Televiziyalar cəmiyyətə çirkab axıdır...

İllərdir bu üfunətdən şikayət olunur, çarə tapan yoxdur


Telekanallarımız cəmiyyətə çirkab axıtmaqda davam edir. Telekanallar barədə ucuz şou, düşük, səviyyəsiz verilişlər yığnağı ifadəsi də artıq mövcud durumu tam əks etdirmir. Azərbaycanın, xüsusilə də özəl televiziyaları sanki əxlaqsızlıq, qeyrətsizlik, namussuzluq, abırsızlıq, həyasızlıq yarışındadır. Kanalın birində iki qadın müğənni biri-birinin "ərlərini” sayır, biri-birinə nəinki qadına, ümumiyyətlə, normal insana xas olmayan sifətlərlə təhqir edir, digər kanalda ərindən qaçmış arvadlar, bir başqasında arvadından qaçmış "kişilər”, uşağını atan analar, uşağının atasını axtaran qadınlar danışmaq üçün növbə gözləyir. Atalıq testləri havada uçuşur. Və bunu da aparıcılar elə şövqlə elan edirlər ki, sanki hansısa beynəlxalq yarışda qalib çıxmışıq.

Abırsızlığın dərəcəsi artıq o həddə çatıb ki, bir kişinin arvadının oynaşı ilə olan intim səhnələrini gizli çəkiliş aparıb telekanala təqdim edir, telekanal da bunu efirdə yayımlayır. Təbii ki, söhbət ATV telekanalındakı "Ümid var” verilişindən gedir. Artıq məlumdur ki, bu video-süjetlə əlaqədar Ağcabədi rayon sakinləri etiraza qalxıblar. Rayon camaatı adıçəkilən verilişdə, necə deyərlər, şərəflərinin iki paralıq edildiyindən qeyzə gələrək Rayon İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Telekanallardakı səviyyəsizliyə, cəmiyyətə əxlaqsızlıq aşılayan verilişlərə, yaxud da arvadını belində gəzdirən aparıcılara hələ nə qədər tab gətirməliyik?

"Bu, etik deyil”

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili, professor Nizami Cəfərov dünən məsələyə münasibət bildirib. AzVision.az saytına açıqlamasında millət vəkili deyib ki, belə görüntünün efirdə yayılması etik deyil:

- Təəssüf ki, son zamanlar belə hallar meydana çıxır. Mənə elə gəlir ki, bizim televiziyalar bu məsələyə ciddi yanaşmalıdır. Elə görüntülər verirlər ki, adamda ikrah oyadır. Tamaşaçı həmin görüntünü televiziyaya təqdim etsə belə, o, efirə verilməməli idi. Ola bilər ki, həmin insan normal psixoloji vəziyyətdə deyil və belə müraciət edib, ona görə də gərək televiziya özü bu görüntünün yayılmasının qarşısını alsın. Normal ailələr var, heç onlar barədə söhbət açmırlar. Amma bu cür əxlaqsız söhbətlərə daha geniş yer verilir və bu da cəmiyyətə, xüsusilə də gənclərə pis təsir göstərir. Milli Teleradio Şurası da dəfələrlə belə hallarla bağlı müraciətlər edib, bəzi televiziyaları cəzalandırıb.

Zaur Baxşəliyev məsuliyyətə cəlb oluna bilər

Milli.az xəbər portalı ATV kanalında Ağcabədidən olan kişinin arvadının intim görüntülərini çəkərək verilişə göndərməsi və yayımlanmasının hüquqi tərəflərinə işıq salıb və aparıcı Z.Baxşəliyevin cinayət məsuliyyətinə cəlb edilə biləcəyini müəyyənləşdirib.

Məsələ burasındadır ki, Z.Baxşəliyevin məlum videonu yaymasından sonra başqa məqamlar da ortaya çıxıb.

Məlum olub ki, arvadını ifşa edən Pərviz Əliyev iki şərik fermerin çobanıdır və müxtəlif vaxtlarda həmin şəxslərin 36 baş qoyununu sataraq pulunu mənimsəyib. Qadının yataqda görüntüləndiyi kişi isə P.Əliyevin çobanı olduğu fermanın şəriki Qəhrəman adlı şəxsdir. Polisə çağırılan qadın ifadəsində Qəhrəmanla yaşadığını etiraf edib. Ancaq polis başqa şübhəli məqamlar üzərində işləyir. İntim görüntülərin ər-arvadın birgə planı olması ehtimalları araşdırılır.

Baş verənləri şərh edən hüquqşünas Müzəffər Baxış bildirib ki, televiziyada yayımlanan görüntü şəxsi toxunulmazlıq hüququnun pozulmasıdır. Konstitusiya hər kəsin şəxsi toxunulmazlıq hüququnu təsbit edir. Belə məsələlər ölkə Konstitusiyasının 32-ci maddəsi ilə qadağan olunur.

Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Şəxsin razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına qanun yol vermir. Qadının razılığı olmadan bu məlumatlar yayılıbsa və televiziyada göstərilibsə, düzgün deyil və belə hallar Cinayət Məcəlləsinin 156-cı maddəsinə görə, 100 manatdan 500 manatadək və ya 140 saatadək ictimai işlərə və ya 1 ilədək islah işləri ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 3 ilə qədər müəyyən vəzifə tutmaq, fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək azadlıqdan məhrum edilə bilər.

Ekspertin sözlərinə görə, bu olayda televiziyanın vəzifəli şəxsləri öz qulluq mövqeyindən sui-istifadə edərək onlara təqdim edilmiş məlumatı qanunsuz yayıblar. Bu qəbildən olan cinayətlər Cinayət Prosessual Məcəlləsinin 37.3-cü maddəsinə görə, xüsusi ittiham qaydasında təqib olunan cinayətlərdir.

"Bu cür süjetlər cəmiyyətə pis mesajlar ötürür”

Televiziya mütəxəssisi Zeynal Məmmədli də "Şərq”ə açıqlamasında özəl həyatla bağlı kadrların icazəsiz efirə verilməsinin qanunsuz olduğunu dedi:

- Belə başa düşdüm ki, sözügedən video özəl həyatla bağlıdır. Kiminsə özəl həyatını şəxsin razılığı olmadan efirdə nümayiş etdirmək qanuna ziddir, istər şəxsin konstitusion hüquqları olsun, istərsə də televiziya, yayım haqqında qanun olsun. Bu cür videolar, süjetlər cəmiyyətə çox pis mesajlar verir. Çox pis bir nümunədir, cəmiyyət dəyərlərinə qarşıdır. Bu əmələ heç bir yöndən bəraət qazandırmaq olmaz. Bu cür süjetlər efirə yalnız o halda verilə bilər ki, onun verilməməsi cəmiyyət üçün mənfi bir hal yarada bilsin. Yəni, burada hansısa bir ictimai fiqur, dövlət məmuru, öz vəzifəsindən sui-istifadə edən şəxs olsa və onun törətdiyi əməl cəmiyyət və dövlət maraqlarını təhdid etmiş olsa, yaxud əldə edilən hansısa videomaterial istintaq işinə yardım edə biləcəksə, o zaman ictimailəşdirilməsi mümkündür. Hesab edirəm ki, Milli Teleradio Şurası bu cür qanunsuz əməllərin, pis örnəklərin qarşısını çox iri məbləğdə cərimələrlə almalıdır. Nəticə etibarilə efirimizdəki bu tip qalmaqallı, etik normaları çeynəyən verilişlər ona görə yaranır ki, teleməkanda müəyyən məhdudiyyətlər var. Məhdudiyyətlərin yerini "doldurmaq” üçün də bəziləri qeyri-etik, hətta heyvani hisslərə də efir genişliyi verirlər. Televiziyalarda kommersiya maraqları bütün müsbət keyfiyyətləri üstələyir.

MTRŞ və ATV-dən reaksiya gəldi

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Modern.az-a bildirib ki, məsələ diqqətdə saxlanılır və hüquqi müstəvidə baxılacaq. Onun sözlərinə görə, əgər qanun pozuntusu varsa, lazımi tədbirlər görüləcək. "Şura sədri və sadə bir vətəndaş kimi mən də bu cür sosial problemi olan, fiziki cəhətdən qüsurlu insanlar, ümumiyyətlə, insanlar üzərində şou yaratmağı pisləyirik. Biz bu cür verilişlərin Azərbaycan efirində olmasını istəmirik. Çox təəssüf ki, televiziya kanallarında özlərinə dırnaqarası reytinq qazanan aparıcılar, eləcə də kanal rəhbərliyi doğru yolda deyillər. Bura Avropa və ya başqa ölkələr deyil ki, hər bir şeyi açıq şəkildə yaysınlar”.

ATV-də yayımlanan "Ümid var” verilişinə qadağanın qoyulması məsələsinə gəlincə isə MTRŞ sədri bildirdi ki, onların belə səlahiyyəti yoxdur. "Bununla bağlı dəfələrlə məsələ qaldırmışıq. Başqa ölkələrdə bu tip verilişlərlə bağlı qanunvericilik formasında Şuraya səlahiyyətlər verilir. Təəssüflər olsun ki, Azərbaycanda bu yoxdur. Məsələn, qonşu Türkiyədə və başqa ölkələrdə bu cür verilişlər varsa, Teleradio Şuraları onları müəyyən müddətə bağlaya bilir. Amma bizim "Teleradio Yayımı haqqında” qanunda bu yoxdur. Bu müddəa ilə bağlı dəfələrlə müvafiq instansiyalara təklif olunub. Təəssüflər olsun ki, hələ ki, bu təklif qəbul olunmayıb”.

"Etik cəhətdən biz özümüz də evli adamların xəyanətinə dair iddialarının nümayiş olunması məsələsini qəbul etmirik”. Bunu isə ATV telekanalının Xəbərlər redaksiyasının baş redaktoru

Vaqif Aydınoğlu deyib. Onun sözlərinə görə, Ağcabədi rayon sakini ATV kanalına tamam başqa məsələdən ötrü müraciət edib. "Sadəcə, həmin şəxs ATV-yə uşaqlarının hüquqlarının müdafiəsi üçün üz tutmuşdu. Müraciətdə uşaqlarının ona verilməsinə yardımçı olmaq xahiş olunurdu. "Ümid var” verilişi də bu məsələ üzərində qurulmuşdu. Sadəcə, canlı efir olduğuna görə belə bir vəziyyət yarandı. Artıq veriliş öz məcrasını dəyişdiyindən televiziya tərəfindən bu məsələ qapadılıb. Amma bu, "Ümid var”ın bağlanması anlamına gəlmir”.

Qəribədir ki, uşaqları uğrunda mübarizə aparan vətəndaş bu ölkədə hüquq-mühafizə orqanlarının olduğundan xəbərsizdirmi, yoxsa prokurorluq binası ilə telekanalı səhv salıb? Çəkdiyi gizli videonu prokurorluğa təqdim etməli idi, telekanala deyil.

Məlahət Rzayeva

Krımda əməliyyat başlasa, köç sürətlənəcək

Hadisələr 10 minlərlə

azərbaycanlının oranı tərk etməsinə gətirib çıxaracaq

Krım Azərbaycan Cəmiyyətinin sədri Rəhim Hümbətov bildirib ki, hazırda Krımda vəziyyət gərgindir və hər an silahlı qarşıdurmanın baş verməsi ehtimalı var. O qeyd edib ki, bununla əlaqədar muxtar respublikada yaşayan azərbaycanlıların Ukraynadan çıxarılması təşkil olunur: "Mümkün qədər soydaşlarımıza bölgədən çıxmağı tövsiyə edirik və bunun üçün şərait yaradırıq”.

Hazırda dəqiq nə qədər azərbaycanlı ailəsinin Krımdan çıxdığının məlum olmadığını deyən R.Hümbətovun sözlərinə görə, köç hər gün davam edir. "Şərq”ə açıqlama verən miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Ukraynada yaşayan soydaşlarımızın sayı, onların fəaliyyəti və hansı şəraitdə Krımı tərk edəcəkləri ilə bağlı geniş açıqlama verib. Ekspert deyib ki, əgər Rusiyanın Krıma birbaşa hərbi müdaxiləsi baş verərsə, ilk əvvəl azərbaycanlıların kompakt yaşadığı ərazilər təhlükə altında qalacaq: "Ukraynada yaşayan azərbaycanlıların sayı qeyri-rəsmi məlumatlara görə, 250 mindən 500 minə qədərdir. Bu rəqəm ilbəil dəyişir. Təbii ki, buna təkcə Ukraynada müvəqqəti yaşayan azərbaycanlılar deyil, eyni zamanda Ukrayna vətəndaşı olan azərbaycanlılar da daxildir. Amma bütövlükdə götürdükdə, bu rəqəm kifayət qədər böyükdür. Nəzərə alsaq ki, Ukraynada, xüsusilə də Krımda yaşayan azərbaycanlıların böyük əksəriyyəti əmək fəaliyyəti ilə məşğul olan insanlardır, deməli, bu ölkədə baş verən istənilən münaqişə soydaşlarımızın iş yerlərinin itirilməsinə və bağlanmasına səbəb olacaq. Bu hal öz növbəsində azərbaycanlıların yaşadıqları yeri tərk etməsinə gətirib çıxaracaq. Amma Ukraynanın coğrafiyasına nəzər salsaq, azərbaycanlıların daha çox cənub-şərq hissəsində məskunlaşdığını deyə bilərik. Yəni soydaşlarımız rusdilli əhalinin sıx məskunlaşdığı bölgələrdə yaşamağa üstünlük verirlər. Məsələn, Krımda”.

A.Allahverənov son günlər ayrı-ayrı mənbələrin çox ziddiyyətli rəqəmlər yaydıqlarını qeyd edib: "Məsələn, Rusiya KİV-ləri minlərlə rusdilli əhalinin Ukraynanı tərk etdiyini yazırlar. Ukraynada çox sayda qaçqın ordusunun yarandığını bildirirlər. Amma Kiyev rəsmiləri ümumiyyətlə, ölkəni kütləvi şəkildə tərk edən insanlarla bağlı heç bir məlumat vermirlər. Hətta belə bir faktın olmadığını iddia edirlər”.

Ekspert vurğulayıb ki, əgər Krımda hərbi əməliyyatlar başlayarsa, bu hal həmin bölgədə yaşayan 10 minlərlə azərbaycanlının oranı tərk etməsinə gətirib çıxaracaq. Bu zaman Ukraynanı tərk edən azərbaycanlılar bir neçə istiqamətə üz tutacaqlar: "Ola bilsin, azərbaycanlılar Ukraynanı tərk etməsinlər və ölkənin nisbətən sakit olan qərb tərəfinə keçsinlər. Digər istiqamətlər isə Rusiya, Türkiyə və Gürcüstandır. Ehtimallardan biri də əlbəttə ki, soydaşlarımızın öz vətənlərinə, Azərbaycana gəlmələridir. Eyni zamanda biz Krımda yaşayan tatarları da azərbaycanlılardan ayrımırıq. Krımda yaşayan 280 minə qədər tatarlar da azərbaycanlılarla birgə adlarını qeyd etdiyimiz ölkələrə üz tuta bilərlər.

Nəticə etibarı ilə belə bir mənzərə yaranır ki, əgər hadisələr hərbi müstəviyə keçərsə, ölkəni ilk əvvəl tərk edənlər əməkçi miqrantlar olacaq. Bunların arasında azərbaycanlılar birinci beşliyə daxildir. Onlarla bərabər digər etnik mənsubiyyətə malik xalqlar da Ukraynanı tərk edəcək ki, bu da çox böyük qaçqın axını demək olacaq”.

İsmayıl