"Belə ictimai qiraətxanalar azdır. Olanların kitabla təminatı zəifdir. Məsələn, hansısa yaxşı bir kitabı orada oxumaq istəsək, tapa bilmərik. Çox kitablar hətta M.F. Axundov adına Milli Kitabxanada belə yoxdur"
"Ölkəmizdə qiraətxanalar çox azdır”.
Bunu "Sherg.az”a Azərbaycanda kitabxanaların vəziyyəti ilə bağlı danışarkən yazar Qan Turalı deyib.
Sovet vaxtındakı vəziyyəti xatırladan yazar bildirib ki, həmin dövrdə olan orta məktəblərin hamısının kitabxanası var idi:

"Hətta XIX əsrin sonralarında yazıçı, publisist, ictimai-siyasi xadim Nəriman Nərimanov Bakıda müsəlman kütlələri üçün ilk xalq qiraətxana-kitabxanasını təşkil edib. Oxucuların əksəriyyəti tələbələrdir, çoxlu kitab almağa maddi imkanları çatmır. Onlar üçün xüsusi qiraətxanalar olmalıdır ki, kitab oxumaq asanlaşsın. Yenə xaricdən misal gətirməli olacağam. Məsələn Amerikada bir şəhərdə yüzlərlə qiraətxana var. Çox minimal məbləğdə üzvlük haqqı ödəməklə oturub kitab oxumaq olur.
Təəssüf ki, Bakıda belə ictimai qiraətxanalar azdır. Olanların belə kitabla təminatı zəifdir. Məsələn, hansısa yaxşı bir kitabı orada oxumaq istəsək, tapa bilmərik.
Çox kitablar hətta M.F.Axundov adına Milli Kitabxanada belə yoxdur. Sərbəst şəkildə, kafelərdə, çay məkanlarında, restoranlarda da kitab guşələri yaradıla bilər. Lakin dövlət özü ictimai qiraətxanaları yaratmalıdır.
İnsanlar həmin qiraətxanalarda oturmalı, istədikləri kitabı alıb, oxuyub, qaytarmalıdırlar. Maksimum dərəcədə şərait yaratmaq lazımdır ki, insanların kitaba çıxışı, onu əldə etməyi rahat olsun”.
Aysel Aslan