Çörəyimizi kəsməsinlər...

“Heç olmasa alternativ iş təklif etsinlər, biz də gedək işləyək”


Son zamanlar gündəmə başqa bir mövzu daxil oldu. Metropolitenin yeni rəhbərliyi metro keçidlərində ticarəti qadağan etdi. Bütün metrostansiyalarda ticarətlə məşğul olanlar dünən (martın 11-də) metronun "Elmlər akademiyası”nda yerləşən baş idarə qarşısında daha bir etiraz aksiyası keçirərək verilən qərarla bağlı açıqlama tələb ediblər.

Mövcud vəziyyətlə maraqlanmaq üçün bir neçə metrostansiyada olaraq kiçik ticarətçilərlə və satıcılarla söhbətlər apardıq. Söhbət zamanı əksəriyyəti çörəklərini ticarətdən çıxardıqlarını, ailələrini son ümid yeri kimi bura ilə təmin etdiklərini dedilər. Metronun çıxış və girişlərində fəaliyyət göstərən kiçik mağazaların sahibkarları bu yaxınlarda icarə pulunu verdiklərini, hətta bəzi sahibkarlar mağazalarını təmir etdirmək üçün hər mağazaya görə 1500-2000 manatdan da pul ödədiklərini bildirdilər. Mağaza sahibləri və satıcılarla danışarkən onlar ümidsizlik, məyusluq və çarəsizlik içərisində idilər. Bu insanlar arasında xəstəsi və yeni əməliyyat olunan, həmçinin ailəsində yeganə işçisi qüvvəsi olan şəxslər də var idi. Aralarında çoxlu miqdarda banka borcu olanlar da az deyildi.

Elə insan var idi ki, bankın borc kağızını cibində saxlayaraq onu necə ödəyəcəklərini göz yaşları ilə deyirdilər. Düzdür, şəklini çəkməyə icazə vermədi, ancaq emosiyalarından yalan danışmadığı hiss olunurdu. Bəziləri "daha bəsdir, nə istəyirlər, dərimizi Nəsiminin dərisi kimi soyacaqlar, nə etsin bu insanlar? Heç olmasa, başqa yerdə iş yerləri açsınlar, gedib işləyək” - deyə söyləyirdilər.

İlk dayanacağımız "Neftçilər” metrostansiyası oldu. Burada mağaza sahibləri, satıcıları kefsiz halda malları əllərində qalmasın deyə satıb qurtarmağa çalışırdılar.

Adıçəkilən metrostansiyanın çıxışında gümüş zərgərlik, bəzək-zinət əşyaları satan mağazanın sahibi Bağırlı Samid metropoliten rəhbərliyinin verdiyi qərarla yanaşı, metro işçilərinin davranışlarından da razı deyildi. O, keçirilən aksiyada iştirak edib və çətinliklə də olsa, rəhbərlikdən Bakı metropoliteninin hərəkət xidmətinin rəisi Hidayət Məmmədovla görüşdüklərini bildirib: "İçəri daxil olanda dedim ki, rəhbərləri kimdirsə, onlarla görüşüm. Mən tanımıram kimdir, sadəcə içəri daxil olanda dedim ki, rəisləriniz kimdirsə, hamısı ilə görüşüm. Gedib maraqlanmaq istədim ki, bugünləri mağazaları bağlamağa gəlmisiniz, nəyə əsasən bağlanır? Bilmək istədim. Bugünkü günə kimi hər hansı yanlışımmı olub? Cavabında isə dedilər ki, bugünkü günə qədər mağaza kimi işlədilib, amma indi metrodan istifadə edən insanların

rahatçılığına mane olur, qeyri-qanunidir. Bugünə kimi qanuni olub, indi qanunsuzdur? Mən də "sənin rəhbərliyin kimdir?” soruşdum. Bu nədi, məgər rəhbərlik istədiyi formada, istədiyini edəcək. Deyək ki, bugünləri metropolitenin rəhbərliyi dəyişirsə, o indi yanlış olub. Siz gəlmisiniz düzsünüz? Düz deyil, o zaman bu yanlış bugünə qədər dövlətin bir qolu idi. Onda buradan belə anlaşılır ki, ümumi dövlət özü bir yanlışın üzərindədir. Doğrunun ortaya çıxması üçün nə etmək lazımdır? Nə etmək lazımdırsa, bilmirsinizsə, insanlarla gözəl davranmalısınız, qayda-qanuna sən və mən də tabeyik. Tək o demək deyil ki, bir insanın vəzifəsi dəyişdi, o dəyişikliyə görə qanun da dəyişsin. Əgər qanunu təkcə mənə tətbiq etmək üçün istədiyi formaya salırsa, mən belə qanun "priznavat” eləmirəm. O qanun mənim üçün deyil”. Qanun sənin və mənim də tabe olmağım üçündür.

Kiçik sahibkar Samid əlavə edir ki, metropolitenin baş idarəsində bir "dəyirmi masa” ətrafında görüşüblər: "Onlar nə məsləhət görürsən, edək söylədilər. Bu gün yox, 1 həftə sonra bağlayırıq. Mən də öz növbəmdə mənim üçün fərq etmədiyini, yalnız öz adımdan gəlmədiyimi aşağıda (çöldə) 200-300 insan varsa, onların adından danışmağa gəldiyimi dedim. Sonda 1 həftədən sonra nə zaman bağlanacağını deyəcəklərini söylədilər”.

Həmin mağazanın satıcısı Elçin İbrahimovun fikrincə, insanların ruzi yerini bağlayırlar: "Başqa yerdə iş yeri açsınlar, gedib işləyək. Heç olmasa, elə bir iş görsünlər ki, insanlar imkansızlıqdan stressə düşərək başqa yanlış işlər görməsinlər. Biz də Azərbaycan millətiyik, bizi erməni doğmayıb. Bu camaata gün ağlasınlar. Bir müddət sonra da olsa yenidən burada işləyə bilək”. Reportajı hazırlayarkən üzərində mağaza bağlanır, şok endirim yazısına da rast gəldik. Görünür, insanlar ziyana da olsa mallarının, necə deyərlər, "əllərində qalmasını” istəmirlər.

Daha sonra isə üzərində "çıxış” yazılan qapının yaxınlığında digər balaca bir gümüş alqı-satqısı ilə məşğul mağazanın satıcısı Sərxan Carçı ilə söhbətləşdik.

Ailədə 4 nəfər olan, yeganə qazanc yeri bura olan 30 yaşlı satıcı Sərxan keçirilən görüşdə metropolitenin rəis müavininin 1 həftə müddətində işləyə biləcəklərini deyib: "1 həftədən sonra konkret cavab deyəcəklər. Biz də oturub o 1 həftəni gözləyirik. Düzdür, dalınca da belə söhbətlər çatıb ki,1 həftədən sonra ola bilsin, təmiz yığacaqlar. 1 həftəni də vaxt qazanmaq üçün deyirlər. Hər halda mən indiyə qədər bu hökumətin verdiyi yanlış qərarlardan geri döndüyünü görməmişəm. Nə "Sovetski”, nə Razində "tolkuçkalar” sökülən də gördük. "Sovetski” camaatına heç olmasa ev pullarını verirdilər. Ancaq buradakı minlərlə insana heç bir alternativ təklif olunmur ki, burada və ya orada işləyin.

Amma bütün xalq narazıdır, burada minlərlə adam işləyir, 22 stansiya, hərəsində yüzlərlə yerin müdiri, satıcısı var. Yerpulu nə qədər verildiyini deyə bilməyəcəm, çünki mənim işim satıcılıqdır. Ancaq aydan-aya icarə haqqı verilirdi. Satıcı kimi günə 10-12 azn maaşımdır, lakin sağ olsun müdirim, yaxşı adamdır, 15 manat verir.

Sonuncu ayın arenda pulu yenicə verilib. Heç 1 ay tamam olmayıb. Əsas narazılığa səbəb isə icarə pulunun yenicə verilməsidir. Ən azından icarə vaxtına qədər işləyək. Minlərlə insanı işsiz qoymaqla bu hökumət nə düşünür? Bilmirəm nə fikirləşirlər”.

Sərxanın çalışdığı mağazanın qonşuluğunda olan ticarət obyektinin şəriki Rəşad onun dükanından üç ailənin evinə çörək apardığını bildirib: "Bir satıcı öz ailəsinə, digər iki ailəyə də mən baxıram. Biri iki uşağım həyat yoldaşım və mən, ikicisi isə atam və anam. Onlar da "pensiyaner”dilər. Heç bir yerdə işləmirlər. Həqiqətən bundan başqa gəlir yerim yoxdur. Ancaq 1 həftəyə boşaldın deyirlər. Buradan çıxarılsaq, çətin bir də qayıdaq. Bir zavodun işçiləri burada işləyir. Təsəvvür edin ki, böyük bir zavod bağlanır, işçiləri çöldə qalır”.

O, həmçinin bizim qəzet vasitəsilə də prezidentə müraciət etdi: "Ümidimiz prezident İlham Əliyevə və Mehriban xanıma qalıb. Çünki başçımız odur, mərhəməti və rəhmətilə insanlara yazığı gələrək qərar versin”.

Sonra isə "Koroğlu” (köhnə Məşədi Əzizbəyov) stansiyasına tərəf yollandıq. "Koroğlu” metrostansiyasında da vəziyyət fərqli deyildi. Stansiyaya çöldən girişdə içəridə piştaxta üzərində xırdavat əşyalar satan Elmana yaxınlaşaraq durumu izah etdik. Qısa da olsa, fikirlərini ala bildik: "Hələ malları yığışdırma haqqında bizə heç nə deməyiblər”.

Qeyd olunan stansiyanın içəridəki çıxışlarına doğru getdikdə və insanların fikirlərini öyrənmək istədikdə isə ürəyi dolu insanların deyilən məsələ ilə bağlı söylədiklərini dinlədik. Mağazaların şəkillərini çəkib insanlarla söhbət etdiyimiz zaman orada fəaliyyət göstərən dvd, kino disklərin satan mağazanı işlədən Seyidov qardaşlarından biri bizə yaxınlaşaraq onların da mağazalarını çəkmələrini və fikirlərini bildirmək istədiklərini dedilər. Onlar mağazanı icarəyə götürdüklərini söylədilər.

Qardaşlardan biri olan Ruhim yenicə burnundan əməliyyat olunduğu üçün 2000 dollar xərc çəkdiyini bildirib: "Özüm də xəstəyəm. Gedib fəhlə işləyə bilmirəm. Ancaq mənimki alverdir, yüngül işlə məşğul ola bilirəm. Ailəmizdə 10 nəfərik, təkcə mən baxıram. Bağlamaqla bağlı isə heç bir şey deməyiblər, eşitməmişəm. Sadəcə malımızı azaltmağımızı, mağazaya əlavə mal gətirməməyimizi deyiblər. 2-3 günə isə qalan mallarınızı da satıb qurtarın söyləyiblər”.

Digər qardaş Seyidov Elnur icarə haqqı olaraq 900 manat pul verdiklərini də qeyd edib: "Günə bizə 10-15 manat pul qalır. Hələ böyüklər 10 nəfərdir, balacaları demirəm. Necə çətinliklə yaşayırıq, gəlib baxsınlar. Belə getsə, gedib dilənəcəm. Daha nə edim? Yazıb-oxumağı da tam bilmirik, savadımız da yoxdur ki, gedib yazı işləri ilə məşğul olaq”.

Ailəli olan, geyim paltarları satan balaca mağazanın şəriki olan İnqilab ailədə 5 nəfər olduqlarını deyib: "Gündəlik 10-15 manat olur. Başqa iş yerimiz yoxdur, əlacsızıq. Buranı da bağlasalar, başqa işimiz yoxdur. Hamı işsizdir, nə olacaq, bilinmir”.

21 yaşlı Pərvin satıcıdır, qazancını buradan çıxardır: "Ailədə 5 nəfər var. Burada nəinki mən, hamı çörəksiz qalacaq”.

27 yaşlı Elvin isə "Nərimanov” metrostansiyasının çıxışlarının birində yerləşən ayaqqabı mağazasında çalışır: "Artıq üçüncü ildir burada işləyirəm. Hələlik subayam, evdəkilərə mən baxıram. Yeganə gəlir yerim buradır. Valiyenlərim məni gözləyir ki, mən buradan bir qəpik alıb onlara nə isə göndərəcəm. Birdən kimsə gəlir nə isə deyir, yığışdırın filan. Biz bunu necə qəbul edək? Bir iş olsun, gedib işləyək də. Gəlir özümüzü dolandıracaq qədər olur”.

Vüqar Şahinoğlu