Rusiya çökdürüləcək...

Ekspertlər iddia edir ki, ABŞ Gürcüstandakı səhvlərini bu dəfə təkrarlamayacaq


Ukrayna hadisələri və Krımda referendumun təşkili Amerika və Rusiya arasındakı münasibətləri daha da gərginləşdirib. Referendum yenicə gündəmə gələndə ABŞ və digər Avropa ölkələri bunun beynəlxalq norma və Ukrayna konstitusiyasına zidd olduğunu bəyan edirdilər. Rusiyanı bu oyunlardan çəkilməyə dəvət edirdilər, sanksiya ilə hədələyirdilər.

Bununla belə rəsmi Kreml atdığı addımlardan imtina etməyəcəyini bildirirdi. ABŞ-ın hərbi və diplomatik təzyiqlərinə qarşı mübarizə aparmağa hər an hazır olduğunu söyləyirdi. Rusiyalı prezidentin sərt reaksiyasından sonra ABŞ geri addım atmış kimi görünür. Belə ki, rəsmi Vaşinqton Ukraynaya hərbi yardım göstərməkdən imtina edib. Bu barədə "The Wall Street Journal”ı yazıb. Jurnalda qeyd olunur ki, Kiyev Amerikadan silah partiyası, sursat, rabitə vasitəsi, aviasiya yanacağı, gecə görmə qurğuları istəyib. ABŞ isə bu xahişə rədd cavabı verib.

"Xəzər” Araşdırmalar Mərkəzinin sədri, sabiq müşavir Vəfa Quluzdə "Şərq”ə açıqlamasında qeyd edib ki, Ukrayna Amerikadan hərbi yardım istəməyib. Onun sözlərinə görə, bu, rus kəşfiyyatının yaydığı məlumatdır: "Ukraynanın silahı yetərli səviyyədədir. Hətta rəsmi Kiyev Amerikaya da silah göndərə bilər. Məsələ ondadır ki, Yanukoviçin hakimiyyəti dönəmində Ukrayna ordusu arzuolunmaz durumla üzləşmişdi”.

Keçmiş müşavir bildirib ki, mübarizə hələ yeni başlayır: "Səbəb Rusiyanın Krımı işğal etməsidir. Amerika və başqa Qərb ölkələri işğal rəsmiləşən gündən Rusiyaya sanksiyalar tətbiq

edir. Putin və ətrafındakı şəxslərin xaricdə mülkləri, Qərb banklarında milyardlarla pulları var. Vəziyyət belə davam edəcəyi halda mülklərin hamısı batacaq. Avropa və Amerika hesabın hamısını donduracaq”.

Politoloqun qənaətincə, Rusiya xarici ölkələrdən asılıdır: "Rusiyanın yeyinti mallarının 70 faizi xaricdən gəlir. Digər tərəfdən, Rusiyanın rublu sovet rublu deyil. Sovet dönəmində birja yox idi. Birja çökə bilməzdi. Sovetlər Çexoslavakiyaya qoşun yeridəndə, biz onu hiss etmədik. Hazırda isə Rusiya birjasını uçurursa, müflis olacaq”.

V.Quluzadə bildirib ki, Amerikanın şimal qonşumuza nüvə zərbəsi endirib məhv etmək kimi məqsədi yoxdur: "Amma Putini cəzalandırmaq üçün Qərbin geniş imkanları mövcuddur. Hadisələr kəskinləşəndə, imkanlarının hamısını işə salacaqlar”.

Mərkəz sədri söyləyib ki, baş verən qarşıdurmada Rusiyanın qalib ayrılacağını heç bir ekspert düşünmür: "Qarşıdurma uzanacaq. Belə olan halda Putin iqtidarı çökəcək. Amerika necə məğlub ola bilər? Dünyanın neft və qazına nəzarət edən və bütün pul məcəllələrini təyin edən Amerikadır. Ona görə də mübarizədə Amerikanın uduzacağını düşünmürəm”.

"El” Hərəkatı sədrinin müavini, politoloq Zəfər Quliyev isə vurğulayıb ki, qələbə və məğlubiyyət barədə rəy bildirmək hələ ki tezdir. Onun sözlərinə görə, bu, uzunmüddətli prosesdir: "Referendumla iş bitmir. Krım referendumu ziddiyyətləri qabardacaq. Qərb və Rusiya arasındakı münasibətlər referendumdan sonra kəskinləşəcək. Ayrı-ayrı faktlardan ümumi nəticə çıxarmaq düzgün olmaz”.

Ekspert qeyd edib ki, rəsmi Moskva bir çox məsələlərdə qəflətən hərbi addım atır və onu siyasi addımlarla möhkəmləndirməyə çalışır: "Beləliklə də təşəbbüsü ələ almış kimi görünür. Lakin demoktarik dünya, beynəlxalq təşkilatlar və Vaşinqton operativlikdə uduzsalar da, onların siyasi, hərbi, iqtisadi və maliyyə resursları güclüdür. Təzyiqlərini yavaş-yavaş çatdıra bilirlər. Rusiyanı ekspansianist siyasətdən çəkinməyə məcbur edirlər”.

2008-ci il Gürcüstan hadisələrinə diqqət çəkən ekspert deyib ki, həmin münaqişədə Qərbin reaksiyası çox zəif oldu: "Ona görə də Moskvanın ərazi iştahası daha da gücləndi. Gürcüstan hadisələrində Moskvanın addımlarına sərt reaksiya verilsə idi, hazırda Ukraynaya qarşı avantürist siyasət həyata keçirməzdi. 2008-ci ildə Rusiyanı yerinə oturda bilmədiklərini Qərb siyasətçiləri də etiraf edirlər. Gürcüstan hadisələrində Moskvaya təzyiq olunmadı deyə, Moskva suveren Ukraynaya qarşı iddialarını çılpaqlığı ilə ortaya qoyub”.

Politoloq düşünür ki, Amerika Ukrayna hadisələrində 2008-ci ilin səhvlərini təkrarlamayacaq: "Rusiyaya qarşı geniş və uzunmüddətli sanksiyalarını gerçəkləşdirəcəklər. Ola bilər ki, təzyiqlərin nəticəsi özünü qısa müddət ərzində büruzə verməsin. Hələlik rəsmi Kreml bu sanksiyalara əhəmiyyət vermir. Bir sıra sanksiyalar referendumdan sonraya saxlanıb”.

Z.Quliyev qeyd edib ki, Vaşinqtonun Ukraynaya hərbi yardım göstərməsi, Qərb və Rusiya arasında hərbi münaqişənin alovlanmasına gətirib çıxara bilərdi: "Amma Amerika Ukraynaya maliyyə yardımı göstərməyə başlayıb. Rəsmi Moskvaya xəbərdarlıq olunub ki, dollar məkanından çıxarıla bilər. Bu da Rusiya üçün çox böyük zərbə olar. Avropanın Rusiyadan qaz asılılığını azaltmaq üçün Amerika Avropanı öz ehtiyatları hesabına qazla təmin etmək fikrindədir. Dünyanın enerji bazarında neftin, qazın qiymətinin salınması gündəmdədir ki, bu da idarə olunan prosesdir. Üstəgəl, Rusiyanın 8-likdən çıxarılması və orada nəzərdə tutulan futbol üzrə dünya çempionatının ləğvi gündəmdədir. Bunlar da Rusiyanın imicinə, nüfuzuna və apardığı siyasətinə zərbə vura biləcək amillərdir”.

Siyasi şərhçi onu da əlavə edib ki, Rusiyanın təcrid vəziyyətinə düşməsi də mümkün haldır: "Putin və komandası anlamağa başlayıb ki, Qərb dünyası ilə açıq qarşıdurmaya getmək onlara fayda verməyəcək. Eyni zamanda Putin Krım məsələsindən geri çəkilmək istəmir. Düşünürəm ki, Rusiya və Qərb arasındakı qarşıdurma uzunmüddətli olacaq. Ona görə də proqnoz verməyə tələsmək olmaz”.

Ayyət Əhməd