Spikerlə deputat parlamentdə “duelə” çıxdı

Oqtay Əsədov: “Günah bizdədir ki, səni kimisinə şərait yaradırıq, çıxıb danışıb belə hörmətsizlik edirsən!”
İlyas İsmayılov: “Siz kimsiniz mənimlə belə danışırsınız?! Mən millətin vəkiliyəm və çıxışıma müdaxilə etməyə heç kimin ixtiyarı yoxdur!”


Ötən gün Milli Məclisin yaz sessiyasının növbəti toplantısı keçirilib. Yığıncaqda Nazirlər Kabinetinin 2013-cü il üzrə hesabatı dinlənilib. Öncə, spiker Oqtay Əsədov qeyd edib ki, parlamentə təqdim olunan hesabatda ölkə başçısının həyata keçirdiyi uğurlu siyasət geniş təhlil olunub, xarici təhdidlərə qarşı güclü müqavimət mexanizmi saxlanılıb.

Daha sonra baş nazir Artur Rəsizadə Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edib. İclasda hökumət üzvləri də iştirak ediblər. Baş nazirin hesabatından sonra millət vəkilləri sənədə öz münasibətlərini açıqlayıblar.

"Bu ilə siyasi-iqtisadi baxımdan yekun vurmaq istəsək, görərik ki...”

Hakim Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, deputat Mübariz Qurbanlı hökumətin hesabatı ilə bağlı danışarkən qeyd edib ki, ötən il Azərbaycan üçün uğurlu illərdən biri olub: "Bu ilə siyasi-iqtisadi baxımdan yekun vurmaq istəsək, görərik ki, göstəricilərimiz yüksəkdir. Dünya ölkələrinin iqtisadi inkişafında 2013-cü ildə ümumi daxili məhsul artımına

görə, Azərbaycan yenə də kifayət qədər önəmli yerlərdən birini tutur. Ötən il ayrı-ayrı bölgələrdə gedən iqtisadi böhran təbii ki, dünya iqtisadi sisteminə təsir göstərdi. Bütün bunlara baxmayaraq, Azərbaycan hökumətinin və rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın büdcəsində nəzərdə tutduğumuz heç bir sahə ilə bağlı geriləmə baş verməyib. Xüsusilə geniş quruculuq-abadlıq işləri aparılıb. Bütün bunlar əhalinin rifah halının yaxşılaşmasına səbəb olub. Siyasi baxımdan 2013-cü il uğurlu oldu. Prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev Azərbaycan əhalisinin böyük dəstəyini qazandı. Ona görə də 2013-cü illə əlaqədar hökumətin hesabatı yüksək səviyyədə hazırlanıb. Bütünlükdə ölkəmizin sosial-iqtisadi inkişafını özündə əks etdirir”.

"Kimdən soruşursan, deyir ki, ağır məsələdir. Hansı məsələmiz ağır deyil ki?”

Parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə görülən işlərlə yanaşı, çatışmazlıqları da diqqətə çatdırıb. Millət vəkili bildirib ki, sosial sahədə islahat aparmaq digər sahələrdə aparılan islahatlardan qat-qat çətindir: "Ölkədə təbii artım çoxdur, uşaq ölümünün sayı azalıb. Səhiyyəyə büdcədən ayrılan vəsait 2 milyon manat idisə, indi bu rəqəm dəfələrlə çoxalıb. Buna baxmayaraq, bir məsələyə diqqət yetirmək istəyirəm. Hökumətin bu sahədə işi canlanmalıdır. Mən sevinirəm ki, bu sahəyə keçmiş deputat həmkarımız Əli Əhmədov rəhbərlik edir. Tibbi sığorta ilə bağlı qanun 1999-cu ildə qəbul olunub. Amma başıbəlalı qanun hələ də icra olunmur. 2007-ci il dekabrın 20-də möhtərəm prezidentimiz sərəncam imzalayıb. Bu sərəncamla bağlı xüsusi agentlik yaranmalı idi. Amma hələ də heç bir iş görülməyib. Nə agentlik yaranıb, nə də hökumətə əsasnamə verilib. Əgər bu qanun qəbul olunubsa, deməli, icra olunmalıdır. Kimdən soruşursan, deyir ki, ağır məsələdir. Hansı məsələmiz ağır deyil ki? Məgər yol çəkmək ağır deyil? Körpü salmaq ağır deyil? Başqa görülən işlər ağır deyil? Ölkə başçısı bir neçə ildir ki, büdcədən tibbi sığortanın tətbiqinə vəsait ayırır. Amma bu bəhrəsini vermir. Hesab edirəm ki, hökumət tibbi sığortanın tətbiqinə nail olmalıdır”.

"Qarabağı Müdafiə Nazirliyindən öncə Təhsil Nazirliyi azad edəcək”

Millət vəkili Zahid Oruc baş nazirin işini yüksək qiymətləndirərək deyib ki, onun qapısı həmişə deputatların üzünə açıq olub: "Amma bəzi məmurlar var ki, ancaq tərif eşitmək istəyirlər. Məncə, məmurlar təriflərə aludə olmasınlar. Təriflərə həddən artıq aludə olanlar unutmasınlar ki, cənab prezident 2013-cü ildə komandasını əsaslı şəkildə dəyişib”. Z.Oruc metro ticarəti ilə bağlı yaranan qalmaqaldan da danışıb: "Sahibkarların üzləşdiyi bu problemlər, onların işlədiyi durum prezidentə olduğu kimi çatdırılsa, bu belə olmaz. Kəbirə Məmmədovanın başçılıq etdiyi "Binə”, eləcə də "Sədərək” ticarət mərkəzləri, digər ticarət obyektlərində çalışan sahibkarların sənədsiz yerlərdə işləməsi və s. problemlər həll olunmalıdır”.

Deputat həmçinin keçmiş metropoliten rəisi Tağı Əhmədovdan danışıb. O bildirib ki, T.Əhmədovun rəhbərlik etdiyi qurum metro vaqonlarının fəaliyyətinə nəzarət etməli idi: "Buradakı ticarət fəaliyyətinə niyə nəzarət etməlidir ki, ondan sonra gələn də bu məsələ ilə məşğul olsun?”. Z.Oruc təhsil sahəsində ciddi tədbirlərin həyata keçirilməsinə çağırıb. Millət vəkili vurğulayıb ki, hər il ali məktəblərə keçid balı aşağı salınır və bu problem öz həllini tapmalıdır. Millət vəkili Təhsil naziri Mikayıl Cabbarovun nazir təyin olunandan təhsildə canlanma müşahidə olunduğunu da vurğulayıb: "Amma hələ də kişi müəllimlər məktəblərdə çox azdır. Məktəblərdə elə vəziyyət yaratmaq lazımdır ki, kişi müəllimlər ora üz tutsunlar. Universitetlərdə isə ödəniş haqqı çox yüksəkdir. Hər il qəbul zamanı ballar yenə də aşağı salınır. Qarabağı Müdafiə Nazirliyindən öncə Təhsil Nazirliyi azad edəcək. Bunu anlamaq o qədərmi çətindir ki?”. Deputat banklarda yüksək kredit faizlərindən də şikayətlənib: "Mərkəzi Bankdan deyirlər ki, banklar 15 faiz qazanc əldə edirlər. Amma kreditlərin faizinə baxaq, başqa mənzərə görəcəyik. Hesab edirəm ki, buna da nəzarət olunmalıdır”.

"İşsizlikdir. Kənd yerlərində işsizlik hökm sürür”

Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, dünya iqtisadiyyatına inteqrasiya edən bir dövlət kimi ölkənin əsas ixrac potensialı olan neft hasilatının aşağı düşməsini nəzərə almaq gərəkdir. O qeyd edib ki, iqtisadiyyatda əsasən neqativ halların aradan qaldırılmasına, əhalinin nizam-intizamının möhkəmlənməsi üçün ciddi addımlar ataraq struktur islahatlarının aparılmasına nail olmaq lazımdır: "2013-cü il Prezident tərəfindən "Sənaye ili” elan edilib. Bununla bərabər tədbirlər planı təsdiqlənib. Qeyri-neft sektorunun əsas qolu olan sənayenin inkişafında müəyyən işlər görülüb. Sumqayıtda, Bakıda texnoparklar yaradılıb. Ötən il qeyri-neft sektorunun inkişafında 10 faiz artım müşahidə olunub. Amma bu gün üçün Azərbaycanda ən ciddi problem işsizlikdir. Regionlarda bir sıra infrastruktur layihələri böyük məbləğlər qoyulmaqla icra olunub. Əhalini işlə təmin edə bilməmişik. Xüsusilə Quba-Xaçmaz iqtisadi zonasında bu məsələ çox ciddi problem olaraq qalır. Düzdür, bir sıra emal müəssisələri var. Amma onların heç biri işləmir. Təəssüf ki, yeni müəssisələr yaradılmır. Kənd yerlərində insanlar işsiz vəziyyətdədir. Azərbaycan hökuməti regionlarda, xüsusilə kənd yerlərində iş yerlərinin açılmasına daha çox diqqət yetirməlidir. Azərbaycan müharibə şəraitində olan ölkə olduğu üçün, ərzaq təhlükəsizliyinin təmin edilməsi əsas məsələdir. Ölkə başçısının bu məsələyə diqqət yetirməsi göz qarşısındadır. Bununla əlaqədar müxtəlif proqramlar həyata keçirilib. Amma əsas məsələ ölkənin ərzaq buğdası ehtiyatlarının təmin olunmasıdır. Bu gün özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik. Hətta idxalı ildən-ilə artırırıq. Bunlara diqqət yetirmək vacibdir”.

"Nə üçün "Azəriqaz” verdiyi sözə əməl etmir?”

"Azərbaycanda iqtisadi artım hər il ən azı 8 faiz olmalıdır. Buna nail olmaq üçün ən yaxşı yollardan biri regionların potensialını hərəkətə gətirməkdir”. Bu sözləri isə deputat Əli Məsimli deyib. Millət vəkili qeyd edib ki, ölkə üzrə ümumi inkişaf müsbət olsa da, regionlar haqqında bunu demək çətindir: "Mən Şəkinin timsalında deyə bilərəm ki, ümumi daxili məhsulun adambaşına düşən həddi 1900 manatdan aşağı olub ki, bu da çox aşağı göstəricidir. Ölkədə yüngül sənaye və yeyinti sənayesi inkişaf etdirilməlidir. Bunun üçün regionlarda kifayət qədər potensial var”. Hökumətin ümumi fəaliyyətini müsbət qiymətləndirdiyini deyən Məsimli ayrı-ayrı qurumların fəaliyyətini tənqid edib: "Yenə Şəkinin timsalında deyəcəm. Şəkidə yollar asfaltlaşdırılır, məktəblər tikilir. Ötən il rayonda 7 məktəb təmir edilib və tikilib. 4 bağça təmir edilib. Elə göstəricilər var ki, Bakıdan da yüksəkdir. Amma bəzi sahələrdə fəaliyyət qeyri-məqbuldur. Mən Şəki kəndlərinin qazlaşdırılması məsələsini qaldırmışdım. "Azəriqaz” söz verdi ki, Şəkinin 50 kəndi qazlaşdırılacaq. Amma bunun cəmi 6 faizi yerinə yetirilib. Bu gün Şəkinin qazlaşdırılması Azərbaycanın qazlaşdırılmasından 3 dəfə aşağıdır. Nə üçün "Azəriqaz” verdiyi sözə əməl etmir? Mən bilmək istəyirəm ki, vəsait ayrılıb, yerinə yetirilməyib, yoxsa vəsait ümumiyyətlə ayrılmayıb?”. Ə.Məsimli əlavə edib ki, ölkədə 2 milyona yaxın insan mənzil problemindən əziyyət çəkir: "Bu problemi həll etmək üçün ipoteka vermək azdır. Əvvəl də demişəm, yenə də bildirirəm ki, xüsusi xalq evləri tikilməlidir”.

Spiker deputata "Bir özünə hörmət qoy” - dedi

"Ədalət” Partiyasının sədri, millət vəkili İlyas İsmayılov bitkiçilik məhsullarının istehsalında yenə də müəyyən problemlərin qaldığını deyib. O bildirib ki, hökumətin 2013-cü ildəki fəaliyyəti haqqında müzakirəyə çıxarılan hesabat ötən ildə ölkənin sosial-iqtisadi imkanlarının xeyli genişlənməsi, əhalinin maddi vəziyyətinin yaxşılaşmasını əks etdirir: "Ötən il hesabatın müzakirəsi zamanı bildirmişdim ki, kənd təsərrüfatına həsr olunan hissədə bir dənə də olsun

rəqəm göstərilməyib. Builki hesabatda bu sahəyə 10 səhifə həsr olunub, cədvəllər yer alıb. Ötən ilə nisbətən bu il pambıq istehsalı 20 faiz azalıb. Hökumətin hesabatında bu azalmanın səbəblərini göstərəcək heç bir məlumat yoxdur. Halbuki hesabatda bu cür məsələlər qeyd olunmalıdır”. Millət vəkili hesabatın bəzi nöqsanları ilə bağlı fikirlərini bitirəndən sonra spiker O.Əsədov həmkarına irad tutub. O, İ.İsmayılova sualla müraciət edərək - "hesabatda bir dənə də olsun müsbət bir hal tapmayıb?” - söyləyib: "İlyas müəllim, belə çıxır ki, qalın bir kitabdan ibarət olan hökumətin illik fəaliyyətində müsbət heç nə görmədiniz. Ancaq səhv tutdunuz”.  Bu zaman İ. İsmayılov yerdən spikerin sözünü kəsərək ona replika atıb: "Bu, mənim öz fikrimdi, mənim çıxışıma irad tuta bilməzsiniz. Öz işinizi görün!”. Deputatın sərt replikası spikeri əsəbiləşdirib: "İrad da tutaram, hələ o yana da keçərəm! Bu nə danışıqdır? Günah bizdədir ki, səni kimisinə şərait yaradırıq, çıxıb danışıb belə hörmətsizlik edirsən!” Bundan sonra İ. İsmayılov yerdən ayağa qalxaraq səsini qaldırıb: "Siz kimsiniz mənimlə belə danışırsınız?! Mən millətin vəkiliyəm və çıxışıma müdaxilə etməyə heç kimin ixtiyarı yoxdur!”. Spiker onun sözünü kəsərək daha sərt cavab verib: "Bir özünə hörmət qoy. Adama hörmət göstərəndə həddini aşmaz! Heç olmasa özünə hörmət qoy!”. Daha sonra spiker ona imkan verməyərək növbəti deputata söz verib.

"İctimai TV-ni AzTV-yə çevirməyə nə ehtiyac var?”

"Hər zaman təklif edirəm ki, regionları inkişaf etdirmək üçün sənaye parkları yalnız Bakıda yox, eləcə də regionlarda açılmalıdır. Regionlarda yaradılan sənaye obyektləri müəyyən müddətə vergilərdən azad olunsun ki, insanlar məhz regionlara investisiya yatırmaq üçün maraqlı olsunlar”. Bunu isə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev söyləyib. Deputat qeyd edib ki, qeyri-neft sektorunun inkişafı üçün hökumət çox ciddi iddialı layihələr həyata keçirməlidir: "Bu məqsədlə təklif etmişdim ki, Naxçıvanı minik avtomobilləri istehsal edən mərkəzə çevirə bilərik. Bu gün Çindən gətirilən hissələr hesabına Naxçıvanda avtomobillər yığılır. Biz buna nail ola bilərik ki, avtomobillərin ehtiyat hissələri Naxçıvanın müxtəlif rayonlarında istehsal olunsun. Eyni zamanda Gəncə də kənd təsərrüfatı və yük avtomobillərinin istehsalı üçün böyük mərkəzə çevrilə bilər. Bu istiqamətdə böyük vəsaitlərin olmasına ehtiyac var”. Millət vəkili həmçinin İctimai TV-nin son dövrdəki fəaliyyətinə ciddi irad tutub. O, ölkədə dini maarifləndirmə məsələsinə toxunaraq İctimai TV-dən narazılığını bildirib: "Son vaxtlar İctimai TV AzTV-yə çevrilib. Əvvəllər yenə yaxşı idi. Maraqlı maarifləndirici verilişlər olurdu. Amma son vaxtlar İctimai TV-ni AzTV-nin bir hissəsinə çeviriblər. İctimai TV-ni AzTV-yə çevirməyə nə ehtiyac var?!”.

Deputatların müzakirələrindən sonra Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatı qəbul olunub.

Anar Bayramoğlu