanın ömür yolu əzablı olub.

Mustafa Abdulcəmil Krımoğlu (Cəmilov) 1943-cü ildə Krımda doğulub. 1944-cü ildə - 6 aylıq körpə olarkən Krım tatarlarının Özbəkistana deportasiyası zamanı ailəsi ilə birlikdə vətəni tərk edib. Sovet dövründə Krım tatarlarının hüquqları uğrunda mübarizəsinə görə müxtəlif vaxtlarda 15 ilə yaxın həbsdə və sürgündə qalıb. 1986-cı ildə azad edilib. 1989-cu ildə ailəsi ilə birlikdə Krıma - Bağçasaraya qayıdıb. Və siyasi mübarizəsini davam etdirib. 1998, 2002, 2006, 2007, 2012-ci illərdə Ukrayna milli-demokratik partiyalarının siyahısından Ukrayna Ali Radasının deputatı seçilib. Hazırda Yuliya Timoşenkonun rəhbərlik etdiyi "Batkivşina” (Vətən) Partiyasının parlament fraksiyasının üzvüdür. Krım tatarları Mustafa Krımoğlunu özlərinin ağsaqqalı sayır, verdiyi mücadilə müqabilində onu özlərinə rəhbər, başçı bilirlər.

"Oğuz ağızlı Mustafa bəy”

Mustafa Krımoğlunu Bakıda da yaxşı tanıyırlar. Xüsusən də milli-azadlıq hərəkatının iştirakçıları, türkçülük ideologiyasının daşıyıcıları.

Bizimlə söhbətində KXCP sədri Mirmahmud Mirəlioğlu Mustafa Krımoğlunun bir neçə dəfə Bakıya səfər etdiyini dedi:

- Mustafa bəy rəhmətlik Əbülfəz bəylə də dost idi. Onların çox isti münasibətləri olub. Məni də Mustafa bəylə rəhmətlik Bəy tanış etmişdi. Əbülfəz bəy Türkiyədə səfərdə olarkən də Mustafa bəylə görüşmüşdü, sonra ABŞ-a səfər edəndə Mustafa bəy də ora gəldi. Və hamımız birgə Türklük yürüşündə iştirak etdik. Mustafa bəyə çox mərd, qəhrəman insandı. Möhtərəm şəxsdir. Ona 2003-cü ildə "Türklüyə xidmət” ödülü təqdim edilib.

M.Mirəlioğlu Mustafa Krımoğlunun daim imperiya siyasətinə qarşı mücadilə aparmasından da danışdı:

- Eynən Əbülfəz bəy kimi, o da ömrünü imperiya siyasəti ilə mübarizəyə, öz xalqının azadlıq hərəkatına, xalqının doğal haqlarının müdafiəsinə həsr edib. Tarixdən məlumdur ki, Krım tatarları İkinci Dünya Müharibəsinin gedişində Stalin tərəfindən Orta Asiyaya sürgün ediliblər. Mustafa bəy Özbəkistanda yaşayıb. Gənc yaşlarından Krım tatarlarının doğma torpaqlarına qaytarılması uğrunda mübarizə aparıb. Dəfələrlə həbs edilib. Onun 1970-ci ildə keçirilən məhkəmədə etdiyi çıxış, son sözü Rusiyanın imperiya siyasətinə ittihamnamə kimi yadda qalıb. Öz çıxışında o, türklərin, tatarların soyqırıma məruz qaldığını heç nədən qorxmadan, çəkinmədən bəyan edib. Sonra bilirsiniz ki, keçmiş SSRİ məkanında hansı hadisələr baş verdi, məlum Fərqanə hadisələrindən sonra Krım tatarları da doğma yurdlarına qayıtmağa başladılar. Mən deyərdim ki, Krım tatarları canları, qanları bahasına öz torpaqlarını qaytardılar. Sonrakı illərdə Mustafa bəy aktiv siyasi mübarizəsini davam etdirdi. Yaşının çoxluğuna baxmayaraq indi yenə də Krım tatarlarının lideri, öndə gedənidir.

Mirmahmud Mirəlioğlu Mustafa bəyin şirin ləhcə ilə danışdığını da vurğuladı:

- Onunla söhbətlərimiz heç vaxt çətin olmayıb. Krım tatarlarının ağzı, oğuz ağzıdır. Demək olar ki, Azərbaycan türkləri kimi, bir qədər Anadolu ləhcəsinə yaxın danışır. Nitqində rus dilinin təsiri qətiyyən hiss olunmur. Onunla çox şirin söhbətlərimiz olub.

"Türkiyə Krımı darda qoymayacaq”

Krımdakı vəziyyət Türkiyənin də diqqət mərkəzindədir. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Kiyevə səfəri və səfər çərçivəsində Krım tatarlarının lideri Mustafa Krımoğlu ilə görüşməsi də təsdiq edir. Görüş barədə Ukrayna KİV-nə məlumat verən Mustafa Krımoğlu Türkiyənin prinsipial mövqedən çıxış etdiyini demişdi və Əhməd Davudoğlunun sözlərini mətbuat vasitəsilə ictimaiyyətə çatdırmışdı:

"Əhməd Davudoğlu mənə dedi ki, Krım tatarları təhlükəyə məruz qalsa, ilk köməyə gələn dövlətin Türkiyə olacağına şübhə etməyin. Türkiyənin xarici işlər naziri bir neçə gün əvvəl Ukraynaya səfər etdi və rəhbərliklə görüşlər keçirdi. Bu, onu göstərir ki, Türkiyə Ukraynaya öz strateji tərəfdaşı kimi baxır və Ukraynanın müstəqilliyini, ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Türkiyə iqtisadi və diplomatik kömək göstərməyə hazırdır. Türkiyədəki Krım tatarları da mitinqlər keçirərək hökumətdən Ukraynaya yardım etməsini tələb edirlər”.

Məlahət Rzayeva