Bağlandı, daha utanmayacağıq

ÜMİD VAR ki, ADAM İÇİNDƏ insanların DÜZ ÜZÜNƏ baxacağıq



Nəhayət, ATV telekanalı "Ümid var”ı bağladı. Telekanalın Bədii Şurasının qərarı ilə martın 15-dən etibarən veriliş efirə getməyəcək. Şükürlər olsun, "Ümid var”la sağollaşdıq. Deməli, ictimiayyətdən sərt təpki olanda geriçəkilmələr də mümkündü. Düzdü, həm Bədii Şuranın qərarında, həm də layihə rəhbərinin verilişin bağlanması ilə bağlı verdiyi açıqlamada daha çox

"qazanılan uğurlardan” danışılır, son olayın baş verməsinin günahı isə digər telekanallara "yüklənir” və "milli-mənəvi dəyərlərin qorunmasında ortaya çıxan nöqsan” kimi qeyd edilir.

Olsun. "Ümid var”ın reytinqini, qazancını (bütün mənalarda) ölçüb-biçmək fikrimiz yoxdur. Buna ehtiyac da duymuruq. Əsas nəticədir. Və nəticə də bundan ibarətdir ki, efirdən bayağı tok-şounun biri azaldı. "Ümid var”ın getmək əli digər səviyyəsiz verilişlərin başına.

Verilişin qapanması xəbəri dünən gündəmi zəbt etdi və bundan məmnun qalanların say çoxluğu əslində, bu tip verilişlərin əlindən həzər edənlərin sayının nə qədər çox olduğunu göstərdi. "Elgizin də verilişi bağlansın, o da bunun tayıdır, "Üz-üzə” də bağlanmalıdır. "Etiraf”da. Yığıblar camaatı boğaza. Nə gəldi, göstərirlər, min cür oyun çıxarırlar...” kimi reaksiyalar eşidildi.

Heç biri təzə söhbət deyil. İnsanların şəxsi faciələri, ailə problemləri üzərində reytinq "qıran” bu tip verilişlərlə bağlı dəfələrlə etirazlar səslənib, belə verilişlərin cəmiyyət üçün ziyanlı tərəfləri vurğulanıb. Amma "Ümid var”dakı biabırçılıq deyəsən, dəryada son damla oldu və artıq Milli Teleradio Şurası da qətiyyətli görünür.

MTRŞ: "Bu tip verilişlərin dayandırılmasına nail olacağıq”

ATV telekanalının Bədii Şurası "Ümid var”ın bağlanması qərarını verdikdən sonra maraqlı açıqlamalar oldu. Məsələn, AzNews.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ATV telekanalının "Ümid var” verilişinin martın 15-dən fəaliyyətini dayandırması ilə bağlı verilən qərara münasibət bildirərkən "İnsanları və ictimaiyyəti narahat edən bütün televiziya verilişləri bağlanacaq” deyib. N.Məhərrəmli bildirib ki, bu cür verilişlər MTRŞ tərəfindən qəbuledilməzdir: "Sosial problemi olan ailələr üzərində bu cür addımların atılması ən azı mədəniyyətsizlikdir. Bu cür verilişlər bütün ictimaiyyəti narahat edir. Ona görə də, bütün telekanallarda bu tipli verilişlərin dayandırılmasına nail olacağıq”. ATV-nin Bədii Şurasının "Ümid var” verilişinin bağlanması ilə bağlı qərarını müsbət qiymətləndirən N.Məhərrəmli qeyd edib ki, bu düzgün atılan addımdır: "Teleradio Şurası televiziyalarda da bu səpkili verilişlərin bağlanması üçün lazımi işlər görəcək. Çalışacağıq ki, insanları, ictimaiyyəti narahat edən bu cür verilişlər efirə çıxmasın”.

"Televiziya verilişləri cəmiyyətin duyğularını, istəklərini doğrudan-doğruya əks etdirməlidir. Amma təəssüf ki, bizdə bu tendensiya müşahidə olunmur”.

Bu sözləri isə media eksperti Zeynal Məmmədli MTRŞ sədrinin açıqlamasına münasibət bildirərkən deyib.

Zeynal Məmmədlinin sözlərinə görə, nəinki "Ümid var” formatlı verilişlər, həmçinin televiziya məkanında bir çox verilişlər bağlanmalıdır:

- Yəni təkcə bu tipli zahiri mentalitetdə ədəbsiz görünən verilişlər yox, ancaq bir fikir olan, plüralizm olmayan bütün verilişlər ədəbsiz görünsün və MTRŞ tərəfindən ictimaiyyəti narahat edən veriliş kimi onları qiymətləndirsin.

Ekspert televiziya məkanında yaranan problemləri SSRİ müstəmləkəçiliyinin təzahürü hesab edir: "Biz totalitar SSRİ-dən çıxmışıq. Orda bir lider, bir fikir var idi və partiya sənin əvəzindən düşünürdü. Sənin işin isə partiyanın dediklərinə əməl etmək idi. Biz də elə cəmiyyətdən çıxmışıq. Azərbaycanın tarixi keçmişində də çox təəssüf ki, məhz totalitar formasiyalar üstün olub. Bir tərəfdən də Azərbaycan cəmiyyəti öz təbii intibahına yetişməyib.

"Zaur Baxşəliyev Ağcabədi camaatından üzr istəyəcək”

Ağcabədinin deputatı, yazıçı Aqil Abbas isə hesab edir ki, aparıcı Z.Baxşəliyev məlum məsələyə görə, Ağcabədi camaatından üzr istəməlidir:

- Mənim ATV kanalına böyük hörmətim var. "Ümid var” verilişində baş verən son olay tərbiyəsizlik və mənəviyyatsızlıqdır. Xüsusi ilə o videonu gətirən adamın əxlaq problemi olduğu şəksizdir. Fərqi yoxdur, çobandı, ya alim. ATV kanalının rəsmisi ilə söhbətimiz oldu. O bildirdi ki, həmin verilişi bağlayacağıq. Üstəlik də Zaur Baxşəliyev də xalqın qarşısında etdiyi hərəkətə görə üzr istəyəcək. Onun hərəkəti təkcə Ağcabədi deyil, bütün Azərbaycana ləkədir. A.Abbas onu da vurğulayıb ki, baş verən hadisə ilə bağlı hələlik cinayət işi açılmayıb: "Qadın məhkəməyə müraciət eləsə, cinayət işi açıla bilər. Amma bu günə kimi hələ məhkəməyə müraciət olunmayıb. Belə videolar dünyanın bütün ölkələrində yayımlanır. Amma bu Azərbaycan mentalitetinə və əxlaqına ziddir. Özəl həyata girmək olmaz. Bizim televiziyaya yaraşmır. Zaur istedadlı oğlandır. İnsandır da, səhv edib. Bir səhvə görə, insanı güllələmək də olmaz. Cəza verilə bilər, məsələn, işdən kənarlaşdırıla, töhmət verilə bilər və s”. Millət vəkili onu da bildirib ki, Ağcabədi rayonuna səfər edəcək və həmin video ilə bağlılığı olan şəxslərlə görüşəcək.

Məlahət Rzayeva