“Sahil” dərsi...

Allah eləməsin, orada bir fəlakət baş versə, hər şey yerlə-yeksan olacaq


Bakının mərkəzində, "Sahil” metrostansiyasının üzərindəki hündürmərtəbəli binada baş vermiş yanğın tikintidə şəhərsalma qaydalarının necə görməzdən gəlindiyini təsdiqlədi. Həmin bina inşa edilməyə başlayanda memarlar bildirirdilər ki, metrostansiyanın üzərində belə hündürmərtəbəli binanın tikilməsi yolverilməzdir. Tikinti aparılan ərazinin parametrləri hündürmərtəbəli bina üçün uyğunsuzdur.

Birinci, ən böyük təhlükə binanın metrostansiyanın üzərində tikilməsidir ki, metro tikinti qaydalarına qətiyyən uyğun deyil.

Metrostansiyaların nəinki üzərində, heç yaxınlığında da bu tip binalar inşa edilməməlidir. Burada zərərlər ikitərəflidir. Binaların ağırlığı metrostansiyalara zərər verdiyi kimi, qatarların hərəkəti də binaları titrədir. İkincisi, "Sahil” metrostansiyası şəhərin ən sıx, gur ərazisində yerləşir. Məlumdur ki, buradakı yollarda daim tıxac müşahidə olunur. Səbəb də sıxlıqdır. Yeni binalar tikilib, binaların alt mərtəbələri market və mağazalardan, üst mərtəbələri ofislərdən ibarətdir. Ətrafda nə qədər vacib dövlət müəssisələri, ali məktəb, orta məktəblər var. Bülbül prospektindən tutmuş Üzeyir hacıbəyov, Zərifə Əliyeva, 28 May, Ş.Bədəlbəyli küçələrinin hamısı kəsişir və bu küçələr başdan-ayağa marketlər, satış məntəqələri, kiçik ofislər və təbii ki, park edilmiş avtomobillərlə doludur.

Srağagün binanın yalnız bir mərtəbəsində (3-cü mərtəbədə) baş vermiş yanğının söndürülməsinə saat yarım vaxt sərf olunması deyilənlərin doğruluğunu göstərdi. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerində olarkən yanğınsöndürən maşınların hadisə yerinə gec gəlib çıxmasının səbəbini də məhz avtomobillərin sıxlığı ilə izah edib. Avtomobil sıxlığının nədən yarandığı da məlumdur.

Bütün bu qayda pozuntularının nəticəsi idi ki, "Sahil” metrostansiyasının girişi və çıxışı saat yarım ərzində sərnişinlərin üzünə bağlandı. Metrodan çıxan sərnişinlər isə su şırnağına "qonaq” edildilər.

"Sovetski”də dar yolların

"dərdini” çəkənlər "Sahil”dəki

vəziyyəti niyə görmür?

Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova "Şərq”ə açıqlamasında bildirdi ki, Bakı şəhərsalma qanunundan kənar tikilmiş binalarla doludur:

- Paytaxta ötəri nəzər yetirmək kifayətdir ki, tikintilərin necə xaotik, şəhərsalma qaydalarının kobud pozuntusu ilə aparıldığı görünsün. Şəhərsalma qaydalarına görə, binalar arasındakı məsafə iki binanın hündürlüyünün yarısı qədər olmalıdır. Ərazidə iki qoşa binanın hər birinin hündürlüyü 100 metrdirsə, deməli, onlar arasındakı məsafə azı 100 metr olmalıdır. Bizdə binalar arasındakı məsafə 30 metrdən çox qoyulmur. Heç olmasa, 50, 75 də qoymurlar. Mən Kalininqrad şəhərində çoxmərtəbəli yaşayış massivinin layihəsini təqdim etmişdim. Binalar arasında 100 metr məsafə qoymuşdum, dedilər, olmaz, 120 metr qoyulmalıdır. Binaların sayını da azaltdılar ki, sıxlıq yaranmamalıdır. "Sovetski”də söküntünü təqdir edirlər ki, küçələr dardır, bir yanğın olsa, yanğınsöndürən necə gələcək? Gördünüz, "Sahil”dəki yanğını saat yarıma söndürdülər, özləri də etiraf etdi ki, sıxlıq olduğu üçün yanğın gec söndürülüb. Belə gözlənilməz hadisələr digər yerlərdə də baş verə bilər. Demək olar, əksər binaların altı mebel mağazası, market, super-marketdir, ticarət obyektləridir. İnsanlar küçələrlə rahat hərəkət edə bilmir. Hərə bir butik çıxarıb küçəyə. Binaların böyür-başı yardımçı, əlavə tikililərdir. O həyətlərə heç minik avtomobilləri daxil ola bilmir, o ki qaldı, yanğınsöndürən maşınlar. "Sovetski” ərazisi başadüşüləndir. İnqilabdan əvvəl, sonra da sovet vaxtı tikilən kiçik evlərdir. Bəs müasir zamanda tikilən binalarda niyə tikinti qanunlarına riayət edilmir? Bütün rəsmi strukturlar bu vəziyyəti görür,

amma heç kim səsini çıxarmır. Fəlakət baş verəndə də camaatı günahlandırırlar. Binalar elə inşa edilməlidir ki, avtomobillər binalar arasında sərbəst hərəkət edə bilsin, fövqəladə hallar baş verəndə də yanğınsöndürən, təcili yardım, digər qəza xidmətləri hadisə yerinə tez çatsın.

"İçərişəhər”, "Sahil”

metrostansiyaları bağlanmalıdır”

Z.Budaqova qeyd etdi ki, metronun "İçərişəhər” və "Sahil” stansiyaları İçərişəhər üçün də, paytaxtın dənizkənarında yerləşən tikililəri üçün də ziyanlıdır:

- Hələ sovet vaxtı məsələ qaldırılmışdı ki, bu iki stansiya bağlanmalıdır. O zaman "Bakı Soveti” adlanan indiki "İçərişəhər” metrostansiyası İçərişəhərin bilavasitə Şirvanşahlar sarayının altından keçir. İçərişəhərdə yaşayanlar həmişə deyirlər ki, metro keçəndə evdə hiss edirik, səsini də eşidirik, titrəyişi də hiss edirik.

Bu metro stansiyası bizim tariximizi təhdid edir. Bizə tariximiz əzizdir, yoxsa metro stansiyası? Eləcə də "Sahil” metro-stansiyası ətrafdakı bütün tarixi binaları təhdid edir. "Sahil” metrostansiyası tərəfdəki binaların çoxu mavritan stilində evlərdir. 4-5 mərtəbəli binalar məhz ərazinin geoloji quruluşuna hesablanaraq tikilib. Elə bilirsiniz, ovaxtkı memarların biliyi yox idi, yoxsa onlar 10 mərtəbəli binalar tikə bilməzdilər? Binaları ona görə azmərtəbəli layihələndirirdilər ki, ağırlıq yaranmasın. O binalar yerin ağırlıqgötürmə qabiliyyətinə hesablanaraq tikilib. Dənizə doğru irəlilədikcə, torpaq təbəqəsi azalır, gil təbəqəsi çoxalır. Sadəcə, təbəqə qatı hündür olduğuna görə, alt təbəqə islanır, üst təbəqəyə isə su keçmir. Amma gil təbəqəsi özü-özlüyündə yumşaqdır. Allah eləməsin, orada bir fəlakət baş versə, hər şey yerlə-yeksan olacaq. Ona görə də tikinti aparılarkən bu xüsusiyyətlər nəzərdən qaçmamalıdır. Torpağı həddindən artıq yükləmək olmaz.

Metronun üzərində bina tikilə bilərmi?

Z.Budaqova qeyd etdi ki, bütün tikililərdə ağırlıq yükü nəzərə alınmalıdır. Metronun da, tunellərin də üzərində tikinti aparmaq olar. Amma baxır, necə:

- Əgər tikinti metro tunelinin üzərində aparılırsa, mütləqdir ki, fundament tunelin kənarlarına düşsün. Bərk hissəyə. Ağırlığın altı boşluq olmamalıdır. Tikililərin fundamentini bacardıqca kənarlara yerləşdirmək lazımdır. Tunelin üzərində ancaq 2-3 mərtəbəli tikilinin olmasına icazə verilir. Metro salınarkən də tunelin küçələrin altı ilə keçməsinə diqqət edilməlidir. O yerdə ki, hündürmərtəbəli binalar, ağır tikililər yoxdur. Hər tikilinin özünün incə nöqtəsi var. Məsələn, bir körpünün elə yeri var ki, ora nə qədər təzyiq etsən də, bir-iki daş ancaq qopub düşər. Elə yeri də var ki, kiçicik bir titrəyişdən bütün körpü uçulub dağılar. Tunellər də belədir. Tunellər elə inşa edilməlidir ki, ora ağırlıq düşməsin. İndi soruşuram, "Sahil” metrostansiyasının üzərində o boyda binanın tikilməsinə nə ehtiyac vardı? Həmin ərazidən faktiki olaraq keçib getmək mümkün deyil. Dar, ensiz küçədə 10 mərtəbəli yaşayış binası, 3 mərtəbəli ticarət mərkəzi, səfirliklər, ofislər, yeməkxanalar, şirniyyat mağazası, nə qədər satış məntəqələri yerləşdirilib. İnsanların metrostansiyaya girişi də, çıxışı da keçilməz olub. Dünyada nəhəng tikintilərin aparıldığı ölkələr var. Məsələn, Ukraynada Kiyev metrosunun tikintisi üçün Dnepr çayının altı ilə qazıntı aparıblar. Görünür, buna zəruri ehtiyac olub ki, ediblər. Amma Bakıda "İçərişəhər” metrosunun qədim qala divarlarının altı ilə aparılmasına nə ehtiyac vardı? Başqa ərazidə də bunu etmək olardı. Deyək ki, o zaman sovet quruluşu idi, bizim istəyimizə baxmadılar. Bəs indi? İndi kimdir qarşımızı kəsən? İndi də tarixi abidələrimizə qənim kəsilmişik. Həm tariximizi dağıdırıq, həm də insanların həyatını təhlükə altında qoyuruq. Ümumiyyətlə, metrostansiyaları olan yerlərdə ətraf ərazidə mümkün qədər boşluq saxlanmalıdır ki, həm sərnişinlərin gediş-gəlişinin rahatlığı təmin edilsin, həm də bir hadisə baş verəndə sərnişinləri tez təxliyə etmək mümkün olsun. Metrostansiyaların ticarət obyektləri ilə basdırıldığı bir vaxtda bunu etmək qeyri-mümkündür. Metro strateji obyektdir. Orada maksimum təhlükəsizlik təmin edilməlidir.

Məlahət Rzayeva