İndi həyacan olmazdı...

İşləri vaxtında görmək lazım idi...



Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin şimal-qərb bölgəsinə səfər edib. Qafqazın şeyxi Şəkidə dini icmaların nümayəndələrinin iştirakı ilə müşavirə keçirib. Ölkədə məzhəbçiliyə, təfriqəçiliyə meyllərin olduğunu bildirən şeyxülislam bu kimi hallara qarşı mübarizənin gücləndirilməsinin zəruriliyini bildirib:

"Adını vəhhabi, sələfi, şiə və ya başqa bir şey qoysun, fərqi yoxdur. Bir adam ki, camaat, xalq içində ayrı-seçkilik, dində iğtişaş salırsa, biz onun əleyhinə çıxış etməli və ona imkan verməməliyik”. Allahşükür Paşazadə din-dövlət münasibətlərindən də danışıb, dindən şəxsi məqsədlər üçün istifadənin yolverilməz olduğunu qeyd edib. Şeyx bölgədə dini təriqətlərin aktivliyini nəzərə alaraq, din xadimlərini ehtiyatlı olmağa çağırıb: "O insanlar ki, yollarını azıblar, bəlkə də, kimsə onları Allah üçün deyil, din üçün deyil, siyasət üçün yolundan azdırmaq istəyirsə, həmin şəxslərə tövsiyəm odur ki, səhvlərini başa düşsünlər, tezliklə qayıtsınlar”.

İlahiyyatçı alim Elşad Miri isə deyib ki, bölgələrdə, ümumilikdə Azərbaycanda dini istiqamətdə maarifləndirmə işləri vaxtında aparılsa idi, bu gün QMİ sədrinin bu cür həyəcan təbili çalmasına da ehtiyac qalmazdı: "Yenə də gec deyil. Düzgün maarifləndirmə ilə dini təriqətlərin Azərbaycanda geniş yayılmasının, insanların onlara aludə olmasının qarşısını almaq olar. Bu maarifləndirmə də hərtərəfli təşkil olunmalı və yavaş-yavaş tətbiq olunmalıdır. Əgər bu gün Azərbaycanda dini sferada problemlər varsa, deməli, Qafqaz Müsəlmanları İdarəsi öz vəzifələrinin öhdəsindən gələ bilmir. Deməli, bütün bu problemlərin məsuliyyəti birmənalı olaraq, 30 ildən çoxdur ki, şeyxülislamlıq kürsüsündə oturan adamın üzərinə düşür. Hələ dini təriqətlərlə bağlı problem Azərbaycanda bu həddə çatmazdan əvvəl QMİ-də struktur dəyişiklikləri aparılmalı və mexanizm dəyişiklikləri getməli idi. Müşavirə keçirib, din xadimlərinə xəbərdarlıq etməklə iş bitmir. Problem var və bunun aradan qaldırılması istiqamətində real addımlar atılmalıdır. Aidiyyəti qurumun öhdəliyi beynəlxalq konfranslarda iştirak etmək deyil. Bu gün Azərbaycanda dini təriqətlər ölkədə aktivləşibsə, bu QMİ-nin ölkədə mövcud olan situasiyanı düzgün dəyərləndirə, eyni zamanda ona uyğun layihə həyata keçirə bilməməsi nəticəsində gəlinən nöqtədir. Bütün bunlar bir daha sübut edir ki. Həqiqətən bu sahədə böyük boşluq var və həmin boşluğu doldurmaq istəyənlər də həmin o insanların vasitəsilə öz missiyalarını həyata keçirirlər. Bunun qarşısını almaq istiqamətində də öz missiyasını həyata keçirə bilməyən qurumlar arasında isə QMİ aparıcıdır. Daha sonra isə bürokratik əngəllər yaradan dövlət orqanlarında çalışan bəzi şəxslərin günahlarını etiraf eləmək lazımdır”.

Mövcud problemi aradan qaldırmaq üçün atılması zəruri olan alternativ addımlara gəldikdə isə ilahiyyatçı ekspert deyib ki, bunun üçün bütün qurumlar, mənsəblər, sektalar tərəfindən qəbul

edilə biləcək vahid proqram hazırlanmalıdır. Dini sfera ilə bağlı hazırlanacaq bu proqram da müəyyən illər ərzində mərhələ-mərhələ həyata keçirilməlidir. Bu proqramın hazırlanması problemin aradan qaldırılması üçün gələcəyə hesablanmış düzgün bir addım olar. Biz insanları dinin vahidliyinə inandırmalıyıq: "Yaxud da dediyim kimi. Qafqaz Müsəlmanları İdarəsinin tərkibində struktur dəyişikliyi aparılmalıdır. QMİ-ni insanların güman yerinə, onları narahat edən suallara cavab ala biləcəkləri bir idarəyə çevirmək lazımdır. Mövcud problemin aradan qaldırılması istiqamətində aidiyyəti qurum olduğu halda Qafqaz Müsəlmanları İdarəsinin Şeyxülislamı da öz narahatlığını ifadə edir. Ölkədə məzhəbçiliyə, təfriqəçiliyə meyllərin olduğunu bildirən şeyxülislam bu kimi hallara qarşı mübarizənin gücləndirilməsinin zəruriliyini bildirir. Mənə elə gəlir ki, bu problemə düzgün yanaşma tərzi deyil. Problemlə mübarizə aparmaq yox, onu həll etmək üçün maarifləndirmə aparmaq lazımdır. Dinlə savaşmaq deyil, dini insanlara sevdirmək gərəkdir. Peyğəmbərimizin də dediyi kimi çətinlişdirmək yox, asanlaşdırmaq lazımdır. İnsanlara nifrət yox, məhəbbət, birlik duyğuları aşılanmalıdır. Mübarizə aparmaqla biz mövcud durumu daha da qəlizləşdirir, bəzi qrup insanların daha da radikallaşmasına, onların dövlətdən küsməsinə zəmin yaradırıq”.

Şəymən