Ehtiyac var...




Təhsil sistemində kadr dəyişikliyi davam etməkdədir. Rektorların biri-birinin ardınca işdən azad olunmasının cəmiyyət üçün gözlənilməz olduğunu desək, yanılmarıq. Çünki bu gün Azərbaycanda fəaliyyət göstərən ali məktəb rəhbərliyinin əksəriyyəti uzun illərdir ki, eyni postda oturub. Azərbaycanda elə ali məktəb var ki, onun rektorunun işlədiyi dövr 10 ili keçib. Ən əsası isə həmin universitetlərdə təhsilin səviyyəsi çox aşağı olub. Bu vəziyyət indiyə qədər heç bir rəsmi qurumu maraqlandırmaması da cəmiyyətdə narahatlıq doğuran məsələlərdən idi.

Ancaq deyəsən stereotiplər yavaş-yavaş qırılır. Bölgələrdən başlanan rektor uzaqlaşdırması paytaxta qədər gəlib çatıb. Rektorun işdən uzaqlaşdırılacağı barədə KİV-də yer alan məlumatlar vəzifədə qalan rektorları narahat etməyə başlayıb. Buna səbəb isə yaxın zamanlarda digər rektorların da işdən çıxarılması ilə bağlı yayılan məlumatlardır. Qeyd edək ki, uzun müddətdir eyni vəzifədə olan rektorların biri-birinin ardınca istefaya göndərilməsi cəmiyyətdə də müəyyən fikir ayrılıqları yaradıb. Bəziləri bu prosesin effektiv olacağını, ali məktəblərdə tüğyan edən qanunsuzluqların qarşısını alacağını düşünsələr də, ali məktəb rektorlarının işdən çıxarılmasının sadəcə formal bir kadr dəyişikliklərindən ibarət olduğunu deyənlər də az deyil. Bu cür düşünən insanlardan biri də təhsil eksperti, Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevdir. Onun qənaətincə, rektor dəyişimlərinin təhsilin keyfiyyətinə və inkişafına heç bir yararı olmayacaq:

- Bu sadəcə kadr dəyişiklikləridir. Burada təhsilin inkişafı ilə bağlı heç nə yoxdur. Dünyanın hər yerində qəbul edilən vahid prinsiplərdən biri də odur ki, hər hansı bir kadr 4-5, ən çoxu isə 8 il eyni vəzifədə qala bilər. Yalnız Azərbaycanda və bəzi şərq ölkələrində bir insan illərlə eyni postda qalır. "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” sənədi qəbul olunub. Bu sənəddə də idarəetmənin təkmilləşdirilməsi, yeniləşdirilməsi, kadr yerləşdirməsi, təhsil müəssisələrinə yeni ab-havanın gətirilməsi kimi məsələlər vəzifə kimi qoyulub. Odur ki, rektorların biri-birinin ardınca vəzifədən kənarlaşdırılmasının arxasında təhsilin keyfiyyətinin yaxşılaşdırılması, nə də

vəzifədən atılan rektorların fəaliyyətinin şəffaf və ya qeyri-şəffaf olması dayanır. Rektorluqdan alınan insanların indiki durumuna diqqət etdikdə də, aydınca görünür ki, bu proses heç də təhsilin şəffaflığı ilə bağlı aparılmayıb. Slavyan Universitetinin rektoru çıxarıldı. İqtisad Universitetinin rektoru isə parlamentdə mandat sahibi, üstəlik də Elm və Təhsil Komitəsinin sədridir. Hətta bugünə qədər mənim üçün təəccüblü olub ki, həm rektorluğu, həm də deputatlığı Şəmsəddin Hacıyev bir arada necə bacarır? Yatmır məgər? Gəncə Dövlət Universitetinin rektoru isə digərlərinə nisbətən vəzifəsinə yeni təyin olunmuşdu. Bir il yarım olar, olmaz. Görünür, onun daha münasib kadrla əvəz olunması məqsədəuyğun görülüb. Yəni onun vəzifədən çıxarılması fəaliyyətində hansısa qüsura yol verməsi ilə əlaqəli deyil. Sadəcə olaraq, ali məktəblərə yeni mexanizmlərə uyğun, çevik kadrlar təyin olunur. Sumqayıt Dövlət Universitetinin vəzifədən alınan rektoru Nadir Qəhrəmanov isə Universitet yaranan gündən orada rektor idi. Təbii ki, ömürlük orada qalası deyildi. Gec də olsa, həmin universitetin rəhbərliyində dəyişikliklər edildi. "Su qabda qaldıqca, iylənər” deyiblər. Rektorlar da vəzifədə qaldıqca, təhsilin səviyyəsi aşağı düşür. Hesab edirəm ki, bu proses digər ali məktəblərdə də getməlidir. Bu kadr dəyişikliyi Azərbaycanda təhsilin keyfiyyətini qaldırmasa da, universitetlərə yeni nəfəs gətirər və təhsildə yeni tələblərə uyğun inkişafa səbəb ola bilər.

Şəymən