Metro və “Sovetski” problemi...

Fazil Mustafa: “Hökumət sahibkara da, evi sökülən vətəndaşa da diqqətlə yanaşmalıdır”


"Bu günün əsas mövzusu Bakı metropolitenindəki ticarət köşklərinin yığışdırılması və oradakı xırda sahibkarların incidilməsidir. Mən də qəbul edirəm ki, metroda ticarət olmamalıdır. Razıyam ki, metronun çıxışı girişi təmiz və sərbəst olsun. Amma bu məsələdə bir yanlışlıq var. Bəllidir ki, Azərbaycanda sahibkarlar adi bir nöqtəni belə, pulsuz əldə etmir. Həmin obyektlərin təmirinə də sahibkarlar kifayət qədər pul ödəyirlər.

Bu vəsaiti qeyri-rəsmi ödəyir və bir gün göz açıb görürlər ki, bura sökülməlidir və heç kimin əlində də sənəd yoxdur. Pərakəndə satış yerlərində, "Sədərək”, "Binə” kimi ticarət mərkəzlərində bu kimi problemlər ortaya çıxır”. Bu sözləri deputat Fazil Mustafa son günlər metro keçidlərindəki ticarət köşklərinin yığışdırılmasına münasibət bildirərkən deyib. Millət vəkili hesab edir ki, son vaxtlar Azərbaycanda kiçik və orta sahibkarlara qarşı göstərilən münasibətdə neqativliklər var. F.Mustafanın sözlərinə görə, hökumət sahibkarlara diqqətlə yanaşmalıdır: "Vətəndaş həyatını iqtisadi obyekt üzərində qurur. Bir andaca onu itirir və bütün həyatı dəyişir. Bu şəxslər hökumətdən necə razı qala bilər? Bununla bağlı ciddi proqram işlənib hazırlanmalıdır”. Deputat həmçinin "Sovetski”dəki söküntü qərarı ilə bağlı da müəyən tədbirlər görülməsini vacib sayır: "Vətəndaş uzun illər orada yaşayıb. Oralar çox pis vəziyyətdədir. Təbii ki, oralar sökülməli, park salınmalı və gözəlləşdirilməlidir. Bunu kim bəyənmir ki? Amma vətəndaşın da haqqı çatır ki, yaşadığı yerdə kiçik bir ərazini söküb orada ev tiksin. O, bu ərazidən köçmək istəmir. Onun babası orada yaşayıb, uşağı orada məktəbə gedib və orada işləyirlər. Niyə vətəndaşa bu qədər hörmətsiz yanaşılır? Dövlət onsuz da kvadratmetrinə görə ədalətli qiymət təklif edib. Amma elə məsələlər var ki, onlar pulla ölçülmür və həmin dəyərlər qiymətləndirilməyəndə, narazılıqlar baş verir. Olmaz ki, həmin ərazidə çoxmərtəbəli binalar da tikilsin!? Vaxtilə orada yaşamış vətəndaşlar həmin binalara yerləşdirilsin. Tutaq ki, adama ev də, kirayə pulu da verildi. Amma insanın daimi yeri olmayanda narahatlıq yaranır. Hesab edirəm ki, hökumətin bunu düzəltməsi lazımdır”.

Anar