“Nobel” azarı...Yazarlar hiddətlənib

Seyran Səxavət: “Daş yuxular” Əkrəm Əylislini müdafiə etmək üçün bir dırnaq yeri də qoymadı”
Aqşin Yenisey: “Erməniyə boyun əyib “Nobel” almağı doğru saymıram”


Dünyanın bir sıra ictimai xadimləri azərbaycanlı yazıçı Əkrəm Əylislini 2014-cü il "Nobel” sülh mükafatına namizəd göstəriblər. Ə.Əylislinin sözügedən mükafata namizəd göstərilməsi onun "Daş yuxular” romanında Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasına səy göstərməsi ilə izah olunur. Norveç Nobel Komitəsi bildirib ki, iki dövlət arasındakı sülh prosesi dalandan çıxmır.

Kövrək sülhün isə hər zaman müharibəyə çevrilməsi mümkündür. Yalnız məşhur şəxsiyyətlərin çağırışları hər iki xalqı biri-birini bağışlamağa və razılığa gəlməyə təşviq edə bilər. Azərbaycanlı yazıçı bu addımı hamıdan əvvəl atacaq və düşmənə əl uzadacaq qədər mərd adamdır. Əminik ki, Ermənistanda da eyni şəkildə cavab verməyə hazır olan insanlar var”. Ə.Əylislinin namizədliyi barədə müraciəti isə dünyanın bir sıra tanınmış yazıçıları dəstəkləyib. Müraciəti antropologiya və sosial tədqiqatlar professoru Sergey Abaşin, Rusiya PEN klubunun prezidenti, İrəvan Dövlət Universitetinin fəxri professoru Andrey Bitov, Moskva Ali İqtisadiyyat Məktəbinin fəlsəfə doktoru Aleksandr Dobroxotov, klassik filologiya və fəlsəfə doktoru Həsən Hüseynov imzalayıblar.

Qeyd edək ki, müraciəti imzalayan H.Hüseynov Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar incəsənət xadimi Çingiz Hüseynovun oğludur.

Xatırladaq ki, 2012-ci ilin dekabrında Əkrəm Əylisli "Daş yuxular” romanını nəşr edib. Romanda ermənilərə qarşı törədilən qırğınlardan bəhs olunur. Yazıçı bu romanı 2006-cı ildə

yazdığını söyləyib. Roman yayıldıqdan sonra Ə.Əylisli "Azərbaycanın Xalq yazıçısı” adından və fəxri təqaüddən məhrum edilib.

Yazıçı Seyran Səxavət "Şərq”ə açıqlamasında bu halın onun üçün gözlənilməz olduğunu deyib. O bildirib ki, "Daş yuxular” meydana gələndən belə rəylər vardı ki, Əylisli bu əsəri yazmaqla "Nobel” mükafatı almaq istəyir: "Əkrəm müəllim də bunların hamısını bilir”.

"Nobel” mükafatı barədə danışan S.Səxavət vurğulayıb ki, mükafatın verilmə prosesi siyasi xarakter daşıyır: "Nobel” mükafatı siyasiləşib. Baxın, Qorbaçov da "Nobel” mükafatı laureatıdır. Klud Kansun adlı böyük yazıçı var. O, faşizmin yer kürəsində ayaq açdığı və anti-insan hikkəsini göstərdiyi vaxtlarda Hitleri dəstəkləmiş bir adamdı. Əkrəmin əsərini bunlarla müqayisə etmək istəmirəm. Qonşu Türkiyədə Orxan Pamuk da "Nobel” alıb. Ona da bu mükafatı xalqını aşağıladığına görə veriblər. "Nobel” almaq özbaşına gerçəkləşmir. Görünür, onu verən ədalət və haqqa xidmət edən təşkilat deyil. "Nobel”in verilmə prinsiplərinin özü belə qarışıqdı”.

Qocaman yazıçı deyib ki, azərbaycanlı həmkarlarının "Nobel” almağa maddi və mənəvi haqları çatır: "Çox nəhəng yazıçılarımız olub. Bu gün də mövcuddur. Nə olardı bizdən də bir "Nobel” alan olaydı. Bunu həmişə arzulamışam. Dünya xalqlarının heç birinin ədəbiyyatı ilə müqayisəyə gəlməyəcək dərəcədə bir ərazini fəth etmiş Azərbaycan ədəbiyyatı var. Bu baxımdan hesab edirəm ki, "Nobel” almaq bizim mənəvi haqqımızdır. Digər tərəfdən, maddi haqqımız da var. "Nobel” mükafatının maddi bazasının əsasında Azərbaycanın payı bəlkə də onu verən təşkilatdan çoxdur. "Nobel” qardaşlarının Azərbaycanda neft çıxarması bizə məlumdur”.

S.Səxavət vurğulayıb ki, Ə.Əylislinin namizədliklə bağlı müraciətinə imza atanlar ermənipərəst şəxslərdir: "Onlardan biri dostumdur. Rusiyanın çox nəhəng söz adamıdır. A.Bitovun "Uruki Armeni” adlı bir əsəri var. Ermənistanın xeyrinə yazılmış əsərdir. Bu adam böyük söz adamıdır. Söz dünyada Allahdan başqa hər şeydən yüksəkdir. O, sözün belindən gələn bir adamdır”.

Yazıçı bildirib ki, Ə.Əylislinin "Daş yuxular”a qədər yazdığı əsərlər "Nobel” alan əsərlərdən heç də əskik deyil: "Teleməkanların birində də demişəm ki, Əkrəm müəllim böyük və istedadlı yazıçıdır. Amma "Daş yuxular” onu müdafiə etmək üçün bir dırnaq yeri də qoymadı”.

Tanınmış söz sənətkarı onu da əlavə edib ki, bu məsələlərdə xalqın da idarəsi olmalıdır: "Müdrik xalqımızın gözəl bir deyimi var. "Yüz acını yeyərəm, bir şirinin xatirinə”. Bizim mənəvi menyumuza aiddir. Doğrudan da, yüz acını bir şirinin xatirinə yemək mümkünsə, onda elə bir acını da yüz şirinin xatirinə yeyək də!”.

Gənc yazar Aqşin Yenisey isə söyləyib ki, Ə.Əylisli "Nobel”dən də yüksək mükafata layiqdir. Amma düşmənlə düşmən kimi rəftar etmək lazımdı: "Erməniyə boyun əyib "Nobel” almağı doğru saymıram. Onun mükafata layiq görülməsi ermənilərin hesabına olacaqsa, bunu qəbul etmirəm. "Nobel” 1901-ci ildən verilir. İndi də 2014-cü ildir. Bu illər ərzində çoxlu sayda "Nobel” alanlar olub. Onların içərisində neçə nəfər ədəbiyyatın yaddaşında qalıb? İstərdim ki, Ə.Əylisli "Nobel”i Q.Q.Markez kimi alsın. Ermənilərə barışıq təklif edərək "Nobel”ə sahiblənməyi kəskin pisləyirəm”.

A.Yeniseyin qənaətincə, "Nobel” mükafatının siyasi xarakter daşıması yaxşı hal deyil: "Ədəbiyyatçılar öz yaradıcılıqlarına və ədəbiyyatda buraxdıqları dərin izlərə görə, "Nobel” almalıdırlar. Hansısa ədəbi xadimin siyasi məsələlərə görə, mükafat alması arzuolunan deyil”.

Gənc yazarın fikrincə, indiki halda "Nobel” ciddi yazıçıların gözündən düşmüş mükafatdı: "Adıçəkilən mükafatı almağa daha çox köhnəlmiş yazıçılar səy göstərirlər. Köhnə ənənələrlə yaşamaq istəyən yazıçılardı. "Nobel”i müasir yazıçılar istəmirlər. Bu mükafatı almağı özləri üçün biabırçılıq hesab edirlər. İntellektual "Nobel” mükafatına əhəmiyyət vermirlər”.

Yazar qeyd edib ki, "Daş yuxular”a görə, Ə.Əylisliyə "Nobel” mükafatının verilməsi Azərbaycanın beynəlxalq aləmdəki imicinə heç də zərbə vurmayacaq: "Silahlar işləyən yerdə söz susur. Ermənistanla düşməniksə, özümüzü düşmən kimi aparmalıyıq. Onun "Nobel” almasında söz işləmir. Sözün heç bir əhəmiyyəti yoxdur”.

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar isə həmkarının "Nobel” sülh mükafatına namizəd göstərilməsi barədə bunları deyib: "Bu hadisəni qeyri-ciddi hesab edirəm. Münasibət bildirməyə lüzum görmürəm”.

Ayyət Əhməd