Saakaşvili Gürcüstan Baş Prokurorluğuna çağrılıb

Keçmiş prezident bir necə iş üzrə dindiriləcək



 Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili dindirilmək məqsədi ilə ölkənin Baş Prokurorluğuna çağrılıb. O bir necə iş üzrə dindiriləcək. Bu barədə məlumat bu gün keçirilən fövqəladə brifinqdə verilib.
"Bəzi işlər üzrə təhqiqat son fazasındadır və prokurorluq bu işlər üzrə şahid qismində Mixail Saakaşvilini dirdirməlidir", deyə prokurorluq nümayəndəsi bildirib.
Prokurorluq Gürcüstanın ötən il seçilən prezidentinin andiçməsindən sonra ölkəni tərk edən M.Saakaşvilini dindirmə üçün martın 27-də saat 13:00-da gözlədiyini elan edib.
Keçmiş prezidentə eks baş nazir Zurab Jvaniyanın 2005-ci ildə ölümü, eləcədə
2006-ci ildə qətlə yetirilən bank əməkdaşı Sandro Qiqrvlianinin qətli ilə bağlı saxlanılan şəxslərin əhvi barədə suallar veriləcək.
Hələlik keçmiş prezident prokurorluğun çağırışı barədə hər hansı şərh verməyib.